Архивы

QANTURALININ ATASINA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Deyib-söylədiyin nədir, can ata?

Bu işdən qorxana ər deyilərmi?

İgidi qorxutmaq ayıb deyilmi?

Tanrı yardımını əsirgəməsə,
Dediyin yolları gecə keçərəm.

Palçığında atlı batırsa əgər,
Düşüb qum döşərəm o yollara mən.

Meşəsində ilan olursa pərçim,
Çaxmaq çəkərəm ki, yandrıb keçim.

Başları göydələn qalalarını,
Tanrı yardımıyla vurum salaram.

Cəlladsa gözəlin əgər baxışı,
Boynundan öpərəm, alıb ağuşa.

Qılınclı-qalxanlı atasınınsa,
Başını kəsərəm, Tanrı qoyarsa.

Gedəm ya getməyəm, gələm-gəlməyəm,
Qara dəvə altda əzilə sinəm,
Buğa buynuzuna ilişib qalam,
Ya didə caynağı quduz aslanın,

Gedəm ya getməyəm, gələm-gəlməyəm,
Atam, salamat qal, anam qəm yemə!

29. 03. 2021, Samara

QANLI QOCANIN OĞLUNA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Oğul, indi sənin getdiyin yerin,
Dolama-dolama yolları olur.

Batır at belində palçığa girən,
Meşəsində ilan dolaşıb qalır.

Başı qalasının göyləri dəlir,
Baxışı qəlb ovlar gözəllərinin.

Cəllad “hay” deməmiş orda baş kəsir,
Qılınc-qalxanlıdır qızın atası.

Bəd yerə gedirsən, oğul, dön geri,
Bax, atan qocadır, anan da qarı.

27. 03. 2021, Samara

ARVADININ DƏLİ DOMRULA DEDİYİ

U LENİ. KİNO

 (Duxa qoca oğlu Dəli Domrul boyu)

Nə söylərsən!

Göz açıb gördüyüm, könül verdiyim!
Nədir, qoç igidim, mənə dediyin?

Dadlı damaq verib soruşduğum bəy,
Bir yatağa girib əmişdiyim bəy!

Qarşı yatan qara dağları demə —

Səndən sonra dağlar nəyimə gərək?

Getsəm, qəbir olsun mənə o yaylaq!

Soyuq sularını mən əgər içsəm,

Qan kimi burnumdan gəlib tökülsün.

Qızılın, gümüşün gəlsə eynimə,

Xərclənə o pullar kəfən-dəfnimə.

Şahbaz bir atını minsəm əgər mən,

Nəşimi salalar onun belindən.

Səndən sonra sevsəm bir igid əgər,

Ala ilan çalıb məni öldürə.

Bil ki, yaramazdır  atan və anan,
Canı şirin bilib sənə qıymayan.

And olsun Tanrının uca adına,
Özü şahid olsun Tanrı andıma,

Mənim canım sənin canına qurban!

26. 03. 2021, Samara

SABİRƏ NƏZİRƏ: “BEOVULF”UN TƏZƏDƏN ÇEVRİLİB İNGİLİS DİLİNƏ QAYTARILMAĞI

2

İ. Əliyev: Nə xəbər var təzə, görkəmli Anar?

            İndi bəs şanlı yazarlar nə yazar?

Anar: Yatmayır indi yazarlar gecələr,
           Həsr edir şəninizə hər biri bir ölməz əsər.

İ. Əliyev: Mövzu seçmək bacarırlar bu yazarlar, görünür,
            Təcili artıraram mən də təqaüdlərini.

            Bu xəbər çox gözəl, istəkli Anar,

            Ədəbiyyatda yeni hansı daha hadisə var?

Anar: Bəli, var, ali komandan, daha bir,
          Amma bu, hadisədən çox üzücü  faciədir…

İ. Əliyev: Nədir, o faciə, gizlətmə, oğul!

           Danış ətraflı bilim mən nə olub!

           Yoluxub bəlkə qəfil virusla,

           Fani dünyamızı tərk etdi Kamal Abdulla?
 

Anar: Yox, Kamal lap buğa tək sağlamdır,
           Mən deyən faciəsə hər cür ölümdən də ağır.          

          Ölkənin arxa çevirmiş biri rəhbərliyinə,
          Çevirib dastanı o, Azəribaycan dilinə.

İ. Əliyev: Hansı dastan?

Anar: İngilis dastanı məşhur “Beovulf”!

          Çevirb almadan icazə…ah… uf…

İ. Əliev: Kim çevirmiş? Nəçidir? Varmı onu bir tanıyan?

Anar: Yaşayır Rusiyada guya bu ünsür çoxdan.

İ. Əliyev: Ünsürün antimillisindənmi?

Anar: Xalisindən. Ötürür düşmənə vacib xəbəri,

         Satmaq istər təzədən erməniyə Kəlbəcəri.

İ. Əliyev: Sübutu varmı fəaliyyətinin?

Anar: Versək işgəncə deyər niyyətini.

İ. Əliyev: Adı haqqında məlumatlar var?

Anar: Adı Xeyrulla, təxəllüssə Xəyal.  

İ. Əliyev: Şübhə yox, antimillidir, bu, adından bilinir!

Anar: Çox fəsadlar törər, əlbəttə, görməsək tədbir.

İ. Əliyev: Boynuna ip keçirib heyvan tək,
                Ünsürü ölkəyə gərək gətirək.

Anar: Bəs nə olsun “Beovulf”?

İ. Əliyev: Ah, o dastan! Ah… uf…

                Bir sürü tərcüməçi tər axıdıb səy eləsin
                Tez çevirsinlər o dastanı yenə ingilisə!

28. 03. 2021, Samara

DƏLİ DOMRULUN ARVADINA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul boyu)

Bilirsənmi nələr gəlib başıma?

Alqanad Əzrayıl gəldi uçaraq,

Qonub mənim ağca sinəm üstünə,
Alırdı canımı, xırıldadaraq.

Vermədi, atamdan can istəyəndə.

Anama yalvardım, anam vermədi,
“Oğul, can şirindir, qıymaram” dedi.

İndi uca-uca qara dağlarım,
Yayın istisində yaylağın olsun,
İndi ayna üzlü soyuq sularım,

Sənindir, sərini sinənə dolsun.

Bir ilxı şahbaz at qoyuram sənə,

Hansını istəsən, indi minərsən.

Altın ban evimdə kölgələnəsən,
Bir qatar dəvəmi indi yüklə sən.
Yaylaqda bəslənən ağca qoyunum,
Bişib mətbəxində səni doyursun.

Könlün kimi sevsə, ərə get ona,
Qoy yetim qalmasın iki oğlanım.

26. 03. 2021, Samara

ANASININ DƏLİ DOMRULA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul)

Oğul, ay oğul!
Doqquz ay qarnımda səni daşıdım,
Bələdim, yatmadım beşik başında.

Dünyaya gətirdim onuncu ayda,
Verib ağ südümü səni doyurdum.

Ağqüllə qalada kaş tutulaydın,
Murdar kafirlərə dustaq olaydın!

Səni qurtarardım qızıl pul verib,
Ancaq indi, oğul, yamandır yerin,

Ora mənlik deyil, can da şirindir,
Yox, qıya bilmərəm sənə canı, bil!

26.03. 2021, Samara

DƏLİ DOMRULUN ANASINA DEDİYİ

U LENİ. KİNO

 (Duxa qoca oğlu Dəli Domrul boyu)

Bilirsənmi nələr oldu, ay ana?

Alqanad Əzrayıl gəldi uçaraq,
Basıb qondu mənim ağca sinəmə,
Canımı alırdı xırıldadaraq.

Can istədim, atam vermədi mənə.

Can ana, canını verərsənmi sən?

Yoxsa “oğul” deyib ağlayacaqsan?

Ağ üzə dırnaqla qan salacaqsan?

Qara saçı yolub dağıdacaqsan?

26.03. 2021, Samara

ATASININ DƏLİ DOMRULA DEDİYİ

U LENİ. KİNO

 (Duxa qoca oğlu Dəli Domrul)

Canımın parası oğul, ay oğul!

Doqquz buğa kəsdim sən doğulanda,
Qızıl ban evimin dirəyi oğul!

Bir bölük qızımın çiçəyi oğul!

Qarşıdakı qara dağım gərəksə,
Gəlsin, Əzrayılın yaylağı olsun!

Soyuq bulaqlarım əgər gərəksə,
Hər biri Əzrayıl bulağı olsun!

İlxı şahbaz atım ona gərəksə,

Gəlib minər könlü haçan istəsə.

Qatar-qatar qızıl dəvələrimi,
Yükünü vurmağa ona verərəm.

Gərəksə yaylaqda ağ qoyunlarım,

Bişsin mətbəxində, doyursun qarın.

Qızıl-gümüş pulum gərəksə əgər,
Nə qədər istəsə, xərcləyə bilər.

Oğul, dünya şirin, can əzizdir həm,

Mən sənə canımı qıya bilmərəm!

Səni məndən artıq sevən anan var,

Anandan can istə, anana yalvar!

 

25. 03. 2021, Samara

DƏLİ DOMRULUN ATASINA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul boyu)

Ağ saqqallı əziz, möhtərəm ata!

Bilirsən başıma gələn nə işdi? —
Başım havalıydı, küfr danışdım,
Xoşuna gəlmədi ulu Tanrının.

Buyurdu alqanad Əzrayılına,

O da yerə endi göyün üzündən,
Basıb qondu ağca sinəm üstünə,

Boğaraq canımı almaq istədi.

Səndən can diləsəm, ata, verərsən? —

Yoxsa “oğul” deyib ağlayacaqsan!

25.03. 2021, Samara

ƏZRAYILIN DƏLİ DOMRULA DEDİYİ (1)

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul boyu)

Ey, dəli qırışmal!

Xoşuna gəlmirmi cöngə gözlərim? —

Çoxlu qızlar olub gözləri göyçək,

Gəlinlər də olub gözləri göyçək,
Onların canını mən almışam, bil!

Xoşuna gəlmirmi saqqalım ağdır? –

Çox qarasaqqallı igidlər olub,

Onların canını alan mənəm, bil!

Mənim saqqalımı ağardan budur!

 

23.03.21, Samara