CABİR İMANOVUN MÜBARƏK TƏPİYİNƏ HƏSR OLUNUR

Cabir İmanov vəfat edib. Boynuma alım ki, vəfat etməsəydi, mən onun kim olduğunu bilməzdim. İndi məlum olur ki, Cabir İmanov Hamfri Boqart və Lourens Olivyeden də qüdrətli aktyor imiş. Təbii ki, Azərbaycanda bayraqlar endirilib, millət batıb yasa. Ancaq millətin bu yaman gününə sevinən düşmənlərimiz Cabir İmanovun videosunu yayıblar. Bu videoda o, poqonluların vurub yıxdıqları bir aksiya iştirakçısını təpikləyir… İndi beş-on nəfər antimilli ünsür iddia edir ki, belə adam ümumxalq matəminə layiq deyil, guya bu Cabir İmanov elə aksiyaçılara təpik atanda ürəyi gücə düşüb xarab olubmuş…

Vallah, o beş-on adamı tutub salasan… Hə, tutub salasan Cabirin qardaşının təpiyinin altına. O da artistdir, o da yaxşı təpik atan olar…

Mən gözəl millətimin içindən belə nankor və naşükür insanların çıxdığına məəttəl qalıram. A kişilər, gərək siz fəxr edəsiniz ki, sizi Cabir İmanov kimi böyük sənətkar təpikləyir. Belə sənətkarın təpiyi adi təpikdən deyil, onun təpiyi terapiyadır. Onun təpiyinin altına düşmək zəncir ocağına ziyarətdən də savab olardı. Gərək azərbaycanlılar onun təpiyinin altına düşmək üçün növbəyə duraydılar. Mən şəxsən bilsəydim, Bakıya gedib özümü yaxşıca döydürərdim. Yəqin ki, Cabirin təpiklərini yeyəndən sonra cinə dönərdim… Heyf… Azərbaycanda yaşayan əmioğlum Mirzə Təbil mənə telefonda deyir ki, fürsət olan kimi gedib özünü Cabirin qardaşına təpiklətdirəcək… Mən də gedərdim, ancaq, təəssüf ki, prezident sərhədləri bağlayıb, təyyarə ilə uçmağa isə pulum yoxdur. Gərək İlham müəllimə məktub yazıb bir az pul istəyəm ya da xahiş edəm yolları açsın. Yoxsa Cabirin qardaşına da, Allah eləməmiş, bir şey olar, qalaram məəttəl…Bilmirəm bu iki işin hansı prezident üçün asandır. Yəqin yolları açmaq asan olar. Qoy pulu preezident daha vacib işlərə xərcləsin…

Mirzə Əlil

30. 09. 2025, Samara