Архивы

VƏTƏN YUXUSU

İndi ölkəsən daha,
Sərhədin, gömrünyun var,

Bayraq meydanlarında,

Bayrağını yel vurar.

 

Sərhədini mən indi,
Gərək turist tək keçəm,

Hələ lotu bir gidi,

Özmüə  yoldaş seçəm.

 

Deyə harda nə indi,

Və harda nə neçəyə.

Göstərə nə kimindi,
Varı-yoxu da söyə.

 

Açıla qalar ağzım,
Tozun-torpağın girər.

Qaşınar qumdan  gözüm,
Bayrağınsa yellənər.

 

Soydaşlar dəstə-dəstə,
Ötüşərlər yanımdan.

Görərlər nə turistəm,
Nə də yerli adamam.

 

Sonra basırıq düşər,
Qeybə çəkilər gidim,
Məni qorxudar şəhər,
Bilmərəm hara gedim…

 

Aralanmışq, Vətən,

Əlim çıxıb əlindən.

Getmisən, ya gedirsən,
Yapışmışam dilindən…

 

16. 08. 2018

Samara

 DAYIOĞLU MAHİRİN XATİRƏSİNƏ

06 2.jpg

Çağırmazlar toya daha,

Daha çalıb-çağırmazsan.

Nə ana var, nə də ata —
Deyə-gülə keçər yasın.

 

Yaşın azdı, qırx beş idi,
Üzülmüşdü ürəyinsə.

Yarı ömrü atıb getdin,

Elə bil ki, oyun üstdən.

 

 

Hamı gedir, yox gələni,

Ordakını kim nə bilər.

Göz yaşı tək bəlkə sənin,

Nə günahın var, silinər.

 

06. 08. 2018

Samara

FƏRHAD MİRZƏYEVİN XATİRƏSİNƏ

fərhad

Səni tanıyandan bildim hər insan,

Heç də hər insana canavar deyil.

Bildim əgər dara düşüb çağırsam,
Görərəm səsimə kimsə hay verir.

 

O vaxtsa adamın hər cürü vardı.
Quzu kimisi də, canavarı da.

Heç kimə heç nədə sən oxşamırdın,
O vaxt kübar yoxdu, sənsə kübardın.

 

 

Uzun barmaqların qalıb yadımda,
Sən həm musiqiçi, musiqiydin həm,
Kim var ki, qoşulub ağlayam indi,

Kaş ki yalquzaq tək ulaya biləm…

27.07. 2018

Samara

KƏND DƏFNLƏRİ

23..jpg

Kəndin bayramından, toyundan artıq,
Kəndin dəfnləri əzəmətlidir,

Uzaq-yaxın hamı yığılıb gəlir,

Hamı əlindəki işini atır.

 

Bir göz qırpmında qoça, cöngəyə,
Bir yekəpər  bıçaq elə çəkilir,
Yazıq nə tərpənir, nə dinə bilir,

Ancaq qızıl qanı fışqırır göyə.

 

Əlüstü odlanır dədə samovar,
Ocaq yandırılır neçə yan-yana,
Qayırıb asırlar teşti, qazanı,
Bunda ət pörtülür, onda plov var.

 

Gedir iş dalınca qəbirqazanlar,
Belləri çiynində, yerişləri şən,
Yuyucu tapılır yer deşiyindən,
Çox çəkmir, molla da gəlir hüzura.

 

Qalanlar əl-ələ çadır qururlar,
Sözlə, məsləhətlə görürlər işi,
Baxılır, yoxlanır işin gedişi,

Rəhbərlik edən var, ağsaqqal da var.

 

Elə yuyurlar ki, öləni, bəlkə,

Bəlkə sağlığında tamarzı qalıb.

Sonra səliqəylə büküb-bağlayır,

Götürüb gedirlər dəfn eləməyə.

 

Piyada, tabut da çiyinlərində,
Gedirlər, yox ancaq “yoruldum” deyən,
İndi hamı qıvraq,  hamı da yeyin,
Heç kim havadan da çəkinən deyil.

 

Allah deyə-deyə gəlib çatirlar,
Məzara qoyurlar burda öləni,
Bir az dinləyərək molla deyəni,

Təzə qəbrin üstə torpaq atırlar.

 

Düşür qabağına molla kütlənin,
Yenə kənd yoluna camaat çıxır.

Yox daha küsülü, qanlı-bıçaqlı,
Dostu-qardaşıdır hamı hərənin.

 

İndi toyuq-cücə, çəpər davası,
Hamının elə bil çıxıb yadından,

Yolu kəsilənlə yol kəsən indi,

Qol-boyun gedirlər evlər arası.

 

Qonşu savaşları soyumayan kənd,
Bir saat içində təşkilatlanır.
Üç günlük, beş günlük icma yaranır,
Ölüm bahasına olsa da hərçənd.

 

Bəlkə parçalanıb beş-altı ürək,

Qalan ürəklərdə yaxşı havadır.

Kəndiçi davası ağır davadır,

Yəqin yatmağının qurbanı gərək…

 

23.07. 2018

Samara

ADIN ÇƏKİLMİRSƏ, DEMƏLİ, SAĞSAN…

27

Fərdi kompüterdə, bloknotda ya,
Yazdığın, qoşduğun yığılıb qalır,

Nə bir soruşan var, nə də ad tutan,
Nə ölkən tanıyır, nə də ki, xalqın.

 

Bəlkə də bu, pisdir (harası axı?),
Yaxşı tərəfləri daha çox ancaq.

(Elə hər tərəfdən deyilmi yaxşı?)

Demək, ölməmisən, hələ başın sağ!

 

Ritual xidmətin ən gözəlini,
Ölsəydin, bəlkə də, göstərərdilər.

Korteji gələrdi limuzinəlrin,

Morqa, adamlar da dəstələnərdi.

 

Bəlkə AZTV-də küyə düşərək,
Sənin ölümündən xəbər verərdi,
Ancaq təəssüf ki, həmişəki tək,
Çoxu yalan bilib şübhələnərdi…

 

Nəinki adını çəkərdi hamı,

“Mərhum” deyərdilər hələ önündə.

Dəfn bitər-bitməz  “irsi mərhumun”,
Ciddi ədəbiyyat sayılar indi…

 

Bioqrafiya da düzüb-qoşarlar,

Uğursuz məhəbbət, daşürək gözəl…

Guya neçə yerdə neçə uşaq var,

Beş-altı şəhərdə…mənə bənzəyən…

 

Hələ yazardılar dissertasiya…

Dissertasiyalar… yazdırardılar…

İrəli gedərdi filologya,
Kimsə akademik adı alardı…

 

Deyərdilər «mərhum», «mərhumun» irsi…

Deyərdilər yalan, deyərdilər gop.

Sənin o dünyada turardı hirsin,
Çığırıb deyərdin “yalançının lap…”

 

Axtarıb-tapan yox – fikir eləmə,

Heç yerdə çəkilmir adın – darıxma.

Cahangirin oğlu, sevin, qəm yemə,

Adın çəkilmirsə, deməli, sağsan…

 

27.06. 2018

Samara

İT HAQQINDA       

30.05.jpg

Qayalı yerində çay qırağının,
Yaşıl pöhrəlikdə yataq salaraq,
Xəstə it haçandan yıxılıb qalır,
Gözləri də qara, yunu da qara. 

+

Yanında sümüyü, tikəsi də var,
Paydır burdan keçən balıqçılardan.

Arabir başını qaldırar, baxar,

Yeməyə nə həvəs, nə güc var ancaq.

+

Laçın bir it olub yəqin haçansa,
Neçə cür kefini görüb dünyanın.

Azad it həyatı necə çətinsə,

Sevgilər yaşayıb, gəzib, oynayıb.

+

Ölüm yatağından Volqanın geniş

Sinəsi görünür. İsti havada,
Çaya az girməyib. Öləndə leşi,

Bəlkə bu sulara atılıb axar…

+

Halı pis olsa da, duyur gələni,

Narahat dikəlib bir ağız hürər.
Duruxur, istəmir onu elə bil,

Ölüm yatağında bir adam görə…

29-30. may 2018

Samara

MƏKTƏB YOLDAŞIM ELDAR       RÜSTƏMOVUN ƏZİZ XATİRƏSİNƏ

13.05.jpg

Əllini keçibsə yaş, vəziyyəti

Güzgüdən öyrənmə, yaşıdına bax,

Önündə durduğun güzgü deməyən,

Üz-üzə dayanan özgə deməyən,
Sən özün barədə hər həqiqəti,

Bilərsən ona bir nəzər salaraq…

 

Qırx il ayrılıqdan sonra görüşdük,
Qırx ilin gücünü mən onda gördüm,
Elə bil alışıb külə dönmüşü,
Küldən qaldırıblar, ya da qəbirdən…

 

Telefonla gəldi ölüm xəbəri,

Zəngləşə bilmədik sağdı nə qədər.

Mən də ki… Elə bil sabah gedirəm –

Kimdi zəng eləyən? Kimə zəng edər?…

 

Xərçəngdən, İrandan, on saat çəkən,
Əməliyyatından danışdı onda.

Həkimə pul gedib orda bir ətək,
Xəstəlik də yaman, xərc də yamandı..

 

Qənaətcil idi, həm də ki, düzdü

Həyat da ki, bir az çətin həyatdı…

Abırlı şalvarı heç vaxt ütüsüz

Olmazdı, saxlardı döşəyin altda…

 

Qiymət həvəsiylə can vuruşduran,
Beşi dərman kimi istəyən, alan.

Qardaş, çatdı sona yarışlar indi,
Ayrıdır sən gedən yerdə imtahan…

 

… Özündən xəbəri yoxdu elə bil,
Torpaq hayındaydı, qazanc hayında.

Varisi özü tək çox çox zirək deyil,
Baxmasa, deməsə batar ziyanda…
 

Yəqin ağlaşıblar qrup qızları,
Yığılıb gediblər bəlkə yasına,

Tədbirli, qılıqlı, həlim, tikansız,
O vaxt belə idi…Dəyişmədisə…

 

Yerimiz əlifba sırasıyladı,
Bir parta həmişə yeri qabaqdı…

Elə bu qaydayla aparsaydılar,
Mənim də gedişim bu gün-sabahdı…

 

13.05. 2018

Samara

KƏNDÇİMİZ ƏBİL QARA OĞLUNA BAŞSAĞLIĞI ƏVƏZİ

ƏBİL.jpg

Yeganə oğlunu qəzada itirmiş kəndçimiz Əbil Qara oğluna

                         başsağlığı əvəzi

Çəpəri nizamlı, həyəti təmiz,
Bağı səliqəli, bağçası qəşəng,
Yonulu, ütülü arxı-bərəsi,
Qapısı-bacası, evi təzərəng.

 

Özü ehtiyatlı uşaq yaşından.

Suyu da üfürüb bəlkə içəndi.

Yüz ölçüb-biçəndi davranışında,
Sayan, fikirləşən, hesab çəkəndi.

 

Yağmurlu yaz ola, ya payız ola,
Horralı yollarda ayaq döysə də,

Üstünə-başına, bilir, tanıyan,

Düşməzdi palçığın bir giləsi də.

 

Qardaş, niyə fikrin yayındı belə,
Qardaş, gözün hara ilişdi, qaldı?

Sənə nə oldu ki, balana gələn,
Qadanı, bəlanı qabaqlamadın?

 

Qəddin əyilməsin, dikəlt başını,
İndi göydən gələr təsəlli sənə.

Ağlama, ağlama, gözünün yaşı,
Üşüdər balanın xatirəsini.

01.05. 2018

Samara

İLAHİ, NƏ YAXŞI, GETDİ CAVANLIQ…

26..jpg

İlahi, nə yaxşı, getdi cavanlıq,

Getdi diş ağrısı çəkilən kimi,

Belimi ağrıdan, əzən çiynimi,
Şələdən qurtarıb canım elə bil.

+

İndi buz kimidir ürəyim daha,
Keçib sevgilərin odu haçandır,
Kükrəməz, qaynamaz indi  qanım da,

Elə bil ki, sudur, axıb gedər lal.

+

Gəlməz eynimə də fəsildəyişim,
Çevrilir vərəqlər sanki, oxunmur.
Quşların nəğməsi qəlbə toxunmur,
Baxmaram qar düşüb, çiçək döşənib.

+

Daha görüşlərə tələsmirəm mən,

Nəfəsim tutulmur yar həvəsiylə.

Can daha naz-nemət hərisi deyil,

İncidən olsa da, küsə bilmirəm.

+

Ayıra bilmirəm öləni sağdan.

Ən əziz insanlar yadımdan çıxır.
Elə ağlayıram, gözlərim çıxır,

Amma bilmirəm ki, nədir ağladan…

+

Qüvvə də qalmayıb indi əlimdə,

Yapışıb saxlaya biləm həyatı,

Ötüb cavanlığın getdi saatı,

İlahi, hazıram özüm də gedəm…

26.04. 2018

Samara

QAZ KƏMƏRİ GƏLİB KƏNDƏ, NƏHAYƏT…

SAHƏ.jpg

Kəndə qaz kəməri gəlib, nəhayət,

Hər evdə qaz yanar bəlkə sabahdan.

Qazın kəndimizə verdiyi ləzzət,
Çətin alınardı yüz əlli yazdan.

+

Azəri kəndinə azəri qazı,
Yolunu bir əsr azdırıb gəlib,

Dünya bazarını dolaşıb, gəzib,

Yarı Avropanı qızdırıb gəlib.

+

Heyf ki, kəməri görmədi anam,
Kipriyi həmişə od götürənim,
Əlləri təndirdə, ocaqda yanan,
Odun daşıyanım, su gətirənim.

+

Ölən günə qədər neft pilətəsi,
Yandı, tüstülədi, gözü yaşartdı.

Ölkə sərvətindən ona çatası,
Bu acı tüstülü, hisli həyatdı…

+

Farışdan yaralı çiyinlərində,
Odun şələləri daşıyanlara,

Tökülmüş-sökülmüş geyimlərində,
Qışda da, yazda da üşüyənlərə,

+

Yuxusuz gözünə tüstü dolduran,
Gecə-gündüz əski qurudanlara.

Qışın şaxtasında, yaz soyuğunda,
Can qoyub məişət yaradanlara,

+

Yəqin ki, halaldır kiçik abidə.

Məktəbin yanında, məscidin ya da.

 Bir dilim xatirə yana əbədi,

Həyatı şam kimi yanan arvada.

17.04.2018

Samara