XALQ KƏRAMƏTİN KİTABLARINI YOX, «KƏRAMƏT-ŞOU»YA BİLET ALIR…

Kəramət Böyükçölün adını ilk dəfə, səhv etmirəmsə, 2020-ci ildə İnternetdə rast gəlmişəm, o vaxt onun tutulduğu ya dəlixanaya salındığı barədə xəbərlər yayılırdı. Maraqlanıb onun haqqında elə İnternetdə oxuduqlarımın təsiri ilə iki felyeton yazmışdım…

Uşaqlıqdan şeir yazsam da, həmişə daha çox nəsr oxumuşam. Əlifbanı öyrənəndən əlimə nə düşsə, pisi yaxşıdan ayırmadan, oxumuşam. Əvvəl kənd kitabxanasında olanları, sonra Salyan rayon mərkəzi kitabxanasının, sonra Moskvada Ədəbiyyat institutunun zəngin kitabxanasının, daha sonra isə özüm də işlədiyim Samara vilayət kitabxanasınının fondlarının şirəsini çəkmişəm. Kənddə, Moskvada, Samarada kitab yığmışam, uzun illər ərzində topladığım kitablardan ibarət “Samara fondum” 2024-cü ilin yanğınında məhv oldu… İndi kitabları telefona yükləyirəm. Yenidən Folkneri oxuyuram və Folkneri hələ gənclikdə, rus dilində oxuduğum vaxtlar keçirdiyim halı elə bil ki, indi də yaşayıram ki, buna xoşbəxtlik deyə bilərəm…

Müasir nəsri oxumuram. Etnik yəhudi olan ingilis yazıçısı Mürielə Sparkın əsərlərindən sonra yazılanlardan xəbərim yoxdur. Rus “qalın jurnalları”nda baxdıqlarım mənə maraqlı gəlmir. Azərbaycanda, yəni azərbaycanca indi yazılanları oxuya bilmirəm – həm dayazlığı, həm bədii dil bərbadlığı səbəbindən. Həmişə oxumaq istədiyim yeganə Azərbaycan nasiri Cəlil Məmmədquluzadədir.

Kəramət Böyükçölün adı ətrafındakı hay-küy, əlbəttə, məni maraqlandırdı. Açıq istifadədə yalnız hekayələrini tapdım, bəyənmədim – sosial şəbəkələrdə hazırcavablıq nümayiş etdirən, opponentini sözlə bağlaya bilən və ya rusların dediyi kimi, sözdən ötrü cibə girməyən bu adam yazıda ölüvaydır…

Kəramət videolarında mənə 1979-81-ci illərdə ünsiyyətdə olduğum Vaqif Cəbrayılzadəni xatırlatdı. Bəlkə də ilk növbədə Vaqif kimi tüklü olmağı ilə. Belə tüklülük əcdadlarımızın, yəni qədim insanların kənd məktəbimizin tarix kabinəsindən asılmış şəkillərini  yadıma salır. Şəkillərdəki tüklü və sərt baxışlı kişilərin əllərində daş ya paya olurdu. Vaqif Cəbrayılzadə daş ya paya gəzdirmirdi, ancaq hansı cibindəsə ülgüc gizlətdiyini güman etmək olardı. Sonralar Bayatlı təxəllüsü götürmüş Vaqifdə şizofreniyanın əlamətlərini görmək üçün həkim olmaq lazım deyildi. Və beləsinin cibində ülgüc ola… Vaqifi təzə-təzə “Ulduz” jurnalında poeziya şöbəsinə müdir qoymuşdular. İşinin adı ora şeir gətirən sadəlövh insanların dalına təpik vurub qovmaq idi… Hamıdan tələb edirdi ki, onun qılıncının altından keçib birinci şair kimi tanılsınlar…Vaqif Cəbrayılzadə (Bayatlı) özü özünün proyekti idi və bleflə, yan-yörəsinə xoh gələ-gələ öz-özünü həyata keçirirdi…

Kül bizim ədəbiyyatımızın başına…

Kəramət Böyükçöl də öz-özünün proyektidir, öz-özünün startapıdır. O da öz-özünü, çətinliklərlə üzləşsə də, həyata keçirir. O, Vaqif kimi cibində ülgüc gəzdirmir, cibində olsa-olsa dırnaqtutan çıxar, hərçənd mənə elə gəlir ki, Kəramət dırnaqlarını həftədə iki dəfə tutan, corablarını gündə iki dəfə dəyişən adamlardan deyil. Qısası, Kəramətin kütləyə təsir vasitəsi blef, aqressiya deyil, hərçənd onun özünüreklam kampaniyasını aqressiv kimi xarakterizə eləmək olar. Bunun eybi yox. Aqressivlik reklamın ayrılmaz xassəsidir. Ancaq Kəramətini özünüreklamının uğurunu təkcə aqressivliklə izah etmək olmaz. Niyə  dolanışıqdan daim şikayət edən, “millət acından ölür” deyən insanlar Kəramtin kitablarına pulu əsirgəmirlər? Axı şübhə ola bilməz ki, alınan kitabların heç on faizi oxunmur. Kəramət özü də yaxşı bilir ki, kitabları alınır, ancaq oxunmur. Əgər onun kitabları oxunmaq üçün alınsaydı, Kəramət niyə şəhərin küçələrində əsir-yesir olub kitab satırdı? Əgər Kəramət əsərlərinə, yazdığı mətnlərə görə sevilirsə, kitabları mağazalara vermək kifayətdir, oxucular almaq üçün növbəyə duracaqlar. Kəramətsə küçələrdə keçirdiyi vaxtı evdə oturub mütaliə edər, yazıçılıq sənətinin sirlərini dünya şöhrətli ustalardan öyrənər və mətnləri üzərində gözləri qaralanacaq işləyərdi…

(Yeri gəlmişkən: Kəramətin maşınında tualet var? Ya avtobusuna güvəc qoyub?)

Moskvada “Pisatelskaya lavka” vardı, ora həftədə iki dəfə təzə kitablar gətirilirdi və yalnız Yazıçılar ittifaqının üzvləriniə satılırdı. Yazıçılar (!) bəzi kitablara səhər açılmamışdan növbə tuturdular…

Təkrar edirım: Kəramət sevilən yazıçıdırsa, niyə küçələrdə əsir-yesir olmalıdır? Əslində yazıçını əsərlərini sevəmlər təzə kitab üçün onun qapısını kəsdirməlidirlər, elə deyilmi?

Əhali, kütlə Kəramətin kitabını oxumaq üçün almır. Əhali “Kəramət-şou”ya bilet alır. Yuxarıda dedim ki, Kəramət öz-özünün proyektidir, öz-özünün startapıdır, vu proyektin ədəbiyyata az dəxli var, bu proyekt daha çox şoudur. “Kəramət-şou”! Adamlar şəxsən onunla görüşüb kitabını almaqla teatra, sirkə getmiş kimi olurkar. Və bəzilərin getdikləri tamaşaların biletlətini necə saxlayərlarsa, onlar da Kəramətin kitablarını elə saxlayırlar…

Vərəqləyirlər, ancaq oxumurlar. Nə oxuyacaqlar? Kəramətin yaza, deyə biləcəyi nə varsa, tüklü üzündə yazılıb…

 

(ardı var)

26. 10. 2-25, Samara