Архив | 24.09.2025

SENTYABRDA OTUZ…

İsti nə gözəlmiş sentyabrda!

Yaydakı istidən deyil bu isti.

Nə təngiyir nəfəs, yandırır nə də,

Göyçək buludludur başımın üstü.

 +

Havadan gülşərab ətri duyuram,

Dərəcə otuz ya otuza yaxın.

Doyub-dolanmaran, nə qədər vuram,

Başım yerindədir, kefimsə yaxşı.

 +

Yaş da bu havada öz yaşım deyil,

(Mən bu möcüzəylə cavanlaşmışam.)

Otuzdur… uzağı üstə gəl beş il,

Gör nə hünərliyəm düşəndə axşam…

 +

Sümüyüm isinib, qaynayır qanım,

Kim belə istidən inciyə bilər?

“Jarko!” – inləyərək nazlı bir xanım,

Açıldı sonuncu düyməyə qədər…

 

24. 09. 2025, Samara