Архивы

ARDA GÜLƏR

Türkmü doğrudan da bu gözəl oğlan,

Homer təsvir edən yunanmı bəlkə?
Oyunu gözəldir, özü oyundan,
Vurulub milyonlar indi bu türkə.

 +

Parislər, londonlar arzular onu,
Madridə qıyğacı salırlar nəzər.
Uğrunda bu gözəl cavanın yeni,

Troya savaşı başlaya bilər.

 +

Nə qədər baxsam da, yorulmaz gözüm —
Driblinqi gözəl, fəndləri əla.

Elə ötürür ki, topu, mən özüm,
Vurardım bu yaşda, topal ayaqla.

 +

Milyonlar sevgiylə adını səslər,

Bu sevgi bir anda itər də hərçənd:

Bir gün Ərdoğanla qol-boyun əgər,

Şəklini paylaşsan şəbəkələrdə…

 

19. 01. 2026, Samara

ÖLDÜRÜLÜR, YA DA ÖLÜR MÜSTƏBİD…

Ölür hər yaranan, gec ya tez hökmən —
Bilirik ağlımız kəsdiyi andan.

Yox ancaq təsəvvür eləyə bilən,

Şəxsi təcrübənin  olmadığından.

 +

Varlıqla yoxluğun arasındakı,
Anda nə baş verir – açılmaz bu sirr.

Yoxmüşsan elə bil dünyada sanki…

Ya insan bir uzun yuxuya gedir?…

 +

Özgə yoxluğunu, ölümünüsə,
Təsəvvür eləmək amma çox asan,

Mümkün yoxluğunu, olur, kiminsə,
Düşünüb öncədən batırıq yasa.

 +

Hərçənd yoxluqları qorxudan bizi,

Əzizlər, yaxşılar, gərəklilərdir.

Elələri də var, hər birimizi,
Sevindirər, gəlsə ölüm xəbəri.

+
Hər kəsə məlumdur əməlləri də.

Hamı yaxşı bilir adlarını da.

Onlar elə uzun ömürlüdürlər,
İnanmırsan bir gün ölərlər hətta.

 +

Bayram tək gözləyir nə qədər insan,
Ölüm xəbərini müstəbidlərin.
Öldürülər ya da ölərlər hökmən,

Şükr Allaha, bu, baş verər yəqin…

 16. 01. 2026, Samara

«ÇİYNİNDƏ KEÇİRMİSƏN SƏN MƏNİ İLDƏN İLƏ…»

          Şirvan Kərimova

Zirvəyə qalxan zaman, çatanda bəzən hətta,
Yaralı ya xəstəsə hansı alpinist əgər,
Dostları, yoldaşları yoluna davam edər,

Zədəlisə ölümü gözləyər elə orda.

 +

Yaralı ya zədəli yoldaşı aparmağa,

Nə vaxtı, nə resursu vardır alpinistlərin.

Şaxta səksən dərəcə, güc tükənib, yol çətin,

Gedirlər, can üstdəki dostu tapşırıb dağa.

 +

Çox olub, yıxılmışam adi yolda mən elə,
Keçib gedə bilərdin üz belə döndərmədən,

Qaldırıb aparmısan, vaxt, pul əsirgəmədən,
Çiynində keçirmisən sən məni ildən ilə…

 

01. 01. 2026, Samara