Mən bu şeirin birinci misrasını əvvəl belə oxumuşdum: “Təpədən dırnağa his içindəyəm, Dönmüşəm dustağa hirs içindəyəm”. Və fikir məni götürmüşdü ki, yəqin Azərbaycanın canlı klassiki haçansa kömür çıxarırmış ya Bakının köhnə məhəllələrində buxarıları təmizləyirmiş. Elə işlərdə Ramiz Rövşən kimi mötəbər şəxs, əlbəttə, özünü dustaq hiss edər. Ancaq dalını (şeirin) oxuyub gördüm məsələ ayı cürdür. Şairəşşüəra his içində deyil, hirs içindədir.
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz
Bilmək olmur ki, hasar nə hasardır. Hasarın içi olmur, hasarın dalı, qabağı, və enlisə, üstü olur.
Ramiz Rövşən öz ali statusundan xəbərdardır, İsa Tanrının oğlu olduğuna inandığı kimi. Ramiz Rözşən bilir ki, xalq on milyondur, o isə təkdir. Və hərdən xalqı qorxudur ki, baxıb görsün bu gedəndən sora bu miskin kütlə başına nə daş salacaq. Gah bir də şeir yazmayacağını, gah da gözəllərin sevgisinə cavab verməyəcəyini elan edir.
Xalqın da halı, Məşədi ibad demişkən, pərişan olur.
“Səpdim mən öz yarama mən öz külümü”
Burdan nə başa düşmək olar? Şairin yarası var. Və öz külünü səpib yaraya. Öz külüdürsə, yəni Ramiz Rövşən yanıb, ancaq tamam yanmayıb, bir hissəsi yanıb. Bir hissəsi, yaralı olan yer salamatdır. Və Ramiz Rövşən yanan yerinin külünü tökür yarasına. Sonra deyir:
“Adam öz külünə bulunur belə”.
Belə — yəni necə?
Ramiz Rövşənin tonu get-gedə sərtləşir, Ramiz Rövşən xalqla polis kimi, məhkəmə kimi danışır, yəni hədə-qorxu ilə.
Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim
“Mən belə adamam” – sən necə adamsan? Yaxşı, yarana özü külünü tökdün, sonra?
“Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın”
Bir vaxt deyərdilər ki, Sovet İttifaqının bütün qadınları Müslüm Maqomayevə vurulublar. Mən əminəm ki, Ramiz Rözşən bütün Azərbaycan qadınlarının ona vurulduğuna və ondan ötrü göz yaşı tökdüklərinə şübhə eləmir… İndi əvvəl Müslüm Maqomayevi gözünüzün qabağına gətirin, sonra Ramiz Rövşəni… Müslüm Maqomayevə qulaq asın, sonra bu cəfəngiyatı oxuyun…Mən bizim qadınları elə də yüngülağıl saymıram…
Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam
Ramiz Rövşən ömrü boyu daşlanıb? Sabir kimi? Qoşa-qoşa mənzili xalqın hesabına havayı alan adam nədən narazıdır?
Sonra maraqlı iki misra gəlir ki, bunun məğzi Ryazanovun “Slujebnı roman” filmindən oğurlanıb. Novoseltsev soruşur: Siz giləmeyvə sevirsiniz? Lyudmila Prokofyevnanın cavabı güllə kimi açılır: “Bəli, ancaq mürəbbə halında…” Ramiz Rövşən bir azərbaycanlı kimi kabab əlavə edir…
gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam
Sonra Ramiz Rövşən xalqa xəbərdarlıq edir ki, onun heykəlini Füzulinin yanında qoymasınlar, ya ayrı yerdə qoysunlar, ya da Füzulini götürüb ayrı yerə aparsınlar. Məsələn, Füzuli rayonuna..
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim
Nə gizlədim, bu şeirdən baş çıxamağa, onu, necə deyərlər, yozmağa çalışsam da, bir şey başa düşə bilmirəm. Axı cəfəngiyatı başa düşmək mümkün deyil. Belə yaradıcılığa pul tələsi deyirlər. Üç-dörd yüz belə şeirdən yazıb kitab düzəldəcək, kitabı da xalq gözünə təpəcək…
Sonda maraqlı bir şey baş verir. Şair bir dilənçi qarıya müraciət edir. Bütün böyük klassiklər dilənçilərə müraciət ediblər. Kalassiklərin özlərindən də dilənənlər çox olub. Sabir sabun bişirib satıb…
Hə Ramiz Rövşən üzünü tutur qarıya.
Mən sənin yanında dururam sənin
Küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı
Fikirləşirsən ki, nəhayət, şairəşşüəranın vicdanı oyandı. Sadə xalqın, əzilən, sürünən və hətta dilənən xalqının tərəfinə keçdi. Bundan sonra prezidentlə tutacaq davanı, aldıqlarını qaytaracaq, deyəcək tutulanları burax…
Heyf, yanılmışıq…
“Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin”
Demə Ramiz Rövşən dilənçi qarını dolayıbmiş. Deyir qorxma, ovcuna pul qoymuram… A kişi, dilənçi onun ovcuna pul qoyandan niyə qorxmalıdır? Sən xalqı bağlamısan təsərrüfatına. “Əlindən öpürəm”… Bəs dilənçi qarı qayıdıb deməz ki, ay vələdəzzina, get filankəsin filan yerini öp?
- 12. 2025, Samara
