Архивы

KÖHNƏ BİLET

U LENİ. KİNO

Nəsə axtaranda, təsadüfən ya,
Tapırsan lap köhnə bileti birdən.

Atmağa gəlməyib əlin haçansa,

Səfərdən yadigar bəlkə bilmisən.

 

 

Təyyarə bileti, ya da ki, qatar,

Saxlanıb əlfəcin əvəzi bəlkə.

Tapanda kitab da yadında çıxar,
Biletə baxarsan, gözün yol çəkər…

 

 

Dinər qulağında mühərrik səsi,
Uçuş həyəcanı yaşarsan yenə.

Diktorun qəribə ingiliscəsi,

Lirik nəğmə kimi yatar qəlbinə.

 

 

Ya da ki, vaqonun plaskartına,

Girərsən, itələr dal da, qabaq da.

Yerini düzəldib, başını atıb,
Yatarsan, bir gözün qalsa oyaq da…

 

 

Hər uzun yolun da sonu var axı —
Gəlib yetişirsən…Həminki ölkə…
Adamlar da həmin. Əlini sıxıb,

Hal-əhval soruşub çəkiləcəklər…

 
Baxıb boylanırsan həndəvərinə,
Bilmirsən dalınca gəldiyin nədir.

Yola çıxacaqsan sən ancaq yenə,
Belə səyahətlər hələ öndədir.

 

 

Cənnət guşələr var yer kürəsində,
Yolu oralara düşən — bəxtəvər!

Sarsıdar ruhunu, zəngin edər həm,

Köhnə biletlərə baş tutan səfər!

 

11.02. 2020, Samara

ƏYYUB

U LENİ

Aytəkin Axundzadəyə

Günahdan və şərdən qaçardı Əyyub,

Tanrıdan qorxandı, ədalətli həm.

Üç qızı var idi və yeddi oğlu,
Varı nə qədərdi – yox idi bilən.

 

 

Yeddi min baş idi qoyun sürüdə,

Üç mindən artıqdı bəlkə dəvəsi.

Öküzlər beş yüzdü, ulaqlar həm də,

Nökərlər, kənizlər nə qədər desən.

 

 

Bir gün fitnəsinə İblisin Uyub,
Sınamaq istədi Əyyubu Tanrı,
Neçə zərbə aldı bəndəsi Əyyub,
Hər biri sarsıntı, hər biri ağrı.

 

 

Sürüyə od-alov töküldü göydən,
Bir göz qırpımında yandı qoyunlar.

Yağı hücum çəkdi qılınc əlində,
Dəvələr, öküzlər yağmalandılar.

 

 

Bir gün oğlu-qızı yeyib-içirdi,

Uçdu  başlarına evləri birdən
Əyyub yaxasına əl atdı, cırdı,
Dəhşətə gələrək bu bəd xəbərdən.

 

 

“Çılpaq doğulmuşdum bir vaxt anadan,
Dünydan, İlahi, lüt də gedərəm.

Tanrı verən idi, aldı Tanrı da,
Onun adınadır yenə də səcdəm”.

 

 

Məntiq var bəlkə də sınanmağında
Zənginin… Almağa çoxsa sərvəti.

Kasıbdan alınır son gümanı da,

Axır ümid yeri… Burda nə məntiq?

 

 

İlahi, şübhəm yox ədalətinə,
Şeylər var, yozmağa ancaq acizik,

Daşqınlar, yanğınlar olsa da yenə,
İblis fitnəsiylə sınama bizi…

 

09.02. 2020, Samara.

DELETE

Son dəfə qələmi əlimə alıb,
Haçan yazdığımı deyə bilmərəm.

Çatlaq “armudu”ya yığılıb qalıb,

Quruyur içindən bir ovuc qələm.

+

Dəhlizə qoyulub istifadəsiz,
Bəlkə on beş ildir yazı makinam.

Bahalı yuqoslav maşını, “Unis”,
Tapıb-düzəltmişdi pulunu anam…

+

Yazıram kağızsız, qələmsiz indi,
Qalmır variantlar, qaralamalar.

Canda həyəcansa elə həmindir,
Kardioqram tək çıxır misralar.

+

Yoxsa müsahibin — itiridin səsi,
Kağızsız, qələmsiz  xətt itir artıq.

Nə qəm, tanımasın məni özgəsi,

Faciə özümü tanımamaqdır.

+

Bizi kainata atan Tanrısa,
Nəyi necə yazsaq, anlayır gözəl.

Yox, bizi bir “delete” komandasıyla,
Silməyə qadirdir bircə yalnız əl…

07. 02.2020, Samara

DOST

ilham                                            İlham Ağayevə           

 

İstər Pele olsun, Ronaldu ya da,

Oyuna azarkeş maraq yaradır.

Topu da qovduran, qol da vurduran,
Dəniz kimi coşan tribunadır.

 

 

Kütlələr olmasa stadionda,
Rekord qazanılmaz, zirvə aşılmaz,

Həvəs öləziyər yarışa onda,

Bədən ağırlaşar, sönər ehtiras…

 

 

İdmanı sevirəm – ancaq uzaqdan,
Sözə  söz calamaq mənim peşəmdir.

Çoxdan, lap ilk yazım üzə çıxandan,

Bir insan həmişə azarkeşimdir.

 

 

Uğura səsləyib, uğur gözləyib,
Məni inandırıb özümə bəzən.

Layiq olmadığım elə söz deyib,

Bəlkə qızarmışam xəcalətimdən.

 

 

Məndən söhbət açıb kimi görübsə,
Guya ki, beləyəm, eləyəm ya da.

Ay səmimi insan, qəlbi böyük dost!

Özüm də bilmirəm kiməm, hardayam…

 

 

Nə vaxtdan içində tozun-torpağın,
Əskidən qayrılma top qovuram mən.

Sönməyib nə qədər mənə marağın,
Qan-tərə bürünər, qovrularam mən.

 

 

Əgər bu səylərim getməsə hədər,
Bükülüb baş üstdən top vura bilsəm,
Sevinər bu işə azı bir nəfər,

Şübhə yox, əziz dost, yenə o sənsən…

 

05. 02. 2020
Samara

NİTSŞE VƏ TANRI


2

“Tanrı ölüb” dedi Nitsşe Firidrix,
Alman filosofu, dəryaca ağlı.

“O Ali Varlığı bizik öldürən,
Axıtdıq qanını bıçağımızla.

 

 

 

Yaxşı qulaq verin, eşidərsiniz,
Necə çalışırlar qəbirqazanlar.

Qoxu burunları bezdirir yəqin,

Tanrının çürümə xassəsi də var!

 

 

 

Qatilik! Biz nədə tapaq təsəlli

Qanı əlimizdən indi kim yuyar?

Təmizə çıxarıq hansı su ilə,

Ya müqədəs bayram, oyun uyduraq?

 

 

Bu işdəki əzmin yox bərabəri,

Bizdən bu əzəmət deyilmi uca?

Tanrıya dönməli bizdən hər biri!

Bu işə layiqik biz onda ancaq!”

 

 

 

Öldü böyük Nitsşe uzun azardan,
Tanrıya dönmədi, kim ki, yaşardı.

Hərçənd ki, ölməzdi Böyük Yaradan.
Hər kəsdə  bir Tanrı xassəsi vardı,

03.02. 2020, Samara

“ÇƏTİN İQLİM DEYİL, ÇƏTİN ÖZÜMƏM…”

U LENİ. KİNO

Hər şeyə öyrəşir insan, ilahi,

Elə mən…Öyrəşdim qara, şaxtaya.

Qış ilıq keçəndə  ürək darıxır,

Gəldi-gedər kimi baxıram yaya.

Orda… Dörd ildən bir orda deyəsən,
Əsil qış olardı –şaxtalı, qarlı.

Bir gün sevinərdik, sabahı günsə,

İliyə işlərdi soyuq, donardıq.

Nə isti kürk vardı, nə də gödəkçə
Yazın, yayın, qışın çəkməsi birdi.

İçi islanırdı qar üstdə gəzcək,

Yaş corab ayağı gizildədirdi.

Hamı qısılırdı evdə ocağa,

Yatacaq soyuqdu, nəmi də vardı.

Məktəbə gedəndə əl-üz yumağa

Tezdən yazıq anam su qızdırardı…

Yemi tükənird  mal-qaranın da,
Acdı qarınlrı, yerləri yaşdı.

Hamı acıqlıydı, qanı qaraydı,
Orada o vaxtlar qış belə qışdı…

Məni üşüdərdi qarlı şimallar,

Görsəm ekranında televizorun.

Deyirdim mən hara, şimallar hara,
Yurddan çıxmamışdım ömrüm uzunu…

Hər şeyə öyrəşir,  insan, ilahi,
Öyrəşdim  şimala, şaxtaya mən də.

Dözürsən – gün ayda bir dəfə çıxır,

Dözürsən – ulduz yox göyün üzündə…

Monqol səhrasına, Sibir düzünə,
Öyrəşib yaşardım bəlkə beləcə.

Çətin iqlim deyil, çətin özüməm,
Bilmirəm özümlə dil tapım necə…

31.01. – 01.02. 2020, Samara

ON ALTI YAŞLI GƏLİNİN QƏTLİNƏ

U LENİ. KİNO

Ölkənin hər yerinə,
Güzgü yollar çəkilə.

Hamıya qaz verilə,

Uca evlər tikilə,

 

 

Gecəni gündüz edə,
Hər kənddə kilovatlar,

Nə qədər artıb gedə,
Gün-gündən qiqabaytlar,

 

 

İldırım sürətiylə
Gedə avtomobillər.
Dönə qatarlar yelə,
Məzə ola hər səfər.

 

 

Hər gün inkişaf edə,

Müasirləşə daim.

Birinci yerdə gedə.
Cavan ola, həm qədim,

 

 

Xırdaca qızlar ancaq,

Yaşa dolmadan yenə,

Alınıb-satılacaq,

Töküləcək qan yenə.

 

 

Quzunu qəssablara
Kəsməyə verən sayaq,

Xırda qızlar satılar,

Üstündə cehiz bıçaq.

 

 

Cəlladla bir yastığa,
Baş qoyur körpə qızlar.

Oyaqlığın, yatmağın,

Cəhənnəm əzabı var.

 

 

Rəhmsizdir atalar,
Ciyərparalarıına.

Alan pullusa, satar,

Heyvərəyə, harına.

 

 

Döyülüb öldürülən,
Bıçaqlananlar da var.

Xırda qızlar zülmdən,

Bezib özünü asar…

 

 

Təyyarələr şığıyar,

Ölkənin göylərində,

Dənizə baş vuran var,

Kosmosu öyrənən də.

 

 

Çoxalır qiqabaytlar,
Dünya ovcun içində.

Ancaq alıb-satırlar,

Uşaqları yenə də.

 

 

Onlar yaş axıdırlar,
Onların axır qanı.

Bü dünyada, bilən var,

Ölkənin yeri hanı?

 

30. 01. 2020, Samara

“QIŞDA NƏ ARZULAR CƏNUBLAR AXI…”

2

Qışda nə arzular cənublar axı?

Parlament? Mətbuat? Demokratiya?

Müstəqil məhkəmə? Azad seçki ya?

Rüşvətsiz səhiyyə? Söz azadlığı?

 

 

Təzə prezident? Lap təzə bəlkə?

Dədəsi-babası yada gəlməyə,

Korrupsiya nədir, yazıq bilməyə,

İşləyə mal kimi, xalqa nökər tək?

 

 

Yaxşı uşaq pulu, ucuz kredit?

Bəlkə yaxşı maaş, yaxşı pensiya?

Ucuz qaz, kəsilən günü olmaya?

Bəlkə birdəfəlik ləğv ola limit?..

 

 

Tamam ayrı şeydir arzusu qışda,

Cənub ölkəsinin, əzizim, ancaq.
Qar həsrətindədir böyük həm uşaq,

Beziblər yanvarda yağan yağışdan.

 

 

Pəncərə açasan – aləm ağappaq,
Baxasan gözlərin qamaşanacan.

Bunun möhtacıdır, ilahi, insan,

Özü qalanını düzüb-quracaq…

 

28.01. 2020, Samara

MƏSUMLAR

2

Onlardan ölkənin hər yerində var,
Kənddə uzaqdan da tanımaq olur.

Nabələd görəndə yerə baxırlar,

Bir söz soruşanda gözləri dolur.

 

 

Dindirən olmasa, susub durarlar,

Oğrun yeriyirlər kənd yolunda da.

Sanki yad ölkədən gəliblər onlar,
Muzdla işləməyə, kənizliyə ya.

 

 

Heyvan altı atır, mal ötürürlər,
Kürdən, ya da arxdan su daşıyırlar.

Çalışır, əlləşir, söz götürürlər,
Bacının, qardaşın uşaqlarıyla.

 

 

Yerləri süfrənin qıraq yerində,
Dadını bilməzlər yediklərinin.

Nəsə desələr də astaca hərdən,

Məhəl qoyan olmaz dediklərinə.

 

 

Onların qisməti özgə toyları,
Özgə sevinciylə sevinəndilər.

Öğul toyu edir indi tayları,

Qızları böyüyüb gəlin gedirlər.

 

 

Onlarsa qarıyır, subay qalırlar,
Qardaş bucağında, ya da ki, tənha.

Bədəni iş üzür, qəlbi qayğılar,
Acı xatirədir cavanlıq daha.

 

 

Çəpərdən qıraqda başqa dünya var,

Bəlkə onların da bəxti ordadı.

Çəpərdən qırağa ayaq qoymağa,
Ancaq iradə və əzm hardadı?

 

 

Kim bilir ölkədə indi neçə min,
Qarıyır, qocalır qız uşaqları.

Kişisi kef çəkib gəzən millətin,
Qadını qeyrətə keşişkçi qalır…

 

 

Onların hər biri tanınar asan,
Məsum baxışlarla üzünə baxcaq.

Məryəm surətini xatırlayarsan

Görsən – körpəsizdir qucağı ancaq…

 

26. 01. 2020, Samara

QİYAMƏT

2

Kitaba hörmətim fövqəladədir,
Şübhə doğursa da Kitabdakılar.

Məndə Qiyamətə nəsə inam var,

Səbəbi özüm də bilmirəm nədir.

 

 

Hamı tək durmaram bəlkə Hüzurda,
Ləyaqətim də yox görəm Çöhrəni,

Duraram önündə sadə lövhənin —

Beləsinin üstdə yazıb-pozardıq.

 

 

Sinif otağana bənzəyir bura,
Uşaq da oturub on beş-iyirmi –

Bir vaxt dərs dediyim uşaqlar kimi,

Onlardır, ya da ki, oxşar onlara.

 

 

Görürəm gileyli baxışlarını,
Məni qınayırlar, dinməsələr də.

Mən də dayanmışam nəfəs dərmədən,

Sanki boğazıma qurğuşun axır…

 

 

Lövhə önündədir yerim nə vaxtdan,

Çəkər bu qiyamət Qiyamətəcən,
Çətin dərsə dönür bəzən hər gecəm,
Qabaqda gözləyir ağır imtahan…

 

24.01. 2020, Samara