SƏMƏD VURĞUN+QARA QARAYEV. «PARTİYAMIZDIR»

əvvəli burda

GƏDƏBİYYAT. SƏMƏD VURĞUNUN «PARTİYAMIZDIR» ŞEİRİ HAQQINDA

Sən parlaq hüsnüsən adi sözün də”

Hüsn” – gözəllikdir. Parlaq gözəllik necə olur? Partiya, kommunist (bolşeviklər) partiyası “hər adi sözə” necə “parlaq gözəllik” verə bilir?

Yəni bu cəfəngiyatı araşdırmaqda məqsədim odur ki, Səməd Vurğun irsinin azərbaycanlıların təkcə poeziya dilini yox ümumiyyətlə dilini və hətta təfəkkürünü necə korladığını göstərim. Facebook-da rast gəldiyim yüzlərlə şeirlərin dili Səməd Vurğun ya da Məmməd Araz dilidir,  yəni deyilən sözdə, işlədilən bənzətmədə məna axtarmaq nəticəsiz vaxt itkisidir.

“Sən al bir şəfəqsən ömrün üzündə”

Partiya al şəfəqdir? Bəlkə Bolşeviklərin, Leninin, Stalinin, Azərbaycanda Bağırıvun tökdüyü qanlara işarədir? “Ömrün üzü” nədir? Bu, Azərbaycan dilidir?

Hər təmiz ürəyin, saf məhəbbətin,

İnsana hörmətin, eşqə hörmətin,

Bu günün, sabahın, əbədiyyətin

Ən böyük mənası partiyamızdır!

Bu bənddə məna yox, ən azından qrammatik nizam tapmaq istəyənin başı hərlənər. Sadalananları ayırın: ürəyin, məhəbbətin, hörmətin sabahın, əbədiyyətin… Bəndin sonuncu misrasında baxın: belə çxır ki, bunların hamısının mənası “partiyamızdır”! Təkrar edirəm: Səməd Vurğun deyir ki, ürəyin, məhəbbətin, hörmətin mənası ”partiyamızdır”! Bu adam öz xalqını dolayıb, xalqını cahil və qara kütlə sayıb, arxayın olub ki, nə qondarsa, yeyiləcək, udulacaq. İndiyəcən yeyilir və udulur. Səməd Vurğuna pərəstiş Azərbaycanda imam Hüseynə pərəstişdən zəif deyil. Və əhalisi belə cəfəngiyyatın əsiri olan ölkədə demokratiya qətiyyən və heç bir halda mümkün deyil, çünki demokratiya müstəqil düşünməyə, müstəqil seçimə qadir vətəndaşların tələbatıdır, Səməd Vurğun ya imam Hüseyn aşiqlərinin yox…

SSRİ Xalq artisti, Lenin mükafatı laureatı Qara Qarayev bu şeirə kantata yazmışdı. 60-cı illərin sonu və 70-ci illərdə Bakıda bütün böyük rəsmi tədbirlərdəki konsertlər hökmən bu kantatanın ifası ilə bitirdi. Mənim xatırladığım, bəzilərinə qonşu televizorunda baxdığım konsertlərin həsr edildiyi tədbirlər: Oktyabr inqilabının 50, 60 illiyi (1967, 1977), SSRİ-nin 50 illiyi (1972), Azərbaycanda Sovet Hakimiyyəti qurulmasının 50, 60 (1970, 1980) illiyi, Azərbaycan Kommunist Partiyasının beş ildən bir keçirilən qurultayı, Azərbaycana Ümumittifaq sosializm yarışında qalib gəldiyinə görə Qırmızı bayraq verilməsi (Heydər Əliyev haimiyyətə gələndən hər ilin payızında; Litva, Estoniya Sosializm yarışında qalib gəlmirdi, o respublikalarda yeməyə hər şey var idi, Azərbaycan hər il bayraq alırdı, ancaq millət bazarlığa Yerevana, Tiflisə gedirdi). Böyük konsertlərdə ayrı-ayrı solistlərin və kollektivlərin çıxışından sonra konsertin bütün iştirakçıları və birləşmiş xor Qara Qarayevin Səməd Vurğunun sözlərinə yazdığı “Partiyamızdır” kantatasını ifa edirdi…

Belə də yaşayırdıq. Buna yaşamaq mümkündürsə…

Bir neçə kəlmə Qara Qarayev haqqında.

Qara Qarayev, şübhəsiz ki, böyük bəstəkardır. Üzeyir Hacıbəyovdan sonra ən böyük bəstəkarımız odur, hərçənd Üzeyir bəy kimi milli deyil… Qara Qarayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin daimi üzvü və SSRİ Ali Sovetinin daimi deputatı idi. Hər beş ildən bir Əlibayramlının da daxil olduğu Ağsu dairəsindən seçilirdi. Seçilirdi deyəndə ki, təyin edilirdi. Azərbaycanda, xüsusən Ağsuda, nə seçki? Klassik demişdi: “Gəlsin gözünə qarə su, Ağsu vətən oldu…” 1971-ci ildə mən Əlibayramlıda pedaqoji məktəb tələbəsi idim. Pedaqogika dərsində müəllim seçkidən danışırdı. Mən dedim ki, bu seçki düzgün seçki deyil, Qara Qarayevi bu yerlərdə indiyəcən görən olmayıb… Pedaqogika müüəllimi, keçmiş raykom katibi Əli İsmayılıv pomidor kimi qızardı, “otuzuncu illər olsaydı, əlli-ayaqlı gedərdin” deyib otaqdan çıxdı. Az sonra mən i müəllimlər otağına çağırdılar, müəllimlər yekdilliklə dedilər ki, mən gərək qovulam. Direktor Gülbala Əliyev Bakıya səfərdən qayıdan kimi əmrimi verəcək… Bir neçə gün sonra Gülbala müəllim gəldi, məni yanına çağırıb dedi ki, sən deyən düzdür, ancaq bu barədə açıq danışmaq olmaz…

Səməd Vurğun deyirdi “bəşərin vicdanı, eşqi…” Ancaq partiya tək-tük adamda vicdan qoymuşdu…

13.11. 2025, Samara