Əbdürrəhman Cami qırx hədisi farsca nəzmə çəkib, bizim Məhəmməd Füzuli “qırx danə gövhər” adlandırdığı hədiləsləri farscadan azərbaycancaya çevirib. Onlardan biri hədiyyə haqqındadır.
Dustlardan həmişə xoş görünür
Bir-birin hədyə ilə etmək yad.
Hədyə irsalı bir müamilədir
Ki, məhəbbət olur onunla ziyad.
Başa düşdünüz? Mənim başa düşdüyümə görə, hədiyyəni, dostdan dosta olsa da, Füzuli (hədislərin müəlliflinin kim sayıldığını qəbul etsək – peyğəmbər) müamiləyə bənzədir. Çünki gərək cavab hədiyyəsi ola və həm də daha qiymətlisi. Tədricən yaranan bəhsləşmə dostlar arasındakı məhəbbəti məhv edir…
Hökumətin və ya siyasi rejimin seçmə vətəndaşlarına verdiyi hədiyyə də müamilə kimidir. Ancaq bu hədiyyə dostlar arasındakı hədiyyələrdən deyil və məhəbbətə təhlükə yoxdur, çünki məhəbbətin özü yoxdur. Rejim ya ölkə rəhbərliyi hədiyyə verməklə seçmə vətəndaşı özündən asılı edir, ağzını yumur və daim itaət əlamətlərinin nümayişini, yəni tam loyallıq tələb edir. Hədiyyə verəndən sonra iqtidar seçmə vətəndaşın başına qapaz salsa da, üzünə tüpürsə də, seçmə vətəndaş dinməz. Namuslu, şərəfli vətəndaş onun hər hansı soydaşının başına vurulan qapazı özünə qarşı təhqir kimi qəbul edir və susmur. Başı qapazlanan, haqları tapdalanan insanların olduğu ölkədə heç kimi özünü azad hiss edə bilməz. Yüksək şüurlu, incə ruhi təşkilatlı insanlar susmurlar və buna görə millətin vicdanı da sayılırlar.
Hökümətdən, rejimdən dönə-dönə ev almış və on illərlə imtiyazlı həyat keçirən Ramiz Rövşın nəvələri yerində olan jurnalist qızların şərlənib tutulduqlarına etiraz edə bilərmi? Yox. Etiraz eləmək üçün gərək əvvəl bütün aldıqlarını siyahı ilə təhvil verə, sonra. Ramiz Rövşən isə aldıqlarını verməz. Çünki… çünki… Qoqolun “Müfəttiş”ində Xlestakov mehmanxana sahibi onun yeməyini kəsəndə nə deyirdi? «Belə getsə, mən lap arıqlaram…”
Eləcə də onlarla, yüzlərlə başqaları… Eləcə də Kəramət… Əlbəttə, mən Kəraməti Ramiz Rövşənə tay tutmuram, Ramiz Rövşən ən azı gəncliyində yaxşı şeirlər yazıb. Kəramətin mətnlərini oxuyanda və ya nə və necə danışdığını eşidəndə öz başına qapaz salmaq istəyirsən: Biz hardayıq? Yəni biz millət kimi hardayıq?
Bir sadölövh fikir var və bu fikir kasıblara təsəllidir. Bu fikrə görə, guya millətin elmi-texniki sahələrdə inkişafı ilə bədii yaradıcılıq potensialı arasında əlaqə yoxdur. Bizdə elm olmayıb, sənaye olmayıb, ancaq biz şair xalqıq, yazıçı xalqıq…
Çox geri, məsələn, Dante ya Şekspir dövrlərinə yox, elə son iki yüz ilin dünya ədəbiyyatına baxsaq, görərik ki, ən yaxşı ədəbiyyat, ən yaxşı musiqi, ən yaxşı kinematoqraf ən yüksək sənaye nailiyyətləri olan ölkələrdə yaranıb. On doqquzuncu əsrin ən qüdrətli nasirləri fransızlar, ingilislər, almanlar, ruslardır. Və bu ölkələrdə də intensiv sənayeləşmə gedir. Amerikanın qüdrətli altı yazıçısının, yaşlarına görə bir ailənin üzvü ola biləcək yazıçıların – Şervud Anderson, Dos Passos, Tomas Vulf, Fitscerald, Heminquey, Folkner — ədəbiyyada gəlişi və dünya nəsrində qanunvericilərə çevrilməyi Birləşmiş Ştatların bütün sahələrdə qüdrətli dövlətə çevrildiyi vaxta düşür. Eyni vaxtda qüdrətli Amerika kinematoqrafı yaranır və yaddan çıxarmayaq ki, kinematoqraf İranda və ya Səudiyya Ərəbistanında yox, Fransada Lümyer qardaşları tərəfindən yaradılıb…
“Şair xalq” söhbəti də yalandır, şeiri xalq yazmır, şeiri Allah vergisi ilə doğulmuş seçmə adamlar yazırlar – məsələn, Nəsimi ya Füzuli. Özünü şairlirə qoymuş minlərlə bambılının yazdığı, əlbəttə, poeziya deyil. Və iyirminci əsrin ən qüdrətli şairləri ruslardır, ingilislərdir, amerikalılar, fransızlardır. Bizim millət Səməd Vurğunu böyük şair sayırsa, bunu yalnız diaqnoz kimi qəbul etmək olar…
Və təkcə iyirminci əsrin böyük yazıçılarını götürsək, onların hər birinin yaradıcılıqları qədər maraqlı, məzmunlu, ibrətli bioqrafiyaları var. Puşkin azadfikirliliyinə görə sürgün edilib, namusunu qoruyarkən dueldə öldürülüb… Dostoyevski: Petraşevskiçilər dərnəyində iştirakı, həbs, son anda katorqa ilə əvəz edilmiş ölüm hökmü… Tolstoy: Qafqaz müharibəsi, Krım müharibəsi, mənəvi təkamül, çarla, onun hökuməti ilə qarşıdurma… Heminquey: İspaniyada vətəndaş müharibəsində iştirakı… Folkner: Kanadanın hərbi-hava qüvvələrində xidmət. Etnik yəhudi olan böyük rus şairi Mandelştamı götürək. Mən onun Stalinə yazdığı həcvi, məruz qaldığı daimi təqibləri, türmə, sürgün həyatını, Uzaq Şərqdə məşəqqətli ölümünü bir qırağa qoyuram. İtalyanları, fransızları orijinaldann oxuyan bu qüdrətli şairin nəsrini, Danteyə həsr etdiyi esseni oxuyun – intellektual vüsətə heyran qalmaamaq mümkün deyil! Tsvetayevanın nəsrini, dram əsərlərini, məktublarını, gündəliklərini oxuyun – şəxsiyyət nəhəngliyindən baş gicəllənir. Götürək İosif Brodskinin esselərinin, Solomon Volkovun yazıya aldığı müsahibələri – bir həftə mütaliə edin, sonra Kəramətin danışığına qulaq asın…
Hə, necədir?
Biz hardayıq?
Bəla burasındadır ki, humanitar təhsilin bərbadlığından və daha ciddi səbəblərdən azərbaycanlıların mütləq əksəriyyətinin zövqü ara şeiri, primitiv belletristik nəsr səviyyəsindədir. Bəzi yazıçılara, xüsusən şairlərə münasibət oxucu-ədəbiyyatçı münasibəti deyil, dini pərəstişdir ya da müəyyən sektant şarlatanlara olan pərəstişdir. Azərbaycanlıların Səməd Vurğuna pərəstişi imam Hüseynə olan pərəstişdən heç nə ilə hərqlənmir. Və ikincilər də Səməd Vurğun haqqında alternativ fikirdə olanın ağzını cırmağa və hətta qarnına bıçaq soxmağa hazırdırılar. Səməd Vurğuna pərəstiş həm də ona görə davamlıdır ki, o “şair xalq”ın şairidir, yəni “lər-lər, pəncərələr” kimi qafiyələrlə şeir yazan on minlərlə naqqal və bambılının mürididir, müridin avtoriteti sarsılanda, mürşidlər pərən-pərən olurlar…
Və hər hansı pərəstiş kimi, imamlara və “iyirimialtılarn nəvəsi” olan Səməd Vurğuna pərəstiş də yaxın simptoplardır ki, millətin demokratik cəmiyyət qura biləcəyinə əsaslı şübhələr yaradır. Çünki pərəstişdən dikrtatorlar, müstəbidlər yaranır. Pərəstişlə azad seçim bir araya sığmır. Demokratiya həm də stilistik, estetik aspektli məsələdir…
Kəramət Böyükçöl də “yazıçı xalqın” (yazar xalqın!) yazıçısıdır. Yəni xalq özünə oxşayan yazıçını sevir. Yazar xalqın yazıçısı onu oxumaq üçün elə bir intellektual resurs və səy tələb eləmir. Əslində xalqın yazıçısı heç onun kitabının oxunmağını da tələb eləmir. Tələbi kitablarının alınmağıdır…
Kəramət Böyükçöl universitet bitirib. Hardasa oxudum ki, hətta ali məktəbdə dərs deyib.
Yəni Kəramət dərs deyib… Təəccüblüdür ki, dünya dağılmayıb…
Kəramətin yazısından, danışığından onun akademik təhsil aldığı bilinmir…
Sovet vaxtı çukçalar haqqında lətifələr yayılırdı. Birində deyilirdi ki, yazıçı (yazar?!) çukça oxucularla görüş keçirir. Oxuculardan biri sual verir:
-Siz Puşkini oxumusunuz?
— Yox, oxumamışam
— Tolstoyu oxumusunuz?
— Yox oxumamışam…
Oxucu yenə soruşmaq istəyəndə yazıçı çukça onu qabaqlayır.
— Siz ünvanı səhv salmısınız. Məm oxucu çukça deyiləm, yazıçı çukçayam…
28. 10. 2025, Samara
əvvəli burda:
