ÖLDÜRÜLÜR, YA DA ÖLÜR MÜSTƏBİD…

Ölür hər yaranan, gec ya tez hökmən —
Bilirik ağlımız kəsdiyi andan.

Yox ancaq təsəvvür eləyə bilən,

Şəxsi təcrübənin  olmadığından.

 +

Varlıqla yoxluğun arasındakı,
Anda nə baş verir – açılmaz bu sirr.

Yoxmüşsan elə bil dünyada sanki…

Ya insan bir uzun yuxuya gedir?…

 +

Özgə yoxluğunu, ölümünüsə,
Təsəvvür eləmək amma çox asan,

Mümkün yoxluğunu, olur, kiminsə,
Düşünüb öncədən batırıq yasa.

 +

Hərçənd yoxluqları qorxudan bizi,

Əzizlər, yaxşılar, gərəklilərdir.

Elələri də var, hər birimizi,
Sevindirər, gəlsə ölüm xəbəri.

+
Hər kəsə məlumdur əməlləri də.

Hamı yaxşı bilir adlarını da.

Onlar elə uzun ömürlüdürlər,
İnanmırsan bir gün ölərlər hətta.

 +

Bayram tək gözləyir nə qədər insan,
Ölüm xəbərini müstəbidlərin.
Öldürülər ya da ölərlər hökmən,

Şükr Allaha, bu, baş verər yəqin…

 16. 01. 2026, Samara