Архивы

NOYABRDA GÜNƏŞ

Noyabr səhəri. Günəş səhərdən,
Gah buluda girir, gah çıxır hərdən.

Hərçənd isindirmir istisi indi,
İşığı gözlərə, qəlbə sevincdir.

Birdən yüngülləşir yaş ağırlığı,
Çıxır bədəndəki, başdakı ağrı.

Gün düşən tərəfi tutub gedirsən,
Gəncsən elə bil, qız təqib edirsən…

Elə bil ağrıyan dişin çəkilib,

Ya çoxdan gözlənən xoş xəbər gəlib…

Qabaqda uzun qış varsa da hələ,
Labüddür yazın da gəlməyi elə.

Hər səhər al günəş çıxar o zaman,
İşığı istisi xəstəyə dərman.

Yaza çıxarsanmı, qoca, özün bəs?

Noyabır günəşi batacaq, tələs…

17. 11. 2025, Samara

«KÖHNƏ ŞƏKİL VARDI… KÖHNƏ YOX, QƏDİM…»

Köhnə şəkil vardı… Köhnə yox, qədim…

Cırılar ya itər, qalar o, çətin.

Altı ya da yeddi yaşında idim

Şəkil çəkiləndə  — bilirəm yəqin.

 +

Salman qucağında oturub anam,

Qardaşımsa beş yaş kiçikdi məndən.

Yandan ayaq üstə mən dayanmışam,

Hamı var, lələmdən başqa, deyəsən.

 

Başımda kepka var alnımı örtən,
Yəqin iki ölçü böyük alıblar.

Uşaqlar sürətlə artır… adətən,
Mən elə artmadım… istisnalar var…

 +

Gözümün önünə gəlir o şəkil,
Anbaan. Qocalıq gerçək olandan.

Baxıram – indiki mənəm elə bil,

 Kepkalı, yöndəmsiz, eybəcər oğlan.

 +

Elə bil gedirəm geri haçandır,

Boy, bədən kiçilir, çəki azalır,

Qoysam şəkildəki kepkanı indi,

Dimdiyi çənəmə dəyər az qala.

 +

İndi birdən öləm…məni uçarla,

Aparmaq da olar əl baqajı tək.

Poçtla da göndərmək, yəqin ki, olar,

Bu yazıyla: “Tələb olunanadək…”

 

14. 11. 2025, Samara

«OYUNDANKƏNARSAN ELƏ BİL İNDİ…»

Orta statistik qocasan əgər,

Varın pensiyasa kiçik, gülməli,

Adın, çəkin yoxsa pula bərabər —

Qalmayıb heç kimin sənin, deməli.

 —

Nədən danışasan – yorur, əsnədir,

Sözün oyadırdı bir zaman ancaq.

Oyundankənarsan elə bil indi,

Səninlə qonuşan  cəzalanacaq…

 —

Demə cavanlıqmış eybini örtən,

İndi üzə çıxıb – yox say-hesabı.

Özünə “dostların” gözüylə hərdən

Baxırsan – özünü xəcalət basır…

Yox adam içində yerin də sənin,

Köhnə dost qarşına çıxsa, pərt olar.

Elə bil paltarsan, dəbdə deyilsən,

Nə geyilə bilir, nə də atıla…

 

11.11. 2025, Samara

«NOYABR AYININ UŞAQLARIYIQ…»

                          Kainat Bədəlova

Rütbə də, sərvət də olmasa belə,
Payızda doğulmaq fəxrdir elə!

Noyabr ayının uşaqlarıyıq,

Öyünmək olmasın – payız barıyıq.

Şirəsi xarlanan son üzümlərik,

Qabığı çatlayan nara bənzərik,

Ətri baş hərlədən qızıl heyvayıq,

Solmayan güllərik, yazıq, həm yayıq.

Bizik ləkdəkilər, bağdakılar da,
Qurumuş, sönükmüş tağdakılar da.

Gilavar da bizik, xəzri də hərçənd,
Hərdən yağırıq da ara vermədən.

Qara buludlarıq qüssə gətirən,
İliyə işləyən soyuqlarıq həm.

Qayğıyıq, zəhmətik, canda ağrıyıq,
Biz hamı kimiyik, həm də ayrıyıq…

Hər kimik, hər nəyik — payız barıyıq,
Noyabr ayının uşaqlarıyıq…

04. 11. 2025, Samara

QƏRİBLİK

Yuxularda olub  ilk qəribliyim,

Ayaq qoymamışdan qırağa kənddən.

Ayrı bir ölkədə özümü hərdən,
Görərdim, tanınan deyildi heç kim.

 +

Elə bil dustaqdım, ya da əsirdim,
Ümid yox çıxmağa haşansa burdan.

Səssiz ağlayırdım yaş axıtmadan,
Birdən ayılanda bəxtəvər idim…

 +

Gerçək qəribliyə sonra uğradım,

Yuxu tək gəlirdi əvvəl o hərçənd.

Gözümdən gedirdi nə anam, nə kənd,
Ötdü onilliklər  və… yadırğadım…

 +

Yurdumu görürəm yuxularımda,
Qəriblik duyuran indi yenə də,

Nə ana, nə qardaş, bacı var nə də,

Düzü, sevinirəm ayılan anda…

 +

Qiyamət vədi var…Qalxarıq axır…

Harda? Və orda kimlərimiz var?

Mütləq qəribliksə qiyamət əgər,
Oyatma, qoy yatıb qalaq, İlahi…

31. 10. 2025, Samara

«YENƏ DƏ FOLKNERİ OXUYURAM MƏN…»

Dron həmləsi var şəhərə indi,

İnternet kəsilib gecə yarıdan.

Nə vaxtdan bəridir havada dron,

Yağış, dolu kimi gözləniləndir.

 +

Zərbə hədəfləri qalırsa yenə,

Çox elə kasıb da deyilmiş şəhər,
Ölkə indi bilir var imiş nələr,
Haçan yas tutacaq itirdiyinə?

 +

Donub televizor, sönüb telefon,
Radio almaqsa plandır hələ.

İndi telefona yüklənilənlər,
Çatır harayıma gələndə dron.

 +

Yenə də Folkneri oxuyuram mən.

Az qala əlli il qabaq olan tək:

Yanır Kür qırağı, oturmuşam tək,

“Novıy mir”sə  düşmür tərli əlimdən.

 +

Rus dilinə gözəl çevirmişdilər,

“Absalom, Absalom” adlı əsəri.

Mən onun sehriylə o vaxtdan bəri,
İngilis dilinin düşdüm eşqinə…

 +

Başımın üstündın uçar şığıyıb,
Səpməyə gedirdi pambığa zəhər,
Çəkilmir burnumdan indiyə qədər,
Təyyarənin səsi, zəhərin iyi…

 +

Mühasirədəyik daim elə bil,

Səngərdə elə bil günümüz keçir,
Gah təyyarə uçur, dron gah uçur.
Uilyam Folknersə yenilən deyil…

24.10. 2025, Samara

«NƏ QƏDƏR YAŞAYA, DƏYİŞMİR İNSAN…»

Nə qədər yaşaya, dəyişmir adam,

Dünyaya gəldiyi kimi də gedir.

Sübutlu, dəlilli deyil iddiam,

Elmi fikir deyil, müşahidədir.

 +

Güman edirəm ki, az olmaz hərçənd,
Bu müşahidəyə şərik çıxanlar.

Nə yaş dəyişdirər, təcrübə nə də,
Yaxşı – yaxşı qalar, pissə pis qalar.

 +

Dünən pis gördüyün dəyişməz sabah,

Ümid bəsləməyək möcüzələrə.

Əsl yaxşılar da dəyişmir ancaq! —

Bizə təsəlli də bundadır elə…

 

20.10. 2025, Samara

«İLAHİ, TAPILA BÜTÜN İTƏNLƏR…»

Tanış küçələri gəzdiyim zaman,
Bəzən eləktrik dirəklərinə
Bəzən ağaclara yapışdırılan,
Sadə elanları görürəm yenə.

 +

Əllə yazılan var, çap olunan da,
Şəkilli, şəkilsiz, rəngli, qara-ağ.

Var təzələri də, rəngi solan da,
Məzmunu onların eynidir ancaq.

 +

Pişiyi kiminsə, iti kiminsə,

İtib – yiyələri yazıq, pərişan.

Yazıb bu elanı vurub indisə,

Qulağı sısdıdir bəlkə də hər an.

 +

Biri Bim adında axtarır iti,

Lord adlı  pişiyi itib birinin.

Boş deyil elanın xahiş-minnəti:

Mükafat gözləyir xəbər verəni.

 +

Yazırlar itkiyə darıxır uşaq.
Stress keçirən var, xəstələnən də.

İstəmir küçəyə çıxmaq, oynamaq,

İtirib marağı dərsinə həm də…

 +

İlahi, tapıla bütün itənlər,
Günlərin bir günü qapıya gələ.

Yardım et, çətinlik yaransa əgər,

Uşaq inciməsin, böyük də elə.

 +

Ruhun xilasıdır bəlkə it-pişik,
Əsarət olurkən ekran həvəsi.

Bəzən xatırladır bizə biz kimik,

Ekrandan ayırır it, pişik səsi…

 

16. 10. 2025, Samara

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «GÖRƏYDİM»

Mollah Pənah Vaqifin “Görəydim” qoşmasına, necə deyərlər, hətta bişmiş toyuğun gülməyi gələr.

“Çox zamandır, yarın həsrətindəyəm,
Gələydi, bir onu barı görəydim”.

Çox maraqlıdır: yar hara gedib? Yəni sevgililərin münasibəti o qədər azaddır ki, xanım istəyəndə gedir, istəyəndə gəlir? Bir məşhur sovet filmində bu barədə deyyilirdi: “Vısokiye, vısokiye otnoşeniya!” Yəni necə də ali münasibətdir!”

Bəzi ölkələrdə açıq nikahlar da olur. Bizdən iraq…
“Bülbül tək fəryadım çıxdı fələkə”.

İndi mən üzümü tutram  milli akademiyanın zoologiya institunun əməkdaşlarına, bütün qazaxlılara, bütün quşbazlara və başqa bazlara  və hətta prezident adminstrasiyasına: Bülbül, bir ovuca yerləşən quş fəryad eləyir? Fəryadı eləyər yaralı şir, pələng, uzağı qartal … Bilmirəm canavar fəryad eləyər ya eləməz, ancaq bülbülün nəğməsinə “fəryad” deyən adam ya bülbülü tanımır ya fəryadın nə olduğunu bilmir.
Cənnət iyli gülüzarı görəydim.”

Deməli Molla Pənahın sevgilisinin üzü gülə bənzəyir, özündən də cənnət iyi gəlir.

Kalassikimiz elə bil ki, cənnətdə ən-azı beş-altı ay yaşayıb. İyi burnundan getmir…
Dalı (qoşmanın) çox maraqlıdır.
“Basaydı üzümə gül ayağını,
Öpəydim üzünü, həm dodağını”

Deyəsən, bizim klassik sado-mazoxist oyunlarını sevirmiş. “Ayağını üzümə qoy…”

Bu da bizim molla…

Sonrası da18+ dur. Erotika get-gedə sərhədini genişləndirir…
“Gah açaydım ağ sinənin bağını,
Qoynundakı qoşa narı görəydim.”

“Gah alaydım gərdənini qucağa,
Gah üzüm sürtəydim zülfə, buxağa”.
Gah da oturaydım qabaq-qabağa,
Danışaydı, xoş göftarı görəydim.”

Bu hara gedib çıxdı? Xanımın yiyəsi yoxdur?
“Yar məndən kəsməzdi belə aranı,
Bu qoymayan kimdir, barı, görəydim.”

Yəqin ortada əğyar var. Niyə bu qoşmada Vaqif əğyardan bir söz demir, çox maraqlıdır. Axı deyə bilərdi: “O dəyyusu, o əğyarı görəydim”…
“Vaqifəm, hicrandır mənim məhşərim,
Gecə-gündüz canan olmuş əzbərim,
Kərəm eyləyibən gəlsə dilbərim,
Kəsilirmi ahu zarı görəydim?”

Əslində sondakı misrada “ahu-zarım” olmalıdır, çünki bəndin birinci misrasında müəllif özünü birinci şəxsdə adlandırır: “Vaqifəm”. Ancaq qafiyə xatirinə “m”-nı atır…

Ancaq razılaşın ki, qoşmanın əvvəli çox gülməlidir, sonra erotika başlanır, gülmək adama ayıb gəlir…

Yaxşı ki, klassiklərimizin vaxtında mobil rabitə olmayıb, İnternet olmayıb, bunların çıxarmadıqları hoqqa qalmazdı…

08. 10. 2025, Samara

«ÖZ QOCALIĞIMA MƏN DARIXMIRAM…»

Öz qocalmağıma mən darıxmıram,

Duyğusuz baxıram təzə şəklimə.

Saçın ağarmağı, can ağrıları,

Çoxdan adiləşib, öyrəşikliyəm.

 +

Elə bil keçmişi silib yaddaşım,

Elə bil nə uşaq, nə gənc olmuşam.

Sənəddəki deyil elə bil yaşım,

Elə bil  dünyaya qoca gəlmişəm.

 +

Sənsə gözəl idin, sənsə gənc idin,

Minlərin içində seçiləndin həm,

Əllərin, gözlərin gözəldi… indi,

Əllərin titrəyir, gözlərinsə nəm…

 +

Bəlkə gəncliyini, gözəlliyini,

Sən də unutmusan, səni ağrıdan,

Günlər, aylardır ki, öndə gözləyir.

Əllərinə baxır gözlərin hər an.

 +

Məyusam…Mən necə unudum axı,
Bir zaman gənc idin, həm də gözəldin…

Neyləyə bilərəm? Yolun axırı

Əgər yaxındırsa, qoy gedim öndə…

 07. 10. 2025, Samara