NİTSŞE VƏ TANRI


2

“Tanrı ölüb” dedi Nitsşe Firidrix,
Alman filosofu, dəryaca ağlı.

“O Ali Varlığı bizik öldürən,
Axıtdıq qanını bıçağımızla.

 

 

 

Yaxşı qulaq verin, eşidərsiniz,
Necə çalışırlar qəbirqazanlar.

Qoxu burunları bezdirir yəqin,

Tanrının çürümə xassəsi də var!

 

 

 

Qatilik! Biz nədə tapaq təsəlli

Qanı əlimizdən indi kim yuyar?

Təmizə çıxarıq hansı su ilə,

Ya müqədəs bayram, oyun uyduraq?

 

 

Bu işdəki əzmin yox bərabəri,

Bizdən bu əzəmət deyilmi uca?

Tanrıya dönməli bizdən hər biri!

Bu işə layiqik biz onda ancaq!”

 

 

 

Öldü böyük Nitsşe uzun azardan,
Tanrıya dönmədi, kim ki, yaşardı.

Hərçənd ki, ölməzdi Böyük Yaradan.
Hər kəsdə  bir Tanrı xassəsi vardı,

03.02. 2020, Samara

Robert FROST. ASTROMETAFİZİK ŞEİR

           robert-frost.jpg                                       

(ASTROMETAPHİSİKAL)

 

Sevirəm göyünü, tanrım,

Xeyriylə, ziyanıyla.

Tutqun ola, ya da nurlu,

Coşa, ya həlim ola.

 

Göz dikməkdən göyə sarı,

Zəflədim, büdrədim.

Xəcil oldum mən, aylarla,

Əldə ağac yeridim.

 

Tanrım, sənə itaətli

Göyün yeddi qatının

Hər birinə məhəbbətim
Gərək mükafatlana.

 

Heç də ümid bəsləmirəm

Dünyamı dəyişəndə

Bürc kimi göy qübbəsində,

Asılacaq başdərim.

 

Ola bilsin fəxrə, ada,

Tamahlı sanılaram –

Aşağı yox, mən hər halda

Yuxarı yollanaram.

İngiliscədən tərcümə

2000-ci illər

Samara

 

 

SƏS

KÜR 2

                anam üçün

I

Əl, göz təmasındayıq,

Yaxınlarla biz ancaq.

On addım uzaqdasa,

Yetir səsimiz ancaq.

 

Tanrıya ünvanlanan,

Nə söz desən — deyiblər.

Bizi səsdən tanıyar

Tanrı – tanısa əgər.

 

II

 

Maneələri yarar,

Güllədən iti gedər.

İndisə qabaqlayır,

Səs öz sürətini də.

 

Sürətdə işıqlanıb,

Səsin yetişdi mənə.

Tanrıya alqış deyim,

Ya mobil telefona?

 

Keçib bulud qatından,

Ulduzlar sırasından,

Bir sərhəd tanımadan,

Səsin yetişdi mənə!

 

III

 

Səs çıxmamış boğazdan

Gözdə yaş gilələnir.

Bunun mənbəyi harda,

Bunun sürəti nədir?

 

27 fevral 2007 Samara

Boris Pasternak. HAMLET

               pasternak                                

Uğultu yatdı. Və mən səhnədəyəm,

Dayanmışam qapıya söykənərək.

Sanki göylrədən axan səssə bu dəm,

Başıma anladır nələr gələcək.

 

Neçə yüz durbinin gözündən axan,

Gecə toranlığı gözümdə itir.

Sən əgər, mümkünsə, tanrım, atam

Bu əcəl camını məndən yan ötür.

 

İnamlı fikrinə qəlbimlə varam,

Və hazıram bu rolu oynamağa.

Qızışır indi fəqət özgə dram,

Və bu yolluq məni əsirgə daha.

 

Fəqət bütün gediş qərarlanmış,
Və dönülməz olub yolun sonu da.

Mən tək, aləm riyaya aldanmış,

Bir su içmək deyil ömür yaşamaq.

1946

Tərc.: avq.—sent. 1987

DOLUB HİKKƏYLƏ BULUDLAR QARALIB…

 

Dolub hikkəylə buludlar qaralıb,

Guruldayır zaman-zaman göy uçur.

Səmada bəndi sellərin yarılıb,

Yağış yağır – tut ucundan göyə çıx.

 

Pərən-pərən qaçışırlar küçəyə,

Əlvan-əlvan göbələklər qabarır.

Çətiri olmayan girir keçidə,

Ağac altında kimi daldalanır.

 

Suyuna göylərin ovuc açaraq,

Yağış altında oynayır bir uşaq.

Suyu buludların yuyur saçını,

Tökülür boynuna, çiynindən axır.

 

Anası bəlkə də kötəkləyəcək,

Çıxarıb ehtiyatı yaddan uşaq.

Qanadlı fikrisə göylərdə gəzir,

Bu suyun mənbəyini axtararaq.

 

Deyəsən göylərin qaçır dodağı —

Bu uşaq Tanrını salar həvəsə.

Olubsa az yaşında bir günahı,

Yumağa bir yağış suyu bəs elər.

 

Yağış yağır… Baxıram pəncərədən,

Hamı qaçmaqda, oynayır bir uşaq.

Dinir bir ağrı qəlbi göynədərək –

Dura biləydim o o uşaqla qoşa…

                                                                23 iuyl – 01 oktyabr 1987, Samara

 

ƏSGƏR MARŞI

 

Bu əsgərin adı əsgər,

Özü ana uşağı.

Üç gün əvvəl kənddə gəzən,

Fağır, başıaşağı.

 

Sağı naşı, solu naşı,

Kim bu marşı öyrənib?

Sağı çaşır, solu çaşır,

Komandir də heyvərə.

 

Puda dönür avtomatı,

Əzir, salır çiynini.

Bilmir hara addım atır,

Duman alır beynini.

 

Bu gün-sabah sonu yetər,

Bu təlimin, yürüşün.

Bəlkə gecə, bəlkə səhər,

Gedəcəklər döyüşə.

 

Qorxu qovub yuxusunu,

Başı-gözü odlanır.

Qova bilmir qorxusunu,

Qorxduğuna utanır.

 

Atadan da, anadan da,

Çoxdan üzüb əlini.

Tapındığı inamıdır,

Tanrı gəlir dilinə:

 

“Allah, min bir yara alım,

Ancaq qoyma ölməyə.

Allah, sənin qulun olum,

Əsirliyi görməyim”.

 

Bəlkə gecə, bəlkə səhər —

Bəlkə əcəl tələsir.

Bəlkə onu vurub sərər,

Yoldaşının gülləsi.

 

Bəlkə çatmaz tanrı dada,

Bəlkə əsir tutular.

Bəlkə satar komandiri,

Bəlkə nazir satılar.

 

Bu əsgərin adı əsgər,

Özü ana uşağı.

Ana ağlar, ağlar, itər,

Gözlərinin işığı…

 

 iyun 1992 — 10 mart 1993 Samara