Ömür çox uzandı… dibi yox yaşın,
Yoxdur yekununda təsəlli ancaq.
Bəlkə də qulpundan ayrı bir işin
Gərək yapışaydım… əlli il qabaq.
+
Bir vaxt keçməyəydim Kürü də gərək,
Təxmini biləydim nə var o tayda.
Bir parça torpağı çəpərləyərək,
Əkib-becərəydim qışda və yayda.
+
Səhər açılandan axşama qədər,
Narın şumlayaydım, qazaydım dərin.
Çəpərdən boylanıb gəlib-gedənlər,
Deyib keçəydilər mənə “afərin!”.
+
Ekoloji sıyıq, ekoloji sup —
Bişirib yeyəydim becərdiyimi.
Xəstəliklərimi arxada qoyub,
Gecələr gəzəydim kənddə cin kimi.
+
Çıxaydı yadımdan yazmaq, oxumaq,
Nə kitab olaydı evdə, nə dəftər.
Köhnə telefona yazaydın ancaq,
Ayda xərc nə qədər, qazanc nə qədər.
+
…Hərdən qonşuluqda mərəkə qalxa:
Uşaq istəmir ki, dərsinə gedə.
“Hansı oxuyan var ağ günə çıxa?” —
Deyib mənə baxa qırışmal gədə…
22. 11. 2025, Samara
