Архив | Август 2025

ANARIN YUXUSUNA ƏZRAİLİN GƏLMƏKLİYİ

Dostu Elçinin dəfnindən ölümcül yorğun gələn Anar evə gələn kimi yatağına girir və yuxuya gedən kimi Əzraili divanın yanındakı kresloda oturub gözlərini ona dikdiyini görür. Əzraillə tanışlığı olmasa da, Anar onu görən kimi tanıyır: ölüm mələyi bir suyundan mərhum atası Rəsul Rzaya, bir suyundan mərhum Süleyman Rüstəmə oxşayırdı. Xüsusən burnunun yekəliyindən. Anar Əzraili görəndə ölməkdən çox, yerini islatmaqdan qorxdu. Qorxdu ki, ev adamları yenə divanı islatdığına görə onu danlayacalar. Ona görə qıçlarını bir-birinə keçirib bərk sıxdı  ki, qəza baş verməsin. Birdən Əzrail mərhum İsmayıl Osmanlının səsiylə danışdı.

— Hazırsan?

Anar özünü bilməzliyə qoydu.

-Hara hazıram?

Necə hara? Ölümün çatıb, gedirsən. Gec-tez hamının vaxtı çatır.

Məsələ burasındadır ki, cənab Əzrail, iki ildən sonra mənim doxsan illiyim olacaq. Mən bu ölkənin ən böyük yazıçısıyam, fəxriyəm, milli sərvətiyəm. Böyük təntənə olacaq. Türkün məsəli, vur-çatlasın… Öz iştirakım yaxşı olardı.

— Yox, indi ölsən, lap gözəl təntənə olar. Ölməsən, doxsan illiyində ölkənin doxsan faizi səni söyəcək… Ölsən, bəd əməllərinin bir hissəsini unudarlar.

— Sizə etiraz eləməyə cəsarətim çatmır, cənab Cəbrail. Ancaq bu ölkədə o qədər ölmək istəyən adam var ki. Bəlkə məndən qabaq onları aparasınız? Bilirsiniz bizim ölkədə nə qədər adam özünü öldürür?

— Hardan bilək? Ölkənizin düz-əməlli statistikası var ki? Ölkənizdə düz-əməlli nə var? Ölkəni yaman günə qoymusunuz.

— Mən eləməmişəm. Elçin baş nazirin müavini olub iyirmi il. Ondan soruşun.

— Soruşarıq. Yeri gəlmişkən, Elçin orda qırğın qayırır. Səni istəyir, deyir dostumu gətirin, deyir Anarsız qala bilmirəm.

— Elçin mənim dostum-zadım deyil. Mənim dostum yoxdur.

— Elçin ayrı cür deyir. Orda hamı düzünü deyir.

— Harda orda? Cənnətdə ya cəhənnəmdə?

— Elçin hələ etap gedir…

— Sizdə də etap var?

— Qabaq yox idi, indi var. Biz də sizdən öyrənirik. Azərbaycanın təcrübəsindən çox istifadə eləyirik. Tərtərdən sonra cəhənnəmdə əsl inqilabi dəyişikliklər oldu…

— Tərtərdən mənim xəbərim yoxdur, bilmirəm əsgərlərə neyləyiblər…

— Bizdə hamısını görəcəksən, biləcəksən. Dur görək!

Anar durmaq üçün dolaşmış qıçlarını aralamaq istəyəndə ayıldı. Əzrailin gəlişinin  yuxu olduğuna o qədər sevindi ki, divanı islatdığını da vecinə almadı…

 

Mirzə ƏLİL

06. 08. 2025, Samara

QARĞIDALI ƏTRİ

Qocalıqda dəyişən və dəyişməyən nədir?

Ağarsa da – saç qalır, çoxu dişlərinin də.

Nəbz, təzyiq norrmada ya normaya yaxındır,

Yatağa yıxa bilən bir azar da yoxundur.

Yeməyə iştahın var, dad bilir ağzın hələ,
Cavanlıqdan fərqlidir halın bununla belə.

Bax, yenə bulvardayam, sürətim də həminki.

Cavansa da, arxada qalır məndən öndəki.

Baxmıram qabaqkı tək həndəvərimə ancaq,

Ayın çayda əksinə məndə daha yox maraq.

Baxmıram adamlara – qadın olsun ya kişi,

Mənsiz keçir kütlənin çayqırağı yürüşü.

Cavanlıqda duyduğum qadın ətri yox daha,

Dezodorant qoxusu qatılaşır havada…

Nə geyim gözümdədir, nə çılpaq “ərazilər”,

Əlbəttə, nə də məndə bir insanın gözü var…

Gedirəm tələsən tək, qulluğa gedən sayaq,

Məsafəni bitirib, tez də geri qayıtmaq!

Birdən yavaşıyıram… Belə olur hər dəfə.
Qarğıdalı qaynadıb satırlar həndəvərdə.

Buğ vurur qapaq altdan… mən bu xəstəyə məlhəm,
Qarğıdalı ətrini ciyərimə çəkirəm.

Həyətdə, ocaq üstdə anam da qaynadardı,

Yayda nəyi olmasa, qarğıdalısı vardı.

Pay gəlirdi qonşudan özünkü olmayanda,

Hanı o günlər indi, hanı o yaylar indi…

Qarğıdalının ətri anamı salır yada,
Ana yoxsa – yetimik həyatın hər anında…

 

01. 07. 2025, Samara

ARİF BABAYEV NİYƏ QARABAĞDA BASDIRILMIR?

Xanəndə Arif Babayev ölüb.

Xəbər verirlər ki, mərhum 1-ci Fəxri Xiyabanda basdırılacaq.

Mənə qəribə gəlir: niyə Arif Babayevi özə vətənində, Qarabağda, doğulduğu kənddə basdırmırlar?

Niyə Arif Babayev vəsiyyət eləməyib ki, onu hökmən öz yurduna aparsınlar?

Məgər bu adam sağlığında “ölməyim, Qarabağı görüm”, “ölümüm Qarabağda olsun” deyənlərdən deyildi?

Vallah, “Qarabağdan ötrü ölürəm” deyən qarabağlıların çoxu İkinci müharibədə özünü verdi daldaya, Qarabağdan ötrü leriklilər, masallılılar, salyanlılar, şamaxılılar öldülər.

Arif Babayevin ailəsindən vuruşub ölən var?

Bir naxçıvanlı naqqal şair var idi, Məmməd Araz, deyirdi vətənin qayasında mamır olmaq istəyirəm. Ancaq Fəxri Xiyabanda basdırılmaqdan ötrü … ölürdü.

Heç bir qayada mamır olub bitmədi, kürəkənini …ox parçası kimi Milli Məclisə yapışdırıb getdi…

Arif Babayev, əlbəttə, yaxşı xanəndə idi. Hərçənd onun harası professor idi? Toyxanalardan çıxmayan xanəndənin harası, nəyi professordur?

Xanəndəliyinə söz yox idi. “Can Qarabağ, tar-kaman Qarabağ…”

Görkəmli adamları — əlbəttə öz vəsiyyətləti ilə — öz yurdlarında basdırmaq düzgün olmazmı? Yurdlarında da, necə deyərlər, yeni bir mədəniyyə obyekti yaranardı, yerli turizmin inkişafına dəstək olardı…

Bu görkəmli adamlar hökmən Bakıda basdırılmaq istəyirlər. Bəlkə bununla Bakıya xidmət göstrdiklərini düşünürlər? Ölüdən Bakıya, bakılıya nə xeyir? Xeyir vermək ustəyirsənsə, meyidini Azərbaycan tibb universitetinə vəsiyyət elə, qoy tələbələr öyrənsinlər…

Arif Babayevə Allah rəhmət eləsin deyirəm. Hərçənd müsəlman Allahının səhnədə Məcnun rolunda yarmçılpaq halda xoruz-buraxa-buraxa  oxuyan müğənniyə rəhmli olacağına şübhəm var. Bu adamların özlərində mərhəmət hissi yoxdur. Görün Azərbaycanda nə qədər gənc jurnalist qız, ziyalı, siyasətçi şərlənib tutulub. Sağlıqlarında Fəxri Xiyaban arzulayan, ordenlərin tam kolleksiyasını yığan, toylardan qazandıqları ququz pullar azmış kimi büdcədən də xeyli pul alan xalq artistlərindən biri onların müdafiəsinə qalxıbmı?

Hələlik ölməmiş xalq artistlərindən təvəqqe edirəm ki, öz yurdlarında basdırılmaqları barədə vəsiyyətnamə yazıb notariusda təsdiq elətdirsinlər…

Mirzə ƏLİL

01. 07. 2027, Samara