Архивы

GÜZGÜ

Hər qadın – vaxtı çox, işisə azsa,

Güzgü qabağında sevir durmağı.
Səthinə göz dikib suyun haçansa,
Qadın öz əksinə beləcə baxıb.

 +

Baxıb öz əksinə özgə gözüylə,

Təsəvvür edərək kişidir baxan.

Kişi gözlərində, bu, gizli deyil,

Görülən qiymətdir gerçəyə yaxın.

 +

Con Pekam güzgünü icad edəndən,
Sayı yox önündə keçən zamanın.

Baxıb, bəzənib vaxt əsirgəmədən,

Baxışlarda qiymət axtarıb qadın.

 +

Güzgüdür sosial şəbəkələr də,

İnteraktivliyi var onun hələ.

Öz əksini görür hər insan orda,

Qiymətini görür həmçinin hərə.
+

Fərqi yox kişinin daha qadınla,
Diqqət təşnəsidir qadın, həm kişi.

Çıxır min oyundan fərqlənə bilə,

Sayır layklarla gələn alqışı.

 +

Gündüz vurnuxuruq, yatmırıq gecə,

Şəkil qondararaq, söz uyduraraq.
Deyirik tezliklə izləyiciyə,

Çatdıraq və bəlkə yığaq beş-on layk.

 +

Suda öz əksinə vurulan oğlan,
Özünə sevgidən öldü ordaca

Və döndü çiçəyə. İndiki insan,

Yaşayır – özünün əksi tək ancaq…

 

24. 12. 2025 Samara

ROMA PAPASI LEO, DEYİLƏNLƏRƏ GÖRƏ…

Roma papası Leo, deyilənlərə görə,

Alman dili öyərnir yetmişində yaşının.

Yuxusu gəlməyəndə yatağındaca elə,
Kitab, dəftər açaraq uşaq kimi çalışır.

 +

Leo bilir latını, ispanı, ingilisi,

İtalyan dilində də danışır, əlbəttə, o.

Hansı bir xristian yəni yanına gəlsə,
Dil tapacaq onunla Roma papası Leo.

 +

O ki qaldı Tanrıya…Bu iş Tanrılıq deyil,
Tanrı özü deyilmi hər dilin yaradanı?

Bircə dili də bilmə, bütün dilləri ya bil –

Çatmaz ona, eşitmək istəmirsə insanı…

 +

Bəlkə papa Leonun elə sualı var ki,
Cavab vermir Kitabı, oxusa da nə qədər.

Götedə ya Şillerdə, Herman Hessedə bəlkə,

Deyir tapar, oxusa, orijinalda əgər.

 +

Bəlkə ən uca dahi Bethovenlə danışmaq,
Arzusundadır Leo? Bəli, Lüdviq Bethoven.
Eşitmir… Keçməyibsə karlığı hələ… Ancaq,
Eşitməyib bir kəsi Tanırı da indiyəcən…

 

21. 12. 2025, Samara

FƏRİDƏ ÜÇÜN

Nimçə iri, dərin, dopdoludur həm,
Ətri iştah açan içindəkinin.

Yeyirəm arxayın və çəkinmədən,

Qalmır pərçim olub boğazda tikəm.

 +

Son dəfə mən haçan olmuşam qonaq?

Yemişəm bişəni qadın əliylə?

Getmərəm, çağıran olsa da belə,
Özgə süfrəsindən düşmüşəm qaçaq.

 +

Yesən, hər tikəndən dikəldilər dağ,
Sayıb yediyini beşə vurarlar.

Deyərlər “nə canı, nə cəsədi var,

Doymur, dəyirman tək üyüdür ancaq.”

 +

Özgə süfrəsinə getmirəm yaxın,

Özgədir tikəni sayan doğma da,

İndi dolu nimçə qabağımdadır,

Yeyirəm iştahla, sakit, arxayın.

 +

Cənnət nemətləri Kitab vəd edir,
Şərtlərsə ağırdır ora düşənə.

Sən nə şərt qoyansan, tikə sayan nə,

Cənnət neməti tək yeyirəm gedir…

 

18. 12. 2025, Samara

RAMİZ RÖVŞƏN. «SƏKSƏN YAŞIN ŞEİRİ» (NƏZİRƏ)

Demək, uzun ömür bu imiş, balam,

Bizdə çıxan azdır səksənə axı.

Ramiz Mehdiyev tək doxsana qalan,

DTX önündə səksənir axı.

 +

Eh, bu səksən ildə nələr görmədim,

Gah ona, gah buna dedim mən “öndər”,

Çıxar Mehdiyevin məktubu indi,

Yaxşı axtarsalar evi bir qədər.

 +

Ah, bu nə hədiyyə, ah, bu nə bəxşiş,
Verildi bu gecə mənə yuxuda!!

Yəqin ki, üçüncü pulsuz ev imiş,
Verər prezident onu axırda.

 +

Qazancdır, gəlirdir saydığım ancaq,

Özümü yormuram  illəri sayıb,

Jurnalist, demokrat türmədə dustaq,

Susub durmağımı bilmirəm ayıb.
+

Qızıl qələmim var —  qızıldan əsa,

Gələcək möhtərəm prezidentdən.

Ağlım yerindədir, dilimsə qısa,
Dalıma soxaraq yaşayıram mən.

17. 12. 2025, Samara

MÜQƏDDƏS İŞ GÖRDÜN, USMAN DEMBELE…

Xəbər var: Parisdə Dembele Usman,
Hospital tikdirib möhtəşəm, gözəl.
Müalicə alır hər evsiz insan
Havayı, özünə gələnə qədər.
+
İyirmi səkkiz milyon Dembele Usman,

Ora maya qoyub, yenə qoyacaq.

Arabir, özünü tanıtdırmadan,

Gedib fəhlə kimi rəng çəkib qoçaq.

+
Yüksək qiymət verib bu işə Makron,

Tarixə bu hünər, deyib, düşəcək.
Paris meri deyib küçə ya rayon,
Usmanın adını daşıya gərək.

+
Bir neçə futbolçu var ki, onları,

Xüsusi sevirəm, niyə gizlədim.

Dembele Usmanın ayrıdır yeri,
Bu yer yəni mənim ürıyimdədir.
+
Çox oxşarllğı var bizim adama,
Yalnız qaralıqda fərqlənir azca.
Nadir ustalığı onun bir yana,
Həqir və sadədir, qalxsa da uca.
+
Beləsi bizdən də kaş çıxa bilə,
Çıxmağa kaş qoya ölkə və rejim…

Müqəddəs iş gördün, Usman Dembele,

Oxuyub ağladım — niyə gizlədim…

13.12.2025, Samara

Seredavin adına vilayət xəstəxanası

BİR STƏKAN SU…

          Şirvan Kərimova

Pəncərənin içində həcmi beş litr olan,
Qabdakı su içilib yarıyacan  hələ ki.
Üç butulka da gəldi — bir yarım, ya da iki,
Dəvə içsə yay günü, doyar
, olmasın yalan.

+

«Suyun ziyanı yoxdur»- gətirən mənə deyir,
Bu su adi su deyil, bu, dərmandır xəstəyə,
Tez-tez içəsən gərək, ürəyin də istəyə,
Bu suyu kim içirsə, canavar kimi yeyir»

+

Süzülüb dönə-dönə, yoxlanıb dönə-dönə,
Bu suya ləyaqətim varmı mənim görəsən?
Bir vaxt Kürdən içən tək içərdim rahatca mən,
Qabla da yox, ağzımı söykəyərək krana.

+

Sudan töküb içməyə burda piyalə da var,
Baxanda göz önümdə canlanır zaman-zaman,
Kasıbda da tapılan klassik daş stəkan,
O stəkanla məni o qədər qorxudublar!

+
Deyiblər axır günün sənin ağlr olacaq,
Nə övladın, nə nəvən — kimsəsiz qalacaqsan.
Bəlkə ciyərin yana su üçün bir stəkan,
Verən tapılmayacaq sənə o suyu ancaq…

+

Pəncərənin içində su qabları yan-yana,
Yarı da içilməmiş sağalıb gedəsiyəm.
Dost, bilirəm haçansa zarıyıb su istəsəm,
Gələrsən, su doldurub stəkana, ovcuna…

11.12.2025, Samara
Seredavin adına vilayət xəstəxanası

«DÜNYADA AĞ ADAM AZALIB GEDİR…»

İqlim dəyişimi doğrudur yəqin

Yəqin ki, qlobal istiləşmə var.

Yəqin ki, dünyada ağıllı başlar,
Axtarır problem həllini gərgin.

 _

Ayrı problem də yaranıb artıq,
Yox ancaq çox geniş müzakirəsi.

İqlim tək narahat etmir hər kəsi,
Bilən, anlayan da danışmır açıq.

 _

Dünyada ağ adam azalıb gedir,
İndi ilbəil yox, günbəgün hətta.

Rəngdən rəngə düşür indi hər qitə,

Və iqlim, əlbəttə, səbəb deyildir.

 _

Çoxalır sarılar, qaralar artır,

Qarabuğdayılar artır həmçinin,
Sayını qırmızıdərililərin,
Bilən yox, onlar da az deyil artıq.

_
Ləyaqət, əlbəttə, rəngdə deyildir,
Yaxşı da, pis də var elə hər irqdə,

Kim həyat veribsə, verib o, rəng də,

Nemətdir rəng, çalar müxtəlifliyi.

 _

Ancaq təhlükə var ağına rəngin,
Gün-gündən ağların sayı azalır,

Cəmi səkkiz faiz, deyəsən, qalır,

İtər, belə getsə, tumu da yəqin.

 _

Qarabuğdayıyam, qarayam hətta,
Məni ağ adamın taleyi ancaq,
Düşündürür sudan, havadan qabaq,

Elə bil ən vacib budur həyatda.

 _

İtsə ağın tumu haçansa, nizam,
Yəqin ki, pozular yer kürəsində,

Elə bil anqlo-saks məhkəməsidir —
Ağır hökm oxuyub  gedər ağ adam…

 07. 12. 2025, Samara

PƏNCƏRƏ ÖNÜNDƏ OTURAN PİŞİK…

Qədim, ağac bir ev – adi və kiçik,

Pəncərə səkiylə bir səviyyədə.

Keçib-gedənləri ciddi seyr edir,
Pəncərə önündə oturan pişik.

 +

Elə əzəmət var oturuşunda,
Elə bir qətiyyət və müstəqillik —

Dünya idarəsi bu qədim, kiçik
Evdədir elə bil. Pişik — başında…

 +

Meylli az deyil saxlaya ayaq,
Onunla danışa, yəni dərdləşə.

Soyuq, biganədir ancaq həmişə,

Şüşə arxasında əyləşən monarx.

+
Deyib “yaranışın tacıdır insan”,
İnsan min illərlə öyünməkdədir,

Bəs ikiqat olmaq, əyilmək nədir?

Diz üstdə yaşamaq, sürünmək hardan?

 +

Kainat taxtında elə bil pişik

Oturub diqqətlə seyr edir bizi.

Nümunə götürsək, taleyimizin,
Ağası ən azı ola bilərik…

 

01.12. 2025, Samara

«ÖMÜR ÇOX UZANDI, DİBİ YOX YAŞIN…»

Ömür çox uzandı… dibi yox yaşın,
Yoxdur yekununda təsəlli ancaq.

Bəlkə də qulpundan ayrı bir işin

Gərək yapışaydım… əlli il qabaq.

+

Bir vaxt keçməyəydim Kürü də gərək,
Təxmini biləydim nə var o tayda.

Bir parça torpağı çəpərləyərək,

Əkib-becərəydim qışda və yayda.

+

Səhər açılandan axşama qədər,

Narın  şumlayaydım, qazaydım dərin.

Çəpərdən boylanıb gəlib-gedənlər,
Deyib keçəydilər mənə “afərin!”.

+

Ekoloji sıyıq, ekoloji sup —

Bişirib yeyəydim becərdiyimi.

Xəstəliklərimi arxada qoyub,

Gecələr gəzəydim kənddə cin kimi.

+

Çıxaydı yadımdan yazmaq, oxumaq,
Nə kitab olaydı evdə, nə dəftər.

Köhnə telefona yazaydın ancaq,

Ayda xərc nə qədər, qazanc nə qədər.

+

…Hərdən qonşuluqda mərəkə qalxa:

Uşaq istəmir ki,  dərsinə  gedə.

“Hansı oxuyan var ağ günə çıxa?” —  

Deyib mənə baxa qırışmal gədə…

22. 11. 2025, Samara

«QEYRİ-ADEKVATLIQ VAR QOCALIQDA…»

Qeyri-adekvatlıq var qocalıqda:

Öz yaşın özünə yad kimi gəlir.

Özgə paltarları zorla elə bil

Sənə geydiriblər, ayaqqabı da.

 +

Örtür ayıbını geyindiklərin,
Küləkdən, yağışdan qoruyur hətta,
Amma görürsən ki, sənin bu halda,

Var nə çağıranın, nə gedən yerin.

 

Təzyiq, temeperatur deyil yaş axı,
Cihaz tətbiqiylə ölçülə bilə.

Çıxır yaşıdların elə ki, yola,
Bilirsən yığışmaq vaxtıdır artıq.

 +

Dörd yol ayrıcında gedib duraraq,

Vicdanı oyanmış bir bədəməl tək,

Hamıdan, hər kəsdən üzr istəmək

Fikri də dolaşır beynini ancaq.

 +

Borclar var, yadında olan, olmayan,

Artırır onları yaşanan hər il.

Ömrümüz qaydasız bir oyun deyil? —

Udub bu oyunda hansı oynayan?..

 18-19. 11. 2025, Samara