Архивы

ALEKSANDR PUŞKİN. ÇİÇƏK

ПУШКИН

ALEKSANDR PUŞKİN

        ÇİÇƏK

                      Цветок засохший, безуханный…

 

Qurumuş, ətrini itirmiş çiçək,

Unudulub qalıb kitabda çoxdan.

Daldım  xəyallara onu görən tək,

Fikrimdə suallar yarandı bu an:

 

Harda o canlanıb, hansı baharda,

Çoxmu ömür sürüb? Kim olub dərən?

Dərən tanış əlmi, ya da ki yaddır,
Niyə bu kitabda saxlayıb görən?

 

Bəlkə xoş görüşdən o, bir yadigar,

Müdhiş ayrılıqdan xatirə bəlkə.

Çölün sükutunda, meşədə ya da,
Gəzintidən kimsə gətirə bəlkə.

 

O insan görəsən indi sağdımı?

Hansı guşəsində yaşar dünyanın?

Kitabda tapdığım çiçək sayağı,

Bəlkə solub gedib həyatı onun?

1831

Ruscadan tərcümə

03.10.2017

Samara

ALEKSANDR PUŞKİN. ŞAİR

ПУШКИН.jpg                                                         

ALEKSANDR PUŞKİN

                      ŞAİR

                  Поэт! Не дорожи любовию народной…

 

Şair, xalq məhəbbəti, qoy səni aldatmasın,

Ötər ani hay-küyü alovlu təriflərin.

Sənə gülər kütlə də, sarsaq da qınar səni,

Halını pozma sənsə, möhkəm ol, həm kədərli.

 

 

Sən sultansan, tək yaşa. Azadlığa addım at,

Get, azad ağıl hara çəkib aparsa səni.

Əziz düşüncələrin meyvəsini yetir sən,

Nəcib şücaətinə diləmədən mükafat.

 

Özündədir mükafat. Sənsən özünə hakim.

Səndən də ciddi qiymət verməz işinə heç kim

Ey tələbkar sənətkar: işinlə razısanmı?

 

Razısan? Qoy üstünə onda kütlə  yürüsün,

Sənin odun qızaran mehraba da tüpürsün.

Necə uşaq çalışar  laxlada qurbangahı.

 

7 iyul 1830

ruscadan tərcümə

02.10.17

Samara

MİXAİL LERMONTOV. SÖVDƏ

LERMONTOV.jpg                           

MİXAİL LERMONTOV

              SÖVDƏ

                Пускай толпа клеймит презреньем…

 

Kütlə nifrətiylə damğalasın qoy,

Bizim müəmmalı birliyi hər an.

Kütlənin gözündə, neynək, eybi yox,
Nikah bağlarından sən kənardasan.

 

Bütləri önündə dünyanın fəqət,

Diz üstə çökmürəm, əyilmirəm də.

Sənin tək mənə də tanış cəmiyyət,

Nə nifrətə layiq, sevgiyə nə də.

 

Mən də sənin kimi kef-damaqdayam,

Hamıya yaxınam, hamıdan uzaq.

Dostam dəliyə də, ağıllıya da,

Tabeyəm qəlbimin səsinə ancaq.

 

Qədrini bilmirik xoş günümüzün,

Ancaq adamlara veririk dəyər.

Xəyanət etmərik bir-birimizə,

Və aldada bilməz bizi özgələr.

Tapışdıq səninlə  necə dünyada,

Yenə ayrılarıq bir gün eləcə.

Bizim sevgimizin yoxdu sevinci,

Dərdi olmayacaq ayrılığın da.

1840

Ruscadan tərcümə

28.09.2017

Samara

 

ALEKSANDR PUŞKİN. HAFİZDƏN

ПУШКИН

ALEKSANDR PUŞKİN

   HAFİZDƏN

          (Fərat çayı qırağında düşərgə)

 

Əsgəri  şöhrətin eşqinə düşən,

Ey cavan oğlan!

Qarabağlılarla qanlı döyüşə,

Atılma, dayan!

Çıxmaz, bilirəm ki, ölüm qarşına.

Səni görəli,

Gözəlliyinə və cavan yaşına,
Qıymaz Əzrail.

Qorxuram bu qanlı döyüşlər ancaq
Tamam məhv edə,

Ürkək təvazönü davraışında,
Həyan da itə.

 

1829

Ruscadan tərcümə

26.09.17

Samara

ALEKSANDR KUŞNER. PƏNCƏRƏDƏN BAXARAM GECƏ BULUDLARINA…

ALEKSANDR KUŞNER

                                     Я к ночным облакам за окном присмотрюсь…

Pəncərədən baxaram gecə buludlarına,

Pərdəni aralayıb.

Xoşbəxtdim. Qorxu vardı ölümdən həm. Yenə var,

Ancaq həminki deyil.

 

Ölüm nədir – küləkdə uğultuyla titrəmək.

Məyus, həqir duruşlu ağcaqayınla birgə

Ölüm nədir – yumursan gözlərini, açan tək

Ayılırsan hansısa şah sarayında bəlkə.

 

Ölüm nədir – ən çətin bir qozu sındırırsan,

Və bütün səbəbləri öyrənirsən. bir anda

Ölüm nədir –hamının çağdaşısan indi sən,

Sayılmır, əlbəttə ki, hələlik yaşayanlar.

Ruscadan tərcümə

10.08.2017

İNNA LİSNYANSKAYA. «ALMA VARLI VERƏNİ…»

İNNA LİSNYANSKAYA

              Забвенья нету сладкого,
Лишь горькое в груди…

Şirin deyil unutma`-
Ürəkdə acısı var.

Güclüdən kömək umma,

Dadına zəif çatar.

 

Cəhənnəm dönəmidir,

Elə bil Rusiyada.

Alma varlı  verəni,

Yenə kasıbdan istə

 

 Bütün dərklər əyandır,

Doğru nə varsa – üzdə.

Üzr istə günahlıdan,
Üzr istəmə təmizdən.

1967

Rus dilindən tərcümə

21.06.2017

İNNA LİSNYANSKAYA. «TANRI, APAR MƏNİ ONUN YERİNƏ…»

İNNA LİSNYANSKAYA

              (24.06.1928 – BAKI – 12.03.2014, İsrail)

TANRI, APAR MƏNİ ONUN YERİNƏ…

                           «Возьми меня, Господи, вместо него…»

Tanrı, apar məni onun yerinə,

Onasa rəhm elə, onasa dəymə.

Həyatda vecsizin mən ki biriyəm,

Yolla, məsləhətsə, lap cəhənnəmə.

 

Rəhm elə, yaşasın hələ dünyada,

Çalışsın, axtarsn uğur qazancı.

Razıyam əriyim qır tiyanında,

Tabutu başında yanmayım ancaq.

 

Tanrı, gözüyaşlı yalvarıram mən.

Rəhm elə, damarda qanımı dondur.

Günahıma görə apar – axı bilirsən,

Səndən daha artıq sevdiyim odur.

1978

Ruscadan tərcümə

11-12.06 – 2017

Samara

İOSİF BRODSKİ. VƏTƏNƏ DÖNÜRSƏN…

İOSİF BRODSKİ

VƏTƏNƏ DÖNÜRSƏN

                                                  Воротишься на родину. Ну что ж.

 

Vətənə dönürsən. Deməli belə.

Boylan yan-yörənə, kimə gərəksən.

Səni unutmayıb hansı dost hələ?

Dönürsən. Yolüstü dükana gir sən

 

Şirin çaxır götür şam yeməyinə,

Pəncərə önündə dayanıb düşün.

Nə olub — günahkar özünsən yenə.

Neynək. Belə yaxşı. Allaha şükür.

 

Heç kim nə yaxşı ki, müqəssir deyil,

Yaxşı ki, deyilsən heç kimə bağlı,

Yaxşı Ki, heç kim  də əsirin deyil
Sevə ölənəcən ürəyi dağlı.

 

Yaxşı ki, gecənin qaranlığında

Səni ötürmədi heç kimin əli

Nə yaxşı tək-tənha və pay-piyada,
Vağzalı tərk edib gedəsən elə.

 

Nə yaxşı vətənə tələsən zaman,

Pərdəli sözlərin açıla sirri.

Duyasan ki, qəlbi qayğılandıran,

Yenilik, dəyişmə ümidləridir.

1961

 

Ruscadan tərcümə

29-30.05.2017

Samara

 

 

MARİNA TSVETAYEVA. ÖLKƏ

MARİNA TSVETAYEVA

 

        ÖLKƏ

 

                        С фонарем обшарьте
       Весь подлунный свет!
       Той страны — на карте
       Нет, в пространстве — нет.

 

Əldə çıraqla gəzin,

Bu dünyanı axtarın.

O yurd nə yer üzündə,

Nə də xəritədə var.

 

İçilib nəlbəkidən

Sanki – dibi görünər!

Evə necə dönəsən

Dağıdılıbsa əgər?

 

Gərək yeni ölkəyə

Doğulasan yenidən!

Səni yıxıb sürüyən,

At belinə dön indi!

 

(Salamatdımı-sağmı

Heç olmasa sümüklər?)
Yəqin belə qonağa

Qıymaz heç çörəkçilər

 

Quru tikə də. Dülgər.

Satmaz  heç tabutu da.

Yolları sonsuz ölkə,

Cənnət ölkə yox daha.

 

Təkcə xatirəsiylə

Qalır – orda gənc idim.

Yox həminki Rusiya,

Yoxam həminki mən də.

 

1931

Ruscadan tərcümə

10.03.2017.  Samara

 

 

 

 

ALEKSANDR BLOK. «AH, NECƏ YAŞAMAQ İSTƏYİRƏM MƏN…»

ALEKSANDR BLOK

              О, я хочу безумно жить,

              Все сущее – увековечить…   

 

Ah, necə yaşamaq istəyirəm mən:

Ötəri hər şeyi —  əbədi etmək,

Canlatmaq  — həyata keçməyənləri,

Simasız nə varsa – bəşərilətmək.

 

Ağır yuxusuyla boğsa da həyat,

Nəfəsdən düşsəm də indi nə qədər,

Məni yada salıb bəlkə də bir vaxt,

Qəlbi sevic dolu gənc belə söylər:

 

Ona hüznlüyü tutmayaq irad,

Bəlkə bu, ilhamın mənbəyi idi?

Xeyirdən, işıqdan yaranmış övlad,

O həm azadlığın təntənəsiydi.

 

5 fevral 1914

Ruscadan tərcümə

26-27.01. 2017, Samara