Архив | 25.09.2025

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AŞİQƏM»

Mən Molla Pənah Vaqifin şeirlərini çox sevirəm. Əlbəttə, hamısını yox. Ancaq Füzulidən sonra ədəbi dilimizin inkişafında ən böyük xidməti Molla Pənah göstərmişdir. Məlumdur ki, müxtəlif yaşlarda eyni əsərlərin bədii qavrayışı, buraxdığı təəssür hətta əksliyə qədər müxtəlif olur. İndi Vaqifin şeirlərini oxuyuram, görürəm ki, Vaqif təkcə düşündürmür, o həm də güldürür. “Aşiqəm” rədifli qoşmasını oxuyun, gülməkdən öləcəksiniz (məcazi mənada). Molla Pənah aşiq olduğu qızın sözlü portretini çəkir və oxucu gərək şeir oxuyub başa çıxınca o gözəlin portretini bitkin şəkildə təsəvvür edə bilə.

“Bir əndamı nəsrin, dodağı qönçə,
Bir qaməti gülbün yara aşiqəm.”

Yəni şairin sevgilisinin bədəni gözəldir (yəqin ki, ağlığı nəzərdə tutulur). Bunu təsəvvür eləmək istəmirəm, çünki mənə ayıb kimi gəlir. Dodağı təsəvvür eləmək olar, dodaq qıraqda olan şeydir.  Bildik ki, dodağı qönçəyə bənzəyir.
Burda şair təsvirə ara verir və indikilər demişkən, öz durumundan yazır. Aşiqin də durumu Füzuli vaxtından və ondan qabaqdan da məlumdur,
“Gecələr sübhədək eylərəm nalə”.

Təsəvvür edirsiniz? Səhərəcən nalə… Yəqin qonşular bezirmiş. İtlər də stress keçirib hürüşürmüş…

Sonra naləsinin səbəbini deyir:

“Bir gərdəni mina, ağzı piyalə,
Bir ləhcəsi şirinkara aşiqəm.”

Yəni qızın boynu parlaq ağdır. Bunu bilirdik. Əvvəldə demişdi ki, bədəni ağdır. Bədən ağ olanda boyun da ağ olar.. Əgər gün qaraltmayıbsa…

“Ağzı piyalə”. Hansı piyalə? Gözünüzün qabağına bir qız şəkli gətirin, ağzının yerində piyalə. Məsələn, özbək piyaləsi.  Gətirdiniz?

Molla Pənahın bolşevik yerlisi Səməd Vurğun piyaləyə gözü bənzədirdi: “Qələm qaş altından piyaə gözlər…”

“Bir buxağı turunc, sinəsi meydan…”

Qızın buxağını Vaqif ya portağala ya da ona oxşayan meyvəyə bənzədir. Portağal buxaqlı qıza gözəl demək olar? Təsəvvür eləmək istədim, alınmadı…

“Sinəsi meydan”… Futbol meydanı? Azadlıq meydanı? Meydan TV? Vaqifin vaxtında da qlızlar olub ha, sinələr olub ha…
Bir sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan,
Bir qaşlan zülfüqara aşiqəm.

Vaaqif (Molla Pənah) qızın dişini mirvariyə bənzədir. Özü də “diş” demir”, “dəndan” deyir. “Dəndan” həm də dəyirmanın də tökülən yeridir. Bəlkə Vaqif sevgilisinin ağzını dəyirmanın donluğuna bənzədir? Bu yer çox mübahisəlidir və Azərbaycan akademilərinin tədqiqatını gözləyir.

Vaqif qaşları yaya yox, “zülfüqara”, yəni qılınca bənzədir.

Bənzəyir? Yəni qaş qılınca bənzəyir?

“Bir güləndə ləblərindən bal axan…”

Qız güldükcə dodaqlarından bal axır… Bu qızın ağzı ağız deyil, arı pətəyidir…
“Bir bəzənib sərxoş tovus tək çıxan…”

Vaqifin vaxtında tovuz quşuna bəlkə çaxır içirdirlərmiş? Qazaxlılardan nə desən çıxar. Deyirlər, bəzi qazaxlılar yasda çaxır içirlər. Bilmirəm düzdür ya uydurma. Amma tovuzun sərxoş olmağını mötəbər şairimiz deyir və sevgilisini ona bənzədir. Bəlkə qız da gillədirmiş? Gillətməsəydi, niyə sərxoş tovuz kimi yeriyərdi?

“Vaqifəm, bədəndən canım dağılır”

Bunu oxuyanda çox güldüm. Vallah, elə bil, ki, erməni yazıb. Bədəndən can dağılır yoxsa çıxır? Nəsimi deyirdi “can ayrılır…”

“Görməyəndə din-imamım dağılır…”

Görməyəndə? Belə çıxır ki, tez-tez görürmüş? Bəs deyirdi gecə səhərəcən nalə eləyir? Əslində gərək din-iman sərxoş tovuz kimi yeriyən xanımı görəndə dağıla.

Elə deyil?

 

25. 09. 2025, Samara