QURBAN MƏMMƏDLİNİ YENƏ EVİ YIXILIB: MEHMAN HÜSEYNOV AZƏRBAYCAN PARLAMENTİNİN TRİBUNASINDA

Qurban Məmmədlidə onu nəinki kölgədə qoymuş, hətta publik  həyatın gedər-gəlməzinə göndərmiş Hüseynov qardaşlarına nifrət o qədər güclüdür ki, dünənəcən ən biabırçı söyüşlərlə təhqir etdiyi Əliyevi və onun ailə üzvlərini Emin və Mehmandan müdafiə etmək fikrinə düşüb. Bu, həm gülmək istəyi, həm də Qurban Məmmədlinin üstünə həkim çağırtdırmaq istəyi doğurur. Kişinin durumu – bəlkə oturumu da – ağırdır…

İndi Mehman haqqında.

Bir neçə ay əvvəl Mehmanın videolarında söyüş eşidib təəccübləndim, çünki əvvəllər, səhv etmirəmsə, söyüş işlətməzdi. Həm də söyüşlərin ağırlığından güman etmək olardı ki, Mehman artıq ölkədə deyil. Yəni Azərbaycanda deyil, hərçənd Azərbaycana ölkə deməyə adamın dili gəlmir…

Və bir qədər əvvəl məlum oldu ki, Mehmanı hərb yoluna çıxmağa vadar edən nə olub.

İntim vieolarla şantaj sovet KQB-sində çox işlədilən üsullardan biri olub. Moskvaya turist kimi, elmi konfransa ya işgüzar danışıqlar üçün gəlmiş qərb vətəndaşlarına mehmanxanalarda fahişə calayır, sonra onlara çəkilişləri göstərirdilər. Tora düşmüş xarici vətəndaşlar mənsub olduğu ölkədə onun üçün ciddi  problemlər, o cümlədən ailə problemləri yaranacağından qorxaraq KQB-nin “verbovka”, yəni Moskvaya işləmək təklifini qəbul edirdilər. Hamısı, əlbəttə, etmirdi. Ancaq edənlər də az olmurdu.

Azərbaycan hökumətinin öz vətəndaşlarını yataqda çəkib yaydığı foto və videolar yalnız Azərbaycan və ya Azərbaycan kimi patriarxal əxlaq, davranış normalarının (daha çox formal şəkildə) yaşadığı ölkələrdə effektli ola bilər. Mehman subay oğlandır, onun arvadla yatağa girməyində qeyri-adi ya qeyri-təbii nə var? Mehmanın arvadı, uşaqları olsaydı, onu ailəsinin dağılmağı qorxutmalıydı. Yataqlarında sevişən zaman çəkilmiş subay kişi və ya subay qadın, bu videonu çəkənlərin fikrincə, cəmiyyət qarşısındakı xəcalətə görə dillərini qarınlarına qoymalıydılar. Əgər qoymasaydılar, yayılan videolar onları cəmiyyət qarşısında hörmətdən salmalıydı…

Mehman Hüseynov Azərbaycan hökumətinə və əslində Azərbaycan xalqına da tutarlı dərs verdi. Öz evində, öz yatağında bütün kişilər üçün təbii və hətta vacib olan bir işi görmüş subay kişi nədən və nəyə görə utanmalıdır? Burda utanmalı, xəcalət çəkməkli, hətta ağır cəza almalı olanlar qanunsuz başqasının mənzilinə soxularaq çəkiliş aparanlardır. Əgər belə deyilsə, açıq elan edin ki, Azərbaycanda Konstitusiya yoxdur və Azərbaycan dövlət deyil, quldur dəstəsinin hərlədiyi ərazidir!

Sual çıxa bilər ki, əgər utanmalı bir şey yoxsa, bəs niyə Mehmanın qəzəbi soyumur və belə ağır söyüşlər işlədir?

Bəli, subay kişinin qadınla, subay qadının kişi ilə görüşündə utanmalı heç nə yoxdur. Amma biz insanıq və həyatımızın elə tərəfləri var ki, onlar yad gözlərdən kənarda icra olunur. Və heç kimin qanuni ixtiyarı yoxdur ki, sənin mənzilinə soxulub səni mətbəxdə, ayaqyolunda, hamamda, yataqda çəksin. Mehmanın acığı ona görə soyumur ki, bu quldurluq illərlə törədilir və heç kim də cəzalanmır. Bu söyüşləri kəsmək üçün Azərbaycan prezidentinin AzTV-nin efirinə çıxıb Mehmandan və Mehmana qədər belə dövlət quldurçuluğunun qurbanı olanlardan üzr istəyib, günahkarların cəzalanacağını vəd etməyi kifayət idi. Bu ehtimal sıfra bərabərdir, ancaq İlham Əliyev belə etsəydi, ən azı minlərlə adamın hörmətini qazanardı…

Qurban Məmmədlinin isə bəlkə ürəyi partlardı…

Mən Mehmanın Məhəmməd Mirzəli, Qabil kimi debillərə qoşulmağını istəməzdim. Ancaq onun affekt halında olduğunu başa düşürəm. Məlum olduğu kimi, affekt halında törədilən ağır cinayətlər üçün də msuliyyət daşınmır…

Mehmanın nitqi qüsurlu olsa da, yəqin ki, mütaliə azlığından zəngin və rəvan olmasa da, bu adam, mənim fikrimcə, kəllədir və yaxın gələcəkdə onun parlaq natiqə və polemistə çevriləcəyinə şübhə etmirəm. Mən bu yaxınlarda onun rusca müsahibəsini eşidib valeh oldum. Demək olar ki, rusca o daha səlis danışır, aksent yox kimidir, mübtədası ilə xəbəri də uzlaşır. Bravo!

Arzu edirəm ki, tezliklə Mehman affekt halından çıxsın və haqlı mübarizəsini, professional bloger işini parlament diliylə icra etsin. Bir vaxt onu Azərbaycan parlamentinin tribunasından görməyi arzulayıram. Buna başqalarına arzulayıram, çünki mənim yaşım çoxdur, təəssüf ki, o günü görməyə mənim ömrüm çatmaz…

 23. 02. 2026, Samara

əvvəli burda:

QURBAN MƏMMƏDLİNİN YENƏ EVİ YIXILIB… EVİNİ YIXAN BU DƏFƏ ƏLİYEV YOX, EMİN HÜSEYNOVDUR…