Архивы

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 30. YORULMAZ ATALAR VƏ «ALLAH VERƏN» UŞAQLAR…

1966-cı ildə mən 6-cıda oxuyanda sinifdə altı nəfər idik. Surralılar Əfsusə və Gülsabah, dağılmaqda olan Musalıdan Məmmədəli, Ərəbqardaşbəylidən mən, Alkişi, Xırdaxanım. 7-ci sinifə olduq səkkiz nəfər – iki il sininfdə qalmış Samura  və üç il qalmış Anaxanım. O vaxtlar şagirdlərin bir neçə il sininfdə saxlanılması mümkün idi, ancaq ibtidai sinif həcmində də bilikləri olmayan, yetkinlik həddinə çatmış, təsərrüfat işlərinə, evdarlığa, peşə mənimsəməyə qabıliyyətli iri qızların xırda uşaqlara qatılıb aylarla illərlə gün yubatmağı o vaxtkı təhsil sisteminin az olmayan absurd cəhətlərindən biri idi.

Səkkinci sinifdə olduq 9 nəfər – mənim dəqiq bilmədiyim səbəb ‘görə Dövlətalı kişi oğlu Şakiri o vaxtacan oxuduğu Salyan internatından çıxarıb kəndə gətirdi. 1968-ci ildə səkkizillik məktəbi 9 nəfərlə bitirdik. Yadımdadır ki, 1965-ci ildə məktəbin cəmi beş məzunu olmuşdu, onlardan da biri Musalıdan idi – Yarı kişinin oğlu Ədalət. Yeri gəlmişkən, anası rus olan Ədaləti məktəbdə çox incidirdilər. Onun məktəbin narlığında “urus, urus!” deyərək qovulmağı gözümün qabağındadır. Üzü dəhşətdən əyilmiş Ədalət “ay mama” qışqıraraq qaçırdı. Onu incidənlər yoldaşları yox, məktəbin böyründə, mağazanın qabağında veyillənən illənmiş kənd subayları idilər…

Musalı uşaqları əvvəllər həmişə Cəngən məktəbinə gedirdilər. Bəlkə də günlərin bir günü Cəngən məktəbinə qədər məsafəni bizə qədər olan yolla ölçüb (məsələn, uzun illər bizim mağazada işləmiş Tağının metri ilə…) görmüşdülər ki, Ərəbqardaşbayıli məktəbi daha yaxındır. Musalılıar bizə 1963-64-cü dərs ilində qoşuldular. Tağının qızı Mahirə üçünci sinfi mənimlə oxuyub. Tağı tezliklə Cəngənə köçdü, uşaqlar da məktəbdən çıxdılar. 8-ciyə qədər mənimlə oxumuş Məmmədəli “fənəryandıran” Hacıbabanın oğlu idi. O vaxt Kürdə gəmiçilik vardı, gəmilər üçün təhlikəli olan dayazlıqlara mayaklar qoyulmuşdu, onların içində neft lampası vardı, hər axşamçağı “fənəryandıralar” kolazla onlara aid olan məsafədə mayakları yandırır, səhərlər söndürürdülər. Sovet müəllimin atası Mustafa və Gülsüm xalanın qardaşı Sarı mayak yandırmaqdan qayıdarkən bizim evlərin qabağında boğulmuşdular…

Yarı müharibə veteranı idi, arvadı Sonanı (rus adı yəqin ki, Sofiya, Sonya idi) Rusiyadan gətirmişdi. Yarı kişi özü də ağ adam idi, Ədalət isə sarışınlığı, burnunun (kurnosıy) forması ilə azərbaycanlıdan çox rusa oxşayırdı. Bir adamla işi yox idi. Ona qarşı olan vəhşiliyin səbəbi bir deyil. Əlbəttə, ilk növbədə cahilliyi, nadanlığı demək lazımdır. İsa öz Tanrısından belə adamların bağışlanmasını xahişini edir: “Onlar nə elədiklərini bilmirlər…”.

Sonrakı bir neçə il ərzində Musalı tamam boşaldı. Hacıbaba Salyanstroya (Kürkənd) köçdü. Yarı kişi sonuncu qalanlardan idi. Nəvəsi Yeganə də bizim məktəbdə oxuyurdu…

Mən 1972-ci ildə müəllimliyə başlayarkən götürdüyüm birinci sinifdə uşaqların sayı 25 ya 27 idi. 1974-cü ildə gələn birinci sinifdə də uşaqların sayı 25-ə qədər idi.

Yəni az vaxtda, bir neçə il ərzində kənddə uşaqların sayı üç-dörd dəfə çoxalmışdı.

1950-ci  və 1960-cı illərdə uşaqların sayının çox az olmasının əsas səbəblərindən biri 1941- 45-ci illərdəki müharibədir. Mən müəllim işləyəndə müharibədə həlak olmuş Ərəbqardaşbəyli və Bala Surra sakinlərinin siyahısı hazırlanmışdı. Yadımdadır ki, o siyahıda 33 nəfər var idi. Bunlardan hər birinin üç, beş, səkkiz və hətta on uşağı da ola bilərdi. Deməli, müharibədəki itkilər iki kiçik kənd üçün minus 100-150 uşaq demək idi. Fəallığını itirməmiş yaşlı nəsil olmasaydı, bəzi siniflər boş qalardı. Mən də, mənimlə eyni vaxtda oxumuş uşaqların xeyli hissəsi də qoca ataların uşaqları idik. Uşaqlıqları müharibə ərəfəsinə ya müharibə illərinə düşmüş cavan kişilərin uşaqları 60-cı illərin ortalarından şagird kontingentini doldurmağa başladılar. Ancaq bizim məktəb üçün rekord sayıla bilən 25-27 uşaq qismən yenə də “qoca ataların” hesabına idi. İki-üç ildən bir birinci sinfə Bala Surradan Ağadədənin, bizim kənddən Əbilhəsən kişinin, Qəfər oğlu Səttarın uşaqları olurdu. Qəfər Rüstəmovu da veteran atalardan saymaq olar.

Bolşevik və İkinci dünya müharibəsinin işdirakçısı (öz dediyinə görə, döyüş yolu «Urmaniyadan», yəni Rumıniyadan keçmişdi)  Ağadədə Rəhimovun ikinci arvaddan xeyli uşağı vardı. Ağadədə bəlkə koxoz qurulan zamanda çox fironluqlar da eləyib, ancaq mənim yadıma gələn vaxtlar  onu qarovulçu görmüşəm, qaravulçu isə 60-cı illərdə 40, uzağı 50 manat ala bilərdi. Yəni böyük ailə ehtiyac içində idi. Kolazdan keçəndə lələmlə dərdləşirdi. “Cahangir, issiyirəm uşağları aparıb tökəm iraykomun qabağına”. “İraykom” raykom idi, Azərbaycan Kommunist Partiyasının Salyan rayon komitəsi. Raykomun birinci katibi rayonun ağası idi. Lələm bəlkə də ciddi, bəlkə də, indiki slenqlə desək, Ağadədəini trollayaraq deyirdi: “Lap yaxşı, apar tök”.

Məmmədağanı, Tükəzbanı və onlardan kiçik daha beş-altı uşağı Salyanda raykomun qabağında təsəvvür edin…

İmanqulu Rzayevin axırıncı uşaqları onun öz nəvələrindən kiçik idi. Latınca belə ifadə var: ”Quod licet Iovi (Jovi), non licet bovi”. Yəni Yupiterin eləyə bildiyini öküz eləyə bilməz. İmanqulu Rzayevin on-on beş ailə saxlamağa imkanı var idi. Ağədədə isə ağına-bozuna baxmadan dünyay gətirdiyi uşaqları raykomun qabağına tökmək istəyirdi…

Əbilhəsən kişinin də ikinci arvadı Minəbəyimdən xeyli uşağı vardı. Minəbəyim xala məməmin kəndçisi, arbatanlı idi, məməmə “bacı” deyirdi. Mən bilən, çox cavan ölüb. Əbilhəsən kişidən yaşda xeyli kiçik olardı. İki ildən bir əriylə əl-ələ verib bizim o qədər də gözəl olmayan dünyamıza ağlı-qaralı gözəl uşaqlar gətirirdilər. Məndən bir sinif aşağıda oxumuş Sübü (yəqin ki, Sübhü) yaxşı yadımdadır, sıx qıvrım kürən saçlı qəşəng qız idi. Minəbəyim xalanın uşaqlarındn ən azı ikisi – Əşrəflə Məhəmməd —  şagirdim olub, yəqin ki, bir cəngənlinin qardaşım Seyfullaya dediyi kimi, məndən “çoxlu umuküsüləri” var…Minəbəyim xala zarafatcıl arvad idi, qardaşım Adıgözəllə zarafatları tuturdu. Adgözəl bir dəfə kolazda Minəbəyim xalasını gözdən keçirib görür ki, yenə ana olmağa hazırlaşır. Deyir: “Valla, utanmursuz ey… Nağədə doğmağ olar?” Minəbəyim xala deyir: “Ədə, hey, elənçiy danışma, Allahın acığı gələr. Uşağı Allah verir”. Adıgözəl dayanmır: “Uşağı Allah verirsə, Tamam xalaya nöş vermir?”

Doğrudan da əri Atamalı öləndən sonra Allah Tamam xalaya bir dəfə  də uşaq verməmişdi…

 

29. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 29. TOYLAR. NİYƏ ARVADLAR YASDA OXUYURLAR, TOYDA YOX?

MƏHƏMMƏDİN YEDDİNCİ ARVADI. 2. 33-CÜ SURƏNİ QƏBUL EDƏN İNSAN ZƏNCİR OCAĞINA VƏ AYRI HOQQALARA NİYƏ İNANMASIN?

zeynəb bint cəhş

əvvəli burda: https://xeyrulla.com/2024/11/09/mehemmedin-yeddinci-arvadi-zeyneble-zeydin-evlenmeyi/

Zeyd Zeynəbi 626-cı ilin dekabrında boşayıb.

İslama qədərki ərəblərdə oğullun arvadına, boşanmış olsa da, evlənmək düzgün sayılmayıb və bu cür nikaha insest kimi baxılıb. Ona görə Məhəmməd Zeynəbə evlənmək istəyini ürəyində gizlədir. Ancaq Allahdan nə gizlədə bilərsən? Allah Məhəmmədin ürəyindən keçəni bilib ayə göndərir

Adamlardan qorxub qəlbində gizlətdiyini Allah üzə çıxardı, hərçənd Allahdan daha çox qorxmaq lazımdır. Zeyd ona qarşı arzusunu təmin edəndə, biz səni ona evləndirdik ki, möminlər övladlığa götürdüklərinin arvadlarına evlənib istəklərini təmin edəndə, sıxıntı çəkməsinlər…”

Bunu mən mötəbər akademik Kraçkovskinin ruscaya tərcüməsindən çevirmişəm. İngiliscə tərcümə də buna yaxındır:

“…in order that there may be no difficulty to the Believers in (the matter of) marriage with the wives of their adopted sons, when the latter have dissolved with the necessary (formality) (their marriage) with them..»

Yəni:

“Möminlər oğulluğa götürdüklərinin boşadığı arvadlara evlənəndə çətinlik olmasın…”

Bunun Allah tərəfindən göndərildiyinə mən inana bilmərəm, məni buna inandırmağa çalışan ilahiyyatçı ya sadəlöhdür, ya şarlatan və lotudur, ya da Elşad Miri kimi rasional manipulyator və üskükoynadandır.

On minlərlə, yüz minlərlə Sudandakı, Yəməndəki humanitar fəlakəti nəzərə alsaq, milyonlarla müsəlman balası, körpələr, qocalar bombalanırlar, mərmi, güllə yaralarından ya da aclıqdan ölürlər. İllərlə. Və fəlakətin sonu görünmür. Allah qarışmır. Mən Allahın varlığını inkar etmirəm. Ancaq mən faktı nəzərə çatdırıram ki, mənə məlum olmayan səbəblərə görə yer üzündəki həyata, istər siyasət olsun, istər ailə-məişət məsələləri, Allah qarışmır. Milyon körpənin həyatının xilası üçün iradə göstərməyən Allah Məhəmmədi gah bu arvada, gah o arvada evləndirmək üçün ayələr göndərməliydi? Bunu qəbul edənin Allaha inamı şübhəlidir. Buna inananın Allahı yoxdur!

Və Məhəmməd ərəblərə elan edir ki, Allah fikrini dəyişib, oğulluq daha oğul sayılmır.

Yazıq Zeyd…

Zeydin adı da dəyişilir. O daha Zeyd ibn Məhəmməd deyil, əvvəlki kimi Zeyd ibn Harizədir…

Zəncir ocağına sitayiş edənləri niyə qınayırıq? 33-cü surəni qəbul edən hər cür möcüzəyə inanar…

Və bundan sonra bütün oğulluğa götürülmüş uşaqlar varislik hüquqlarını itirirlər. Yəni peyğəmbərin növbəti toyu çox yetim üçün yasa dönür…

27 mart 627-ci ildə, yəni gözləmə müddəti bitən kimi Məhəmməd Zeynəbə evlənir. Ibn Həcər əl-Əsqalani yazır ki, “…o (Məhəmməd), Zeynəb onun gözləməyən vaxt gedib qapını döymədən onun evinə girdi. O (Zeynəb) soruşdu: “Belə görürəm ki, bizim izdivacımza heç bir şahid ya vəli olmayacaq”. Məhəmməd dedi: “Allah şahiddir, Cəbrayıl vəlidir”…

Əbdülməlik əl İslam yazır ki, Məhəmməd Zeynəbə 400 dirhəm məhr verir.

Sonra qoyun kəsinb toy məclisi qurur. Qonaqların sayı yetmişdən çox imiş və Məhəmmədin əvvəlki toylarının heç birində belə böyük məclis olmayıb.

Məhəmmədə on il xidmət etmiş Ənas ibn Malik guya belə deyirmiş: “Sonra (banketdən sonra – X.X.) o (Məhəmməd) adəti üzrə çıxdı və möminlərin analarının (yəni arvadlarının) yaşadıqları yerə gəldi, onlar ona xeyirdua verdilər, o da onlara xeyirdua verdi. Sonra geri döndü və iki adamın hələ də (yəqin toy yerində) oturduğunu gördü. Beləliklə, o yenə getdi. Yadımda deyil, onların (yəni toydan sonra dağılışıb getməyən iki nəfərin) çıxıb getdiyini mən ona çatdırdım ya ayrı adam”.

Yəni Məhəmməd təzə arvadla təklənmək istəyir, iki nəfər üzünə salıb oturub.

Təzəbəy, əlbəttə, darıxır, əsəbiləşir. Allah dərhaı ayə göndərir.

“Ey iman gətirənlər, Peyğəmbərin evinə yalnız siin yeməyinizə razılıq veriləndə gedin… Dəvət olunanda gedin, elə ki, yedinz, söhbətə girişmədən çıxıb gedin.  Həqiqətən bu, Peyğəmbəri naharah edir, o sizdən utanır…Əgər şeyşüy lazımdırsa, pərdə dalından istəyin…”

Və elə burdaca Allah Məhəmmədin arvadlarına onun ölümündən sonra ərə getməyi qadağn edir: “Və sizə yaraşmaz ki, Allahın Elçisini incidəsiniz və ya ondan sonra onun arvadlarına evlənəsiniz, Allahın nəzərində bu, rəzilik olar”.

Niyə rəzillik olur? Məhəmməd özü dörd-beş ərə getmiş arvadlara evlənir, arvadları dul qalandan sonra ərə gedə bilmirlər…

Qayıdaq o toydan sonra çıxıb getməyən o iki sırtığa. Məgər Allah ayə göndərməkdənsə, onların qarnına sancı salıb ordan qova bilməzdimi?

Təzəbəy… Zeynəbə evlənəndə Məhəmmədin 57 yaşı olub…

Yüz ilə yaxın bundan əvvəl, mən uşaq olanda kənd toyları səhərə yaxın dağılardı. Bəy təriflənəndən sonra sağdış-solduşun müşayiəti ilə toyxanadan çıxıb evə aparılırdı. Evin yaxın adamları dağılışb getmək istəməyən beş-on naqqalı təkidlə evin həndəvərindən qovurdular. Başa düşmürdüm niyə…

10. 11. 2024, Samara

(ardı var)

NAMİZƏD VƏFA NAĞI İLƏ GÖRÜŞ YA QOQOLUN «EVLƏNMƏ» KOMEDİYASI?

Son vaxtlar dünyada çox mühüm hadisələr baş verir: ABŞ-da prezident seçkiləri, Ukraynanın Rusiya ərazisinə girməyi və s. Ancaq məni ən çox maraqlandıran Neftçalada Vəfa Nağı adlı xanımın seçki kampaniyasıdır. Hər səhər yuxudan ayılan kimi Rusiyada qadağan edilmiş Faysbuku oğurluqca açıb bu xanımın səhifəsinə baxır, baxdıqca həyəcanlanır, təəccüblənir, heyrətlənirəm.

Şəkillərin birində Bankəni görüb çox kövrəldim. Səkkiz ya doqquz yaşım olanda mərhum bacım məni Bankəyə aparmışdı. Kiçik kənddən başqa ayrı yer görmədiyimdən Bankə mənə böyük şəhər kimi görünmüşdü. Orda kitab mağazası vardı, bacım pul verdi, üç kitab aldım, biri Puşkinin nağılları idi…

Allah sənə rəhmət eləsin, ay bacı…

Vəfa xanım Neftçalanın ayrı yerlərini də gəzir və çəkdirdiyi şəkilləri qoyur Rusiyada qadağan edilmiş Feysbuka. Mən də oğurluqca baxıram.

Füzuli demişdi: Heyrət ey büt! Halımın surətini görən elə bilər ki, bütəm. Yəni heyrətdən heykələ dönürəm..

Mən də Vəfa Nağının kampaniya şəkillərinə baxdıqca çox heyrətlənirəm. Heykələ dönüb-dönmədiyimi deyə bilmirəm, bunu məni bu halda görən adam deyə bilər. Görənim, baxanım isə yoxdur…

Allah heç bəndəsini tək qoymasın…

Bəlkə bu yazdığımı oxuyan ola və soruşa ki, Mirzə, soruşmaq ayıb olmasın, niyə heyrətlənirsən? Mən də cavab verərdim ki, ay bala, necə heyrətlənməyim? Özün bu şəkillərə bax. Vəfa Naği ilə görüşə gələnlərin içində bir arvad da yoxdur, hamısı kişidir. Bu, deputalığa namizədin seçicilərlə görüşünə qətiyyən bənzəmir. Vəfa Nağı ilə görüşə gələnlər elə bil ki, subay ya dul kişilərdir, arvad bəyənməyə gəliblər…

Məzahir Pənahovun başına and olsun!

Vəfa Nağının şəkilləri mənə Qoqolun “Evlənmə” komediyasını xatırladır. Aqafya İvanovnaya elçiliyə gələn kişiləri xatırlayırsınız?

Əlbəttə, xatrlayırsınız! Dünya ədəbuyyatını gözəl bildiyinizə şübhəm yoxdur…

Çox qəribədir… Yəni kəndlərdəki kişilərin hamısının arvadl ölüb? Hamısı birdən? Seçki ərəfəsində? Heç sağ qalanı yoxdur? Bəs niyə yaylığını başına atıb Vəfa bacıları ilə görüşə gəlmir?

Bəlkə bu kişilərin arvadları ölməyiblər? Namizədlə görüşə ərlərinin qeyrəti yol vermir?

Hə?

Arvadları qırx dərəcədə alaq vurdurmağa, pambıq yığdırmağa, bostanda, dirrikdə torpaqda eşələtdirməyə, bazarda alverə göndərməyə qeyrət yol verir, qadın namizədlə görüşə yol vermir? Bu necə qeyrətdir?

Belə qeyrətlə demokratiya bir araya sığmaz. Belə qeyrətin yiyələrinə Vafa Nağı kimi əqidə mücahidi yox, minüzlü harın ərinin kölgəsində yeyib-içib harınlamış, enlənmiş, yağlanmış Tənzilə Rüstəmxanlı lazımdır. Əlbəttə, Tənzilə Rüstəmxanlının deputatlığa təyinatı onların səsindən asılı deyil, ancaq asılı olsaydı da, ona səs verərdilər. Özlərinə deputat yox, arvad da seçsəydilər, ona səs verərdilər, çünki, “Qayınana”da deyilən kimi, camış kimi arvaddır, hərçənd yaşı keçib…

Yadınıza salıram ki, aprel döyüşləri zamanı, meyitlər döyüş meydanından yığılmamış Sabir Rüstəmxanlı və arvadı qızlaırna toy çaldırıb selfi yayırdılar. Şəhid anaları, ataları, bacıları qardaşları! Əzizlərinizin ruhunu təhqir etmiş arvadı qapınızdan qovun!

tünzalə rüstəmxanlı

Mən seçkilərin nəticəsinin xalqın səsindən asılı olmadığını deyib mürtəce rejimi daha da ürəkləndirmək istəmirəm. Asılıdır! Ancaq biz xalqıqmı? Qəhrəman xanım Vəfa Nağı ilə görüşə anasız, bacısız, arvadsız, özü də üst-başları nimdaş, üzləri tüklü, gözləri yuxulu gələn bu kişilər xalqdırmı? Yox! Xalq olan yerdə seçkilərin nəticəsi seçicilərdən asılıdır. Təkcə Avropada yox, hətta Banqladeşdə, Nigeriyada, Qanada seçkilər bunu sübut edir. Qeyrəti ananın, bacının, arvadın yerinə bülleten atmaqla yox, Tənzilə kimi …ləri it kimi qovmaqla göstərmək lazımdır…

Rusiyada qadağan edilmiş Feysbuka and olsun!

Mirzə ƏLİL

24. 08. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «GET HƏR KİMİNLƏ GƏZİRSƏN GƏZ, İNCİYƏN DEYİLƏM…»

Əliağa Vahid

“Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!”

Aha! Nə isə baş verib, Vahid dəyişib, ancaq etikanı unutmur, keçmiş canana yenə hörmətlə “gözəlim” deyə müraciət edir.

“Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.”

Aha! Qız gəzəyən imiş! Yaxşı ki, kişi çıxmayıb!

“Mənimlə qaş-göz atırsan, gəzirsən özgəylə,”

Vahid olmasın, olaq sən, mən, kim buna dözər? Sənə qaş-göz atır, bəlkə dil də çıxarır, ancaq zadı özgəsiylə eləyir.

“Bu rəngi gəlmə mənə, şivə-zad yeyən deyiləm.”

Gözəl! Radikal və birmənalı. “Şivə-zad yeyən deyiləm!” Əsl qədəş sözü!

Şair bu radikal qərarı çıxarmamışdan cananın, salyanlılar demişkən, bəkqraundunu öyrənib, bilib ki, xalası kim olub, bibisi kim olub.

“Çəkibdir ətrini biganə qönçəlikdə sənin”

Lənət şeytana! Demə qönçəliyindən əğyar ətrini də çəkibmiş!

Bu misra lap fıştırıqdır, yəni qızıl misradır, şah misradır:

“Sən indi gül tək açılsan da, iyləyən deyiləm”.

Təsəvvür edirsiniz? Canan özünü şairə iylətdirmək istəyir, Vahid iri burnunu iki əli ilə sıxıb deyir: “İyləyən deyiləm!”

“Məni şirin dil ilə bəs deyilmi aldatdın?

Zəmanə görmüşəm, axır, iməkləyən deyiləm.”

 Burda biq xırda qüsur var. Laaap xırda. “İməkləyən” sözündən sonra “körpə” olmalıdır. Onda Vahidin fikri düzgün ifadə edilərdi. İndi isə ayrı cür başa düşülür. Yəni madam şairi yıxıb yerə, əlində şallaq, deiyr “İməklə!”. Şair də deyir “iməkləyən deyiləm”…

Akademik dilçilərimizin ruhuna and olsun ki, belə çıxır…

“Əgər öləndə həyatım sənin əlində ola”.

Burda qüsur, yəni dil qüsuru, daha böyükdür. “Öləndə” sözü artıqdır…

“Özüm də Vahidəm, aləm bilir dəyanətimi.”

Burda “özüm də” artıqdır, misra “Vahidəm”lə başlanmalıydı, ancaq qəzəlxan heca sayı üçün cəfəng “özüm də”ni əlavə edir.

“Sənin kimi gedib əğyarə baş əyən deyiləm.”

Son misra şeirin əvvəli ilə düz gəlmir. Əvvəldə canan  kefcil, gündə biriylə ya bir neçəsiylə gəzən bir xanım kimi təqdim olunurdu. İndi oxuyuruq ki, “əğyara baş əyir”. Niyə baş əyir? Başını hara qədər əyir?

Suallar, suallar…

Mirzə Əlil

11. 07. 2024, Samara

ROBERT BERNS. “NECƏ DƏ QƏDDARDIR VALİDENYLƏR…”

Robert Burns

Necə də qəddardır valideynlər,
Sərvətdir onları maraqlandıran

Qapıya gələn tək varlı gicbəsər,
Verilir zavallı qız ona qurban.

Bəs bu yazıq qızım əlacı nədir?

Verə ayağını yerə, getməyə;

Zavallısa o gic zənginə gedir,
Atanın qəzəbi soyusun deyə.

+

Şahin qənimətin  düşür dalınca,

Qaçır göyərçinsə dönərək yelə,
Qurtarsın ölümcül təhlükədən can,

Varkən qanadların qüvvəsi hələ;

Xilas ümidini fəqət itirir,

Yox elə bir yer ki, sğına artıq.

Şonda Şahinçiyə pənah gətirir,

Ayağı altına özünü atır.

1795

ingiliscədən tərcümə

18-19.05. 2024, Samara

++++++++++++++

ROBERT BURNS

How Cruel Are The Parents

 How cruel are the parents
Who riches only prize,
And to the wealthy booby
Poor Woman sacrifice!
Meanwhile, the hapless Daughter
Has but a choice of strife;
To shun a tyrant Father’s hate—
Become a wretched Wife.
Читать далее

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ. QAŞINDAN KEÇƏN AŞİQ…

Bəxtiyar-Vahabzadə

Füzulinin bir qəzəli belə bitir:

Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır”.

Şair sözü həmişə yalandırmı? Söhbət subyektiv mülahizə ya iddiadan gedirsə, onun yanlış olduğunu ya müəyyən sitüasiya ilə şərtləndiyini sübut etməyə çalışmaq olar. “Gözəllərin vəfalılığı”və eyni dərəcədə “vəfasızlığı” barədə mülahizə ya iddia subyektivdir və onların əksi də nə mütləq yalan, nə mütləq həqiqətdir, çünki şəxsi rəy, qənaət, mülahizə və ya subyektiv iddiadır.

Ancaq subyektivlik hərcmərclik, məntiqi xaos deyil. Şeirdə subyektiv yaşantıların, müşahidələrin və mülahizələrin ifadəsində məntiqi bağlılıq və ardıcıllıq olmalıdır.

İndi Bəxtiyar Vahabzadənin bir qoşmasına baxaq. Bu qoşma keçən əsrdə 60-cı illərin sonunda ya 70-ci illərin əvvəlində Baba Mirzəyev (sonralar – Mahmudoğlu) tərəfindən segah üstündə oxunandan sonra geniş tanındı.

“”Sən getdin, elə bil dünya boşaldı”

Bu, aydındır.

“Yaz da köçüb getdi, yeri boş qaldı…”

Yaz gedəndən sonra yeri boş qalır ya yay gəlir?

“Bahar ürəyimi sənsiz qış aldı”.

Yuxarıda demişdi ki, yazın yeri boş qalıb. İndi məlum olur ki, yazın yerini qış alıb.

“Eşqimi aparıb sən getdin demək…”

Sevgililər ayrılıblar. Qız (yəqin Bəxtiyarın sevgilisi kişi olmaz) gedib, eşqini də aparıb.

Eşqi necə aparırlar? Gedən pal-paltarını aparır, qızıl-gümüşünü aparır.

Sondakı “demək” sözünə baxın. Bu, misranı doldurmaq üşündür. Müstəntiq protokolunu xatırladır. “Vətəndaş, demək saat səkkiz radələrində sevgini götürüb getdin…”.

“Eşqsiz bir dünya nəyimə gərək”.

Əgər sevgi aparılıbsa, sevgi gedibsə, nə ah-zardır. Aşiqlər ah-zarı ona görə edirlər ki, sevgili gedir, sevgi qalır…

“Soyuq daşa döndü o gündən ürək…”

Ürəyi “soyuq daşa” dönmüş adam sevgi şeiri yazmaz. Yazanda belə cəfəngiyyat alınır.

Oxucu gözləyir ki, burda təpə, dağ, düz olmalıdır Çünki Bəxtiyar Vahabzadə Səməd Vurğunun şəyirdidir, təpəsiz , dağsız, düzsüz keçinə bilməz.

Doğrudur, burda dağ yoxdur, ancaq təpə və düz var.

“Birimiz təpəyik, birimiz düzük”.

Hansı təpədir, hansı düz?

“Həmişə ayrıyıq, gecə-gündüzük”.

Niyə həmişə? Sevgili təzəlikcə getməyib?

Üstünün qaşıyla tanınır üzük,
Əgər üzük yoxsa,qaşı neylərəm?

Burda, ruslar demişkən, şeytan özü qıçını sındırar. Gəlin görək nə başa düşürük.

Kim üzükdür, kim qaşdır?

“Əgər üzük yoxsa..” Deməli, qız (biz qərara gəldik ki, şairin sevgilisi çox güman ki, kişi eyil, qadındır) üzükdür, çünki gedən odur. Qaş qalıb. Bəs qaşa bənzədilən nədir? Bəxtiyarın özü? Sevgisi? Axı sevgi aparılıb! Ürək də daşa dönüb!

Qıç sındırmaq nədir, baş da sındırsan, bir şey başa düşmək mümkün deyil!

«Niyə yaşayıram mən niyə sənsiz…”

Ritorik sualdır!. Ncə niyə yaşayıram? Bəs «Leninlə söhbət» poemasını kim yazıb bir ətək pul alacaq?

“Nə yerə baxaram,nə göyə sənsiz”.

Bəs hara baxır? Gözübağlı gəzir?

Mən ki kor olmuşam hər şeyə sənsiz
Kor gözün üstündə qaşı neylərəm?”

Bu qaş məsələsi ilə Bəxtityar vurub gözü çıxarır. Şərq poeziyasında aşiq gözündən, ürəyindən, canından keçir. Ancaq qaş? Deyək ki, aşiq heç nəyə baxmaq istəmədiyinə görə gözlərinin üstündəki qaşları qırxdırır…

Qaşıqırxıq Bəxtiyar Vahabzadəni gözünüzün qabağına gətirin…

Doğrudan da şagirdlərin öz müəllimlərini ötüb keçməyi var. Cəfəngiyat yazıb oxucunun başını qafiyələrlə qatmaqda Bəxtiyar Vahabzadə Səməd Vurğunu keçməsə də, ona çatıb..

Rəhmətlik Baba Mirzəyev nə oxuduğunu başa düşürdümü?

Dünən müğənninin bir videosuna baxdım. Oxumamışdan əvvəl nitq söyləyirdi. “Bəşər xəlqinin bir strukturu var…”

Dalına qulaq asmadm. Çünki başımın tükləri biz-biz oldu.

Qaşımın da…

15. 02. 2024 Samara

TURAL SADIQLI HƏR AZƏRBAYCANLININ BAŞINA 130 MİN MANAT QOYUB…

tural sadıqlı 10

Sırtıq və ayıbçı uşaq olan Vova haqqında rus lətifələrinin biri belədir:

Sinifin qızları sözü bir yerə qoyurlar ki, Vova bir də dərsdə ayıb danşsa, durub bir yerdə sinifdən çıxsınlar.

Növbəti dərs şifahi inşadır. Hər şagird öz küçəsində görülən quruculuq, abadlıq işlərindən danışır. Növbə çatır Vovaya. Vova durub deiyr:

—  Bizim küçəmizdə isə fahişəxana tikilir…

Bunu eşidn kimi sinfin qızları üz qoyurlar qapıya sarı. Vova onları daldan haraylayır:

— Qızlar, hara tələsirsiniz. Oranın hələ indi özülünü qoyublar…

Tural Sadıqlı deyib ki, hər şəhidə 130 min verəcək. Niyə yüz əlli min yox, ancaq 130 otuz min, Sadıqlı izah etməyib. Hərçənd 130 min də çoxdur. İndiyəcən nəinki müharibəyə, hətta əsgər getməyən bakılılılar guya komissarlıqların qabağında növbəyə durublar. Söyüş qoyan da var: “Şəhid olmasam, maygülüyəm, bicbalayam!” Guya arvadlardan da getmək istəyən çoxdur. Ancaq şərt qoyublar ki, Tural Sadıqlı pulun yarısını qabaqcadan versin…

Zalım uşağı, verəcək də. Tural Sadıqlı  haçan yalan danışmışdı ki, indi onun sözünə şübhə edirsiniz…Qoy bu zalım balası sərhədi keçib gəlsin. Hara tələsirsiniz?…

Mirzə Əlil

20. 01. 2024, Samara

QURBAN MƏMMƏDLİ TƏZƏ QƏHRƏMANƏ TAPIB. «ÇÖRƏY»Ə «ƏKMƏK» DEYİR..

Nigar Ogeday

Qurban Məmmədli verilişləri üçün yeni qəhrəman  tapıb. Bu qəhrəman sifətdən və səsdən kişiyə oxşasa da, arvaddır. Adı da Nigar Ogeday. Düzüdür, arvada “qəhrəman” sözü bir az uyğun gəlmir. Başqa dillərdə qadən sözünün kişi və qadın formaları var, Məsələn, rusca: герой и героиня. İngiliscə hero və heroine. Bilmirəm, qadın qərəmana “qəhrəmanə” demək olarmı?

Bu qəhrəmanə arvadQurban Məmmədlinin verilişində türkcə danışmaq istəyir, anxaq bilinir ki, türk deyil, türk dilini də mükəmməl bilmir, söləri axtarır. Azərbaycanlını azərbaycanlılar üçün yayımlanan kanalında bu qəhrəmanənin niyə türkcə gücənərək danışmağı çox təəccüblüdür. Bu sirk nömrəsini ancaq azərbaycanlı arvaddan gözləmək olar. İnternetdə axtardım – azərbaycanlıdır, soyadı  — Abdullazadə. Azərbaycanda doğulub, Azərbaycanda yaşayıb. İndi Türkiyədədir, indi guya “çörık” sözünü unudub,”əkmək” deyir… Ay əkmək sənin dilini qurutsun! Məşədi İbad demişkən, “ağzına-ağzına” vurasan…

Öz dilində danış, ay arvad, gücənmə, xata çıxararsan…

İnternetdə bir türk saytında onun haqqında məlumat tapdım. Türkcə yaxşı başa düşmürəm, ona görə Quqllla çevirdim ruscaya.

++++++++++++++++

 azerbaycanlı olup türkiye‘de yaşayan, kendisine gazeteci diyen kadın.

lâfa gelince mangalda kül bırakmayan bir milliyetçi; icraata gelince her türlü diktatörü, hırsızı, yolsuzu güzelleyen bir kalemşor.

sırf savunduğu diktatörlerden birine eleştirel birkaç kelime ettim diye zamanında twitter‘da bana «fetöcü» deyip engellemiştir. bana… türkiye‘de gülencilerterör örgütü diyen ilk insanlardan birine.

+++++++++++++++++++++++++++++++

Женщина азербайджанского происхождения, проживающая в Турции и называющая себя журналисткой.

Националист, который не оставляет камня на камне, когда дело касается слов; Когда дело доходит до действия, он писатель, украшающий всевозможных диктаторов, воров и коррумпированных людей.

Однажды он заблокировал меня в Твиттере, назвав «членом ФЕТО» только потому, что я сказал несколько слов, критикующих одного из диктаторов, которых он поддерживал. Для меня… один из первых людей в Турции, кто назвал гюленистов террористической организацией.”

(Deyəsən, Quql da Nigarı kişiyə oxşatdı və üçüncü şəxs əvəzliyinin kişi formasını seçdi…)

_____________________

Yəni belə başa düşmək olar ki, bu arvad şər bardağıdır, tumançıxdıdır. Qurban Məmmədlinin belə mənfi qəhrəmanələri tapıb televizora çıxarmaqda çox böyük məharəti var.

Allah, deyəsən, bu dəyərli kişinin ağlını alıb. Dua eləyək ki, rəhm eləsin, qaytarıb qoysun yerinə….

Mirzə ƏLİL

15. 11. 2023, Samara

«TÜRKÜN DOSTU TÜRKDÜR» SÖZÜNDƏN TALIŞ İNCİMİRSƏ, O TALIŞIN ÜRƏYİ YOXDUR…

12.11.22

“Qardaş Türkiyə!” (Niyə “bacı” Türkiyə yox, “qardaş Türkiyə?)

“Türk qardaşlarımızın yanındayıq!” (niyə türk bacılarımızın yanında deyilik?)

“Bir millət, iki dövlət!”

“Türkün türkdən başqa dostu, qardaşı yoxdur!”

Aha! Yoxdur deyirsiniz? Bunu talış necə başa düşməlidir? Belədirsə, talış niyə Türkiyəyə yardım etməlidir? Axı dövlət yardımında bütün əhalinin payı var. Əgər türkün qardaşı türkdürsə, Türkiyəyə yalnız türkdilli azərbaycanlılardan yardım getməlidir. Belə deyil?

Türkün qardaşı yalnız türkdürsə, talış niyə əsgər getməlidir? Niyə Qarabağ uğrunda vuruşmalıdır? 44 günlük müharibədə Lerikin bir kəndi əhalisi iki ilyon yarım olan Bakıdan çox şəhid verib. Bu cavanlar Azərbaycan üçün yox, türk üçün ölüblərsə, nahaq ölüblər. Belə deyil?

“Bir millət, iki dövlət”? Bu necə olur? Bəs siz Qarabağ ermənilərinə demirsiniz ki, bir millətin iki dövləti olmaz?

Deyək ki, br millətin iki dövləti ola bilər. Ancaq millətin vahid dili olmalıdır. Biz osmanlılarla bir millətiksə, iki dildən biri artıqdır. Yəni biri dildir, o biri onun  dialekti ya da ləhcəsi. Osmanlılar, əlbəttə, öz dillərini dil sayırlar, bizimkini ləhcə. Bizim pantürkistlər də belə sayıblar. Ona görə Hüseyn Cavid osmanlıca yazıb və onun əsərlərini tərcümə eləmədən ya da ən azı azərbaycancaya uyğunlaşdırmadan başa düşmək mümkün deyil.

Siz istəyirsiniz ki, sabahdan “pis” deməyək, “götü” deyək?

“Bir millət, iki dövlət” iddiası Azərbaycana xəyanətdir, bununla dövlətçiliyimizin əsasları sarsılır, azərbaycanlıların millət olduğunu inkar edilr.

Əgər xalq, yəni onun etnik türk hissəsi osmanlıların ağuşuna atılmağa hazırdırlarsa, talışın bu qızğın, ehtiraslı  ağuşdan var gücüylə yayınmağa haqqı var.

“Bİz türkük!”

 “Türklər dünyanı idarə edəcəklər!”

Haçan? Kim, hansı türklər dünyanı idarə edəcəklər? Ölkəsində feodal-faşist rejimi yaratmış Türkmənbaşılar, ölkəsini ailə mülkiyyətinə çevirmiş quldur Nazarbayevlər, Kərimovlar? Bu şizofrenik iddianın arxasında nə dayanır? Sovet imperiyasından çıxan türkdilli ərazilərdə ən rəzil rejimlər yaranır, əhali müti şəkildə əsli-kökü olmayan, hakimiyyətə quldurluqla gəlmiş hampazorların ailəvi əsarətinə dözür. Hansı dünya ağalığını arzulayırsınız? Özünüzə yaxşı baxın, nə gündə olduğunuzu görərsiniz.

Türkçülük isteriyası Azərbaycanın içəridən qurd kimi yeyəcək, çünki gündə milyon dəfə “biz türkük” deməklə başqa etnik qruplarda dözlətə, ölkəyə qarşı inciklik və hətta nifrət yaranır. Özünüzü talışın yerinə qoyun: hər dəfə “türkün yeganə dostu türkdür” iddiasını eşidəndə hansı hissləri keçirərdiniz?

Bu şüarı Erdoğan səsləndirəndə də ağ yaan deyir. Osmanlıların qardaşları almanlardır. Almaniyada üç milyondan çox etnik türk var, vaxtilə Almaniyaya ayağı çarıqlı fəhlələiyə gələnlər orda savadlanıblar, adam içinə çıxablar, biznneslər qurublar, deputat seçilirlər, nazir olurlar. Həsən bəy Zərdabini, Üzeyir bəyi, Mirzə Fətəlini, Mirzə Cəlili ruslar oxudub bizim milli sərvətimizə çeviriblər. Türklərdən öyrənən Caviddir ki, yazdığını tərcümə ilə oxuuruq.

Bizim qardaşlarımız və bacılarımız qabaqcıl millətlərdir, ölkələrini həbs düşərgələrinə çevirmiş, insan qanı içən diktatorlar yox. Bizim qardaşımız, bacımız bizə rentgeni, penisilini, pasteri, radionu, televizoru, təyyarəni, İnterneti vermiş almanlar, ingilislər, fransızlar, amerikalılardır, on minlərlə mehseti türklərini diri-diri yandıran, hamilə qadınları qarılnlarıı cıran özbəklər yox.

Azərbaycan çoxmillətli dövlətdir – nə qədər ki, bu əsas birgəyaşayış qanununa çevrilməyib, ölkənin gələcəyi tükdən asılı olacaq. Talışı məktəbdənn, mətbuatdan, teatrdan mərhum etməyiniz bəs deyilmş kimi, indi onun boynuna zorla türkçülüyü də qoyursunuz.

Utanın! Talışların verdiklləri saysız şəhidləri xatirəsinə hörmət edin!

Türkiyə zəlzələsi indi ekranda eyni vaxtda nümayiş etdirilən çoxsaylı realiti-şouya çevrlib. Günün qəhrəmanı – drunduletinə köhnə yorğan-döşək yüykləyib şəhəri fırlaan və bunu videoya çəkdirib yayan manısdır. Onun nimdaş yatacağına osmanlı yiyə durmayacaq. Bu manıs işləyən, qan-tər tökən adama da oxşamır, yəqin avantüristin biridir, gəlib nənəsinin pal-paltarını yükləyib arabaya, hərçən ağlı işləyir ki, bunu videoya çəkdirsin.

Şoy baş tutub.

Və şou davam etməlidir!

Bizim rəhbərliyə isə bu zəlzələ Allahın meməti kimi oldu. İndi bu hay-küyün, mərəkənin fonunda nə qədər fəalı istəsən şərləyəb dama basa bilərsən. Nə qədər bandit MTN-çini damdan buraxıb oğurladığı miluyardları özlərinə qaytara bilərsən…

Mən bir anlığa təsəvür elədim ki, talışam. Və gördüm ki, bu komediya, bu türkçülük hoqqabazlığı mənim xoşuma gəlmir. Mən nəinki inciyirəm. MƏn hətta hiddətlənirəm də!

Mirzə ƏLİL

  1. 02. 2023, Samara