Архивы

ZABİL PƏRVİZİN SEVİMLİ ŞAİRİ SEYİD ƏZİMƏ NƏZİRƏ

20230721_135628

“Zülfünü bas yarama, qoyma məni qan aparır”,
Talışın dağlarını, zənn elə, leysan aparır.

+

Təcili yardıma zəng vur ya da, zalım balası,

De günahkarsan özün, söylə canı can aparır.
+

Asta sürsün maşını, şoferə tapşır, qadası,

Cıdıra var çıxanı, guya ki, heyvan aparır.

+

Ona anlat gözəlim, millətin fəxarətiyəm,
Özü də fəxr eləsin gör necə insan aparır!

+

Cərrahın bas cibinə, at ya da pul kartına sən,

Başimi yoxsa kəsər, guya ki, qurban aparır.

+

Səy elə faciəmi bilsin əlahəzrət də,

Xəbəri, kaş eşidəydim ki, Mehriban aparır.

+

Seyyidin sevgisi daim məni Şirvana çəkər,
Alaraq könlümü, neynim, yenə Səlyan aparır.

23. 07. 2023 Samara

ALİ BAŞ KOMANDANIN MƏTBUAT ÜÇÜN ÇASTUŞKALARI

İlham Əliyev 4

Mətbuat günüdür, elim,

Yeyin-için doyunca!

Ünsür olub antimilli,

Hərçənd Zərdabi məncə.

Ey,  uh!

Xalq tanıyırdı öndəri,

Həm də güclü yazan tək,
Yoxdu tayı-bərabəri,
“Kommunist” qəzetində.

 +

Səhər-axşam AZTV-də,

Əziz qonaqdı öndər,
Yorulmazdı, usanmazdı,

Danışaydı nə qədər.

Ey, uf!

+

Televizor önündə el,
Yuxuya da gedərdi,
Şirin diliylə elə bil,

Öndər layla deyərdi.

 +

Mən özüm də jurnalistəm,
Mənimkidir bu bayram.

Atam olub mənim ustam,

İndi özüm atayam.

Ey, uff!

+

Atasıyam hər yazanın ,
Hər ağız açanın da,

Məndədir icazə, izn,
Ev hədiyyəsi, ad da.

 +

Mənəm cəza verəni də,
Yazanın, danışanın.

Ayıraram bədənindən,
Müxalifin başını.

Eyy, uff!

+

Əlbəttə, bir zarafatdır,
Cəza-məza, baş-bədən,
Zülmkarlıq mənə yaddır,

Liberalam axı mən.

 +

Jurnalistə, hamı bilir,
Həm dostam, qardaşam həm,.

Hamısına özüm bir-bir,
Mesaj gərək göndərəm.

Eyy, uff!

+

Şəxsən Əvəz Zeynallıya,

Təbrik yazdım bu səhər.

Bir şüşə də Koka-Kola,
Göndərdim ki, kef elər…

Ey, ax, ey, uh!

 

22.07. 2023, Samara

«DEYİRDİN GƏLƏRSƏN, SƏRHƏD AÇILSA…»

20230721_135628

Mədinə Gülgünün şeirinə nəzirə

Deyirdin gələrsən sərhəd açılsa,
Sərhəd açılmadı, sən gəlməz oldun.

Minib təyyarəyə gəlməyə pulsa,
Heyf, tapılmadı, sən gəlməz oldun.

 +

Dedin AXCP alınsa qeydə,
Borc alıb gələrsən, sən gəlməz oldun.

Nə Cəbhə alındı, Müsavat nə də,
Düşüb bəlkə dərdə, sən gəlməz oldun.

 +

MİQ imtahanına dedin gələrsən,
Yaxşı keçsə əgər —  sən gəlməz oldun.

Müəllimləri kaş görməyəsən sən,

Kəsilib getdilər, sən gəlməz oldun.

 +

Deyirdin qiymətlər əgər bazarda,

Düşərsə, gələrsən, sən gəlməz oldun

Qiymətlər düşmədi, artdı da hətta,
Eşidib bilərsən, sən gəlməz oldun.

 +

Dedin “dəmir yumruq” məmura əgər
Dəyərsə, gələrsən, sən gəlməz oldun.

Hələ ki, bu yumruq milləti əzər,
Bəlkə bu səbəbdən sən gəlməz oldun.

 +

Dedin Söyüdlüdən post götürülsə,

Qanad bağlayarsan, sən gəlməz oldun.

Post nədir, salıblar kəndi qəfəsə,
Görüb ağlayarsan, sən gəlməz oldun..

 +

Dedin millət əgər qalxsa ayağa,

Dəstəksən bir yandan, sən gəlməz oldun

Millət boynubükük, başı aşağı,
Xəbər tutub bundan, sən gəlməz oldun…

Mirzə TƏBİL

21. 07. 2023, Samara

“YADDAŞ ADLI XƏZİNƏN GEDƏ, QALASAN AĞLAR…”

U LENİ. KİNO

 Rahat ölənlərin də guya öz yatağında,
Fərqlənmir ölümləri o qədər də qətldən.

Yuxudan ayılmadan ölsən də, ya qəfildən,
Məşəqqətin bitməyib ölüm ayağında da.

 +

Sarsıdılır ayağın, əlin də sarsıdılır,
Danışmaq çətinləşir, əyilməsə də ağzın,

Min hoqqadan çıxırsan, azalmır ancaq ağrın,
Bütün tələbatların kimdənsə asılıdır.

 +

Zindana dönür otaq, qəfəsə dönür yataq,

Səkməyin, uçmağın yox, daha qıvraq deyilsən,

Pəncərədən baxırsan, boynunu bura bilsən,

Dustaqlıq yaşayırsan sanki qətldən qabaq.

 +

Vay halına üstəlik qarət də ediləsən,
Ən qiymətli nəyin var, alına, aparıla,
Yaddaş adlı xəzinən gedə, qalasan ağlar,
Niyə ağladığını ancaq bilməyəsən sən.

 +

Tanrı dəftərindədir nə etsək, nə törətsək,

Bəs bizə edilənlər? Elə buna görə mən,

Şəxsiyyəti müəyyən olunmamış şəxsdən,

Fikrim var bir ərizə göylərə yazam gərək…

 

20. 07. 2023, Samara….

 

 

 

HƏSƏD

12.11.22

Çoxlu azar var ki, həkimlik deyil,
Dərmanla, iynəylə sağaltmaq olmaz.

Neçə cür bahalı aparata gir —

Deyəcək sağlamsan, hər yerin taraz.

 +

Hər kəs özü bilir diaqnozunu,

Təzə heç nə deməz konsiliumlar.

Bəlkə yaranışdan, ömrü uzunu,
Belə azarların  girincləri var.

 +

Tutmaları olur bu azarların,

«Təcili yardım”lıq deyil iş ancaq.

Ağrıyan nə ürək, nə baş, nə qarın,
Qəlbinə qurd salır həmişə, tutcaq.

 +

“Özgə torpağına, özgə mülkünə,
Özgə arvadına, özgə malına,
Həsəd aparma və gözünü dikmə” –

Musa qadağası səsləyir buna.

 +

Rəngin kül kimidir, a dost, xəstəsən?

Yenə halın çaşıb kimin nəyindən?

Yenə yenilmisən həsədinə sən?

Kimdir ötüb səni qabağa gedən?

 +

Musa öyüdünü pozana qarşı,
Vardı peyğəmbərin iti qılıncı.

Tiyə ayırırdı bədəndən başı —
Gedirdi azar və azar girinci…
+

Dostum, iradəni qılınca döndər,
Özün azarının get sən üstünə.

Qılınc çal təmizə çıxana qədər,

Rəngin kül kimidir həsəddən yenə….

 

19.07. 2023, Samara

 

ƏFSANƏVİ DEPUTAT MADƏR MUSAYEV ÜÇÜN REKVİYEM

Madər Musayev

İlham qara geyinib,
Qara geyib Mehriban.

Bu gün həyatdan gedib,
Fövqəladə bir insan.

 _

Madərdi onun adı,
Deputatdı, hacıydı.

Millətə o ataydı,
Qardaşdı və bacıydı.

 _

Təyin oldu  Məclisə,

Bir İsa ömrü qədər,

Otuz üç il də keçsə,
Qoxusu çətin gedər.

 _

Madər olsa da adı,
Ana deyildi yalnız.

O həm qayınataydı,
Kürəkən həm də baldız.

 _

Nə danışandı Madər,
Madər nə də yazandı.

O, etibarlı əsgər,
Mətin bir partizandı.

 _

Millətim qara geyib,

Azərbaycanım ağlar
Deputat Madər gedib,
Endirilib bayraqlar.

 _

Dalından tərəzinin

Gör necə də ucaldı!

Fəxrimiz idi bizim,

Ah, o niyə qocaldı…

 _

Verilər cənnətdəki,
Yerin də yaxşısından,

Ünvan: Sıfır on iki,
Ölüb misilsiz insan…

 _

14.07. 2023, Samara

ANAR. ELZA ÜÇÜN BAYATILAR

ANAR 1

Birlikdə qan-tər tökür,

Həm müavin, həm sədr.

Çingiz iynə saplayır,

Rəşad ağzımı tikir.

 +

Arazım son nəfəsdə,

Yulğunu dəstə-dəstə,

Az qalır öldürələr,

Məni Elzanın üstə.

Ay Laçın… Kirvə, hey!…

 +

Olaydım gənc yaşımda,

Ağaca dırmaşaydım,

Tüpürəydim xalqa mən,

O ağacın başından.

Ay Laçın…Cukkada…

 +

Küçələr milçəklidir
Arvadlar birçəklidir.

Elza Seyidcahansa,
Dillidir, dilçəklidir.

Ay Laçın… Dədəm vay…

 +

Ürək çox da ağrımır,

Çəksəm də ayağımı.

Elza Seyidcahana,

Verərəm qabırğamı.

Ay Laçın…Ay məmə…

 + 

Baxma beləliyimə,

Mənə “qocalıb” demə,
Elza Seyidcahanı,
Mindirirəm belimə

Ay Laçın… Nənəm vay…

 + 

Araz axır lil ilə,

Azalır ildən-ilə,

Suları pıçıldaşır,

Erməni, fars diliylə.

Ay Laçın, vay Laçın…

11.07. 2023, Samara

ÖLƏRİK – GÖRƏRİK…

U LENİ. KİNO

Bir zaman “yaşarıq – görərik” deyən

İnsan o həddinə gəlir həyatın,

Gəlişi növbəti hətta saatın,
Şübhəli görünür özünə bəzən.

 + 

Ay nədir, il nədir… sabahkı günə,
Yox əzmin nəyisə planlayasan.

Eşitsə (ya görsə?) Baş plan yazan,
Güman edirsən ki, güləcək sənə…

 +

Həmişə sabahkı günə tələsdik,

Yaşayıb illəri, onillikləri.

Yaxşılı-pislidir gördük hər biri,

Təzəni görməkdən ümidi kəsdik.

 +

Salaraq səsinin yoğun yerinə,

Mənə axirətdən danışan insan!

Sən özün dediyin yerdə olmusan? –

Ölərik – görərik… nə deyim sənə…

 09. 07. 2023, Samara

ÇİNGİZ ABDULLAYEV: «MİLLƏTİ ПОСЛАТЬ МОГУ ПОДАЛЬШЕ MƏN…»

çingiz abdullayev seyidcahan

(Əliağa Vahidə nəzirə)

El-obada ad çıxarıbdır deyə,

Elzanı qəbul elədik birliyə,

Təntənənin hay-küyü qalxmış göyə,
Bəli, mərasimdə özüm başam mən,

Bir yalanım varsa, lap oğraşam mən.

 +

Şairənin öpdü əlindən Anar,

Al yanağından mənəsə düşdü bar.

Başqa yerindən də öpən xeyli var,
Hər öpüşü ayfona almışam mən,
Bir yalanım varsa, lap oğraşam mən.

 + 

Təbrikini aldıq əlahəzrətin,

Məclisin artdı birə min ləzzəti,

Orden olar Elzaya döş zinəti,
Taxmağa hazır onu durmuşam mən,

Bir yalanım varsa, lap oğraşam mən.

 +

Dillərə düşdük, çox heyf, eldə biz,

Çox danışan var yeyilir  büdcəmiz,

Fahişəyik guya ki, doxsan faiz.
Onlara oynaş, ya da qardaşam mən,

Bir yalanım varsa, lap oğraşam mən.

 +

Yaxşı bilir xalq ki, urus dilliyəm,
Heç özümü saymıram azər də həm,

Qışqıra, hay-küy sala millət, nə qəm,

Milləti послать могу подальше mən,

Bir yalanım varsa, lap oğraşam mən.

 

Mirzə TƏBİL

06. 07. 2023, Samara

«ƏLLƏRİN QIZILDIR, QIZIL ADAMSAN…»

U LENİ. KİNO

mühəndis usta soydaşım Rövşən Quliyevə

Qapımı düzəltdin, var ol, a yerli,

Rahat örtülür, həm rahat açılır!

Elə gedir açar irəli, geri

Elə bil ki, yağa bıçaq sancılır!

 +

Gözəl iş görmüsən, gözəl adamsan,
Təşəkkürlər, əziz mingəçevirli!

Əllərin qızıldır, qızıl adamsan,
Heyf, qızıl deyil şairin dili…

 +

Hey girib-çıxıram, kefim kökəlir,
Ustalığın kamil, işin möhtəşəm,

Kilid həmin kilid deyil elə bil,
Vallah, görmədiyim günə düşmüşəm…

+

 Soydaşım, əzizim, qapı dalında,

Qalmaqdan dünyada ağır nə vardır?

Öz qapın üzünə açılmayanda,
Gedən yerin yoxdur, günün qaradır.

 +

Qapı arxasında dayanıb hərdən,

Açarı ovcunda sıxıb qalırsan.
Qıfıl deşiyindən gələn hənirdən,
Duyursan o yanda durub yad insan…

 +

Soydaşa ürəyi yanan soydaşım,
Ömrün də işıqlı olsun adın tək.

Ustalığın kamil, nəcibdir işin,

Təmizdir, halaldır yediyin çörək.

04. 07. 2023, Samara