Gəzinti zamanı, az qala hər gün,
Yolun ortasında səkidə ya da,
Görürəm sərilib ölü göyərçin,
Qan qızarır sınıq qanadlarında.
+
Pişik boğan da var, maşın vuran da,
Uşaq atan daşa hansısa qurban.
Zəhər yeyib ölüb bəlkə biri də,
İndi yem dağılır içalatından…
+
Ölür göy göyərçin, çöl göyərçini,
Ömrü də uzağı üç il-beş ildir.
Dünən fəvvarədə sevincək çimən,
Yaxılıb asfalta, cəsəddir indi.
+
Gözucu baxmadan adamlar keçir,
Nəcib, ağ deyil ki, kədərləndirə.
Gəlincə növbəti süpürgəçilər,
Yapışıb qalacaq öldüyü yerə.
+
Keçirik… az deyil baxan bəlkə də,
Kimsə oğrun baxır, gözucu kimsə.
Öz yatağında öl, ya da səkidə —
Quşdan ölümünlə fərqli deyilsən…
21. 09. 2025, Samara
