Ludoman… qumarbaz… oyun dəlisi…
Nə udan bəs deyir, nə də uduzan.
Özünü qumara qoyur eləsi,
Bütün var-yoxunu itirən zaman.
+
Nişan üzyünü, paltarını da,
Qoyub arvadının uduzdu biri.
Böyükdü, dahiydi o insan hətta,
Və eyni zamanda qumar əsiri.
+
Oyun ehtirası bir qumarbazın,
Fəlakət yaşadır neçə insana.
Olur namusunu arvadın, qızın
Uduzan – ev-eşik hələ bir yana…
+
O dahi sağaldı… Sağalmır hər kəs,
Ehtiras qızdıqca mərci qaldırar.
Nə uduzan, nə də udan deyir “bəs”,
Göz yaşı axan var, qanı axan var…
+
Müharibələr də elə qumardır,
Əlbəttə, hamısı yox, çoxu ancaq.
Əlli mini birdən, yüz mini birdən,
Var xalqın adından uduzan qoçaq.
+
Dəstləyib qumarbaz əskinasları,
Qumar masasına necə atırsa,
Yığıb milyonları cəbhəyə basır,
Soyumur “rəhbərin” ehtirasısa.
+
Hərbi oyunlarda ciddi fərq də var:
Rəhbər cibdən çəkmir oyuna xərci,
Adi insanlardır uduzulanlar,
Qaldırır rəhbərsə həvəslə mərci…
+
Napoleon olsun, ya da xırdası,
Biz ludomanların cılbik hərbinə.
Hərəmiz müxtəlif bir əskinasıq,
Sabah növbə çatar sənə ya mənə…
02. 10. 2025, Samara
