Архив | 03.10.2025

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AĞ GƏLİN»

Molla Pənah Vaqifin gülməli şeirlərindən biri də “Ağ gəlin” rədifli qoşmadır. Əvvəlcə deməliyəm ki, möhtərəm şairlərimizin subay qıza yox, məhz gəlinə sevgi şeirləri və hətta erotik sayıla biləcək şeirlər həsr etməsi və nə vaxtında, nə də indi bu mətnlərin heç bir dava-şava doğurmaması  xeyli təəccüblüdür. Axı məsələ ciddidir: sən durub kiminsə gəlininə sevgi şeiri həsr edirsən, yəni onunla eşqbazlıq edirsən. Elə “Sarı gəlin” mahnısını götürək. Deyir ki, “səni mənə verməzlər”. Qırışmal, xalq götürsün evinin gəlinini versin sənə? Sən kefli-zadsan?..

İndi baxaq Molla Pənahın qoşmasına. Təkrar edirəm ki, mənim Mollah Pənaha hörmətim çox böyükdür. Məhəbbətim də.

“Dərdin məni heyvalara döndərdi”

Burda heca ölçüsü işi korlayıb, “məni heyvaya döndərdi” olmalıdır, yəni “rəngim saraldı”, heca çatmadığından Molla Pənah yazıb “heyvalara”. Və bu özü gülməlidir.
“Ey saçları siyah, üzü ağ gəlin!
Ta ki, gördüm cəmalının şöləsin,
Əridi bağrımda tamam yağ, gəlin!”

Niyə Vaqif “qara” yox, “siyah” deyir, başa düşmək çətindir. Bəlkə savadlı görünmək üçün. Bilmirəm, ancaq “qara” hətta rəvanlığına görə bu misrada “siyah”dan yaxşıdır.

Üçüncü misraya diqqətlə baxın: şair yarının “camalını”, yəni gözəlliyini görür. Konkret desək, üzünü. Başqa yerlərini yəqin görə bilməzdi. Yadda saxlayaq: şair gözəlin üzünü görür, yəni üz açıqdır.

Üçüncü bənd belə başlayır:
“Nə olur, üzündən niqab alasan”.

Yəni gəlinin üzündə niqab var, hə? Bəs bayaq nə deyirdi?
“Sənin həsrətini vilayət çəkər,
Qəmzən yayı dəyər, məlalət çəkər”.

Həsrəti vilayət çəkər, Bəs “məlaləti”? Məlaləti də vilayət çəkər? Yəni “qəmzə yayı” bütün vilayətə dəyər? Qəmzənin yayı dəyər ya oxu?
“Hüsnün eylər aya, günə lağ, gəlin!”

Vallah,, bunu nəinki böyük şairə, bunu heç balaca, laaaap balaca şairə də yaraşdırmaq olmaz. “Hüsnün aya, günə lağ eylər…”

Vallah, adam xəcalət çəkir. O mələklər kimi…
“Mənim könlüm sənin ilən şad olur,
Sən eylərsən damağımı çağ, gəlin!”

Aha! Deməli dördüncü bəndə keçənəcən şair xalqın gəliniylə aranı düzəldib, gəlin niqabını atıb və hoqqa çıxarıbsa, şairin “damağını çağ eləyib…”
“Bəlalərdən səni saxlasın xuda”

Bir-iki bənd şeirə aldanıb niqabını (yəqin ki, təkcə niqabını yox) çıxaran gəlini xuda, yəni Allah, “bəlalərdən” necə saxlasın?

“Xəstə Vaqif ölsə, başına fəda,
Təki olsun sənin canın sağ, gəlin!”

Şeyx Nəsrullah Şeyx Əhmədə nə deyirdi? Deyirdi, Əhməd, mən xəstəyəm, mən eşq xəstəsiyəm…

Molla Pənahın da xəstəliyi, görünür, elə o xəstəlikdən olub…

 

03. 10. 2015, Samara