YƏQİN «POÇT QUTUSU» YADINIZDADIR…

Ağalar, xanımlar! Soruşmaq əgər

Olarsa: Hardadır yalın əliylə,
Şuşanı düşməndən alan igidlər?

Görünmürlər, çıxmır səsləri belə…

 

Gözə görünən çox, səs çıxaran da,
Ancaq qəhrəmana bənzəmir onlar.

Hər biri narazı güzəranından,

Tələbsə xahiş və yalvarış sayaq.

 

Qartal tək ucalıb qarlı dağlara,

Yalın əllə yenən yağını budur?

Məmur qapısında igid ağlayar? –

Yox, beləcə istər haqqını muzdur…

 

Yəqin «Poçt qutusu» yadınızdadır:
Novruzəli ağa malına görə,

Canından keçməyə belə hazırdı —

Məgər alqış düşmür belə hünərə?

 

Düşür…Novruzəli nökərdi ancaq,

Xanın malı ona canından əziz.

Ağasından əmr, komanda alcaq,

Ölümə yollanar sorğu-sualsız.

 

Sədaqəti gözəl Novruzəlinin! —

O, rəğbət doğurur, həm empatiya.

Ancaq o, qəhrəman deyildir yəqin,

Əsgər yox, o, nökər gəlib dünyaya…

 

Əsgər axtarıram, görmürəm əsgər,
Hanı yalın əllə Şuşa alanlar?

Məmur qapısına getsə kim əgər,
Onun hünərinə məndə şübhə var.

 

Məmur qapısını kəsir səhərdən,
Tələbi xahiş və yalvarış sayaq.

Hədələyir, deyir çatıb son həddə,
Nədənsə özünü öldürür ancaq…

 

Yalın əllə Şuşa alanlar hanı?

Bəs indi kimsiniz, hardasınız siz?

Millətin şərəfi itir, tapdanır –

Piket keçirməyə yox hünəriniz…

 

 14. 03. 2026, Samara