Архив тегов | ədəbiyyat dərsləri

SƏMƏD VURĞUNUN “ANANIN ÖYÜDÜ” ŞEİRİ İLƏ BAĞLI SUALLAR

Səməd_Vurğun

1941-ci il iyunun 22-də Hitlerin Sovet İttifaqına hücumundan sonra  Sovet hökuməti ümumi səfərbərlik elan edir. Yəni bronu olmayanlardan başqa bütün 18-45 yaşlı bütün kişilər cəbhəyə aparılırlar. Səməd Vurğunun,  şübhəsiz ki, bronu var, xalqın yazan əlidir. O qalır və elə səhəri gün, iyunun 23-də “Ananın öyüdü” şeirini çap etdirir. Güman etmək olar ki, Səməd Burğun bu şeiri çoxdan yazıb saxlayırmış, bilirmiş ki, Hitler başdan xarabdır, gec-tez  elə özü kimi adamyeyən Stalinlə müharibəyə başlayacaq. Yəni Səməd Vurğun qışın odununu yayda yığanlardan olub. Müharibə başlayan kimi şeiri qoltuq cibindən çıxarıb verib “Kommunist” qəzetinə.

Bir gənc əsgər gedir. Anasıyla vidalaşır.

“Geyib əsgər paltarını, silahlandı qəhrəman”.

Əsgər paltarını, məlumdur ki, çağırışçılar evdə geymirdilər. Paltarı hissəyə çatanda verirdilər. Silahı isə lap sonra alırdı. Gərək təlim keçəydi. Müharibənin birinci ayları heç cəbhədə olanların hamısına tüfəng çatmırdı. Elə silahsız basırdılar almanın qabağına… Yəni bu, yalandır. Həm də kənd uşağı hələ indi yola düşür, hardan qəhrəman oldu?

“Dayan! — deyib, yaxın gəldi, öpdü onun alnından

Yay gününün xoş səhəri, bir də dağlar küləyi”.

Başa düşdünüz? Bacı-qardaş, ata, qohum-əqraba yoxdur, çağırışçını “yay gününün xoş səhəri” və “dağlar küləyi öpür…

Bircə ana var.

“Ana igid balasına açdı öz qollarını.

Üz-gözündon öpə-öpə bağnna basdı onu”.

Deməliyəm ki, Səməd Vurğuna xas olan yazı pintiliyi həddi aşır, o harda heca çatmırsa,  “öz” əvəzliyini para kərpic kimi dürtür ora. Necə yəni “öz qollarını”?

“…hərçənd ki, öz ananam mən sənin…”

Necə yəni “öz ananam”? Oğulun buna şübhəsi vardı?

“Göndərərəm sovqatını – sənin də öz payını”.

Misranın birinci yarısında deyilən ikinci yarıda təkrar olunur, heca boşluğuna yenə “öz” dürtülür. Yeri gəlmişkən, sovqat haqqında. Guya ana payızda meyvə göndərəcək.

“Payız vaxtı bağçamızın heyvaları dəyəndə,

Şaftalılar şirələnib budağını əyəndə”.

Payızda heyvalar “dəymir”, heyvalar yayda dəyir, payızda yetişir, hərçənd yay heyvası da var. Şaftalılar isə payıza qalmır. Yəni şeylərin öz adını desək, Səməd Vurğun ağlına və ağzına gələni yazır. Misranı «nar» doldursaydı, «nar» yazardı, üçhecalı söz lazımdır, ona görə «akademik» şair  şaftalını dürtüb bura. Deyək ki, şaftalı payıza qaldı. Smolenskə, Tulaya, Belqoroda müharibə vaxtı Azərbaycandan şaftalı sovqatı gedib çıxar?

“Çörəyilə böyümüsən bizim ana Vətənin”.

Yəni oğul Mircəfər Bağırovun çörəyini yeyib? Bu uşaq atasızdır? Atalar qalsın, əsgər anaları hələ müharibədən qabaq gün çıxandan gün batana qədər hüquqsuz kölə kimi kolxozda can qoyurdular… Ayaqyalın —   bu, şişirtmə deyil, ayaqqabı yox idi… Vətənin, ölkənin, əslində əsgər anası kimi zəhmətkeşlərin qazandığı çörəyi havayı yeyənlər Səməd Vurğun kimi təbliğatçılar və təşviqatçılar idilər. Səməd Vurğun xalqın çörəyini yeyə-yeyə elə bu xalqın başına min oyun açmış komsomolu tərənnüm edir, Qarabağ xanlığına təhqirli, rəzil həcv yazır, Qarabağ xanını Stalin mükafatı almış səhnə «əsər»ində «oğraş» adlandırırdı…

Sonrası maraqlıdır. Çox.

“Dedi: oğlum, göz  bəbəyim, sən ey ömür çiçəyim!

Tarixlərin şahididir mənim bu ağ birçəyim”.

Əsgər gedənin arvad-uşağı yoxdursa, deməli, subay oğlandır. Yəni on səkkiz yaşında. Anasının da olsun qırx yaşı. Bunun birçəyi hardan ağardı? Bu hardan “tarixlərin şahidi” oldu? Bu, anadır ya nənə?

Görürəm ki, qəhrəmansan…»
Nədən, hardan görür?

“Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!”

Qılıncını? Bu uşaq Çənlibelə Koroğlu dəstəsinə, türk paşalarıi ilə vuruşmağa, tacir karvanlarının qabağını kəsməyə  gedir ya Hitlerlə müharibəyə?

 “Tüfəngini təmiz saxla, atını da tumarla!”

Yox, məlum olur ki, tüfəngi də var, atı da. Yəqin Budyonnı kavaleriyasına gedir. Hitler tanklarının qabağına kolxoz yabısı ilə çıxacaq…

“Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;

Günəş yaydı şöləsini Vətənin göylərindən…”

On səkkiz yaşlı oğlan cəbhəyə gedir, bilinmir başına nə gələcək, bu da deyir “dağ tərpəndi yerindən”…

Ancaq ən maraqlısı axırdadır. Məlum olur ki, əsgər gedənin yanında atası, bacı-qardaşı olmasa da, Şair ordadır. Və bu ayrlma səhnəsinə baxdıqca Şair ilhamlanır (lənət şeytana, az qalmışdım yazam “kayflanır”…).

“Şair qəlbi bu səhnədən ilhamını alınca:

— Yaşa, — dedi, — ey qəhrəman! Yaşa, — dedi, — ey Vətən!”

Səməd Vurğun, əgər kim fikir verməyibsə, nəzərinə çatdırıram, ilk şeirləri çap olunandan özü haqqında üçüncü şəxs kimi danışır: krallar, padşahlar, çarlar kimi… “O”, “şair”, “Vurğun”…

Hə, bu on səkkiz yaşlı sütül oğlan düşdü yola. Şair qaldı.

 “Sonra şair dodaqları öpdü ana əlindən”.

Allah bizi şeytanın şərindən saxlasın! Oğul qapıdan çıxmayıb, Şair ananın əlini öpür…

Yaxşı ki, əlini…

Yüksək poeziyadan və poetik mədəniyyədən çox uzaq olan bütün bu cəfəngiyatın, əlbəttə, ümumlikdə bəşər faciəsinə və fərdi faciələrə dəxli yoxdur. Bu yazıda dərd, bəla, faciə yaşantısı yoxdur. Müəllif soyuq ürəklə və mexanikləşmiş işbazlıq vərdişləri ilə çox aşağı keyfiyyətli, ya təxmini ya tamam dolaşıq klişelərdən quraşdırılmış təbliğat-təşviqat məhsulu yaradır, ən həyati detalların belə həqiqətə uyğunluğunun qayğısına qalmır. Yəni dünya vecinə deyil…

Siz balasını labüd ölümə yola salan ananı gözünüzün qabağına gətirin və onda bu şeirin bütün yersizliyi, vulqarlığı, sinizmi sizə aydın olar.

Təəssüf ki, bu cür “qəhrəmanlıq poeziyası” ənənələrini indi də davam etdirənlər çoxdur…

10.10. 2018

Samara

SƏMƏD VURĞUN: “İKİ DÜŞMƏNİM VAR DÜNAYDA, İNAN, BİRİNCİ FAŞİSTDİR, İKİNCİ SİÇAN…”

Səməd_Vurğun.jpg

Azərbaycan məktəbləri haqqında mənfi söhbətlər həmişə mənə toxunur, xüsusən ona görə ki, belə söhbətləri ölkəyə baha başa gələn və milli təhlükəsizliyə potensiyal ziyanı olan rus dilli paralel təhsil sisteminin tərəfdarları aparırlar. Azərbaycanda Azərbaycan məktəbləri yaxşı və hətta ən yaxşı olmalıdır!

Ancaq belədirmi?

Mən Azərbaycan məktəbindən qırx ilə yaxındır ki, ayrılmışam. Tədris proqramlarından xəbərim yoxdur. Həm də mən uzağı ədəbiyyat dərsləri barədə fikir deyə bilərəm. Bu barədə bildiyim odur ki, orta məktəb proqramlarında sovet vaxtıyla müqayisədə az şey dəyişib. Məsələn, Səməd Vurğun yenə birinci şairdir və onun şeirləri ən yüksək poeziya standartlarıdır.

Bu, fəlakətdir.

Fizikadan, kimyadan geri qalmış uşağı, əgər o, təbiətən küt deylsə, bir neçə aya intensiv məşğələrlə qaldırmaq olar. Oncaq bəd zövq, vulqar zövq aşılanmış, ruhuna antiestetika yeridilmiş uşağı onillərlə safa çıxarmaq olmur. Səməd Vurğunun, Süleyman Rüstəmin ya Məmməd Arazın misraları ətinə-qanına uşaqlıqdan yerimiş adama ciddi poeziyanı, böyük poeziyanı, həqiqi poeziyanı tanıtmaq çətin olur ya heç mümkün olmur. Bəlkə buna görə Azərbaycanda dil mədəniyyəti, poetik mətəniyyət belə acınacaqlı haldadır.

Mən Səməd Vurğunun “Ceyran” şeirindən ayrıca yazmışam. İndi “Sünbülüm” şeiri haqqında bir neçə kəlmə demək istəyirəm.

Bu şeirdən fraqment aşağı siniflərin dərsliklərinə salınardı. Mən müəllim işləyən vaxtlar da vardı, indi bilmirəm. Mənim yadımda ilk iki misra qalmışdı. Şeiri İnternetdə bütöv tapıb oxudum, dəhşətə gəldim. (Əslində S. Vurğunun hansı şeir və poemasını diqqətlə oxuyursan, dəhşətə gətirir).

“Ellər həsrətidir bu əmri verən…”

Hansı əmri? Şeir yazmaq əmrini? Niyə ellərin özü yox, “ellərin həsrəti”?

“Xırman üstündəki ana səsidir…”

Xırman üstündə kişilər olurdu ya arvadlar?

“Deyrirlər dünyada qocadır yaşın…”

Yəni Səməd Vurğuna hansı dili qurumuşsa deyib ki, “dünyada sünbülün yaşı qocadır…”

Hə?

Yaş qoca olmur, yaş çox ya az olur.. Həm də sünbül…

“Qüvvətdən quruldu torpağın, daşın…”

Sünbülün torpağı necə qurulur? Yaxşı, deyək ki, torpağı quruldu, daşı bəs necə?

“Deyirlər səndədir həyat, hərəkət…”

Bunu da deyiblər… Yəni deyiblər çörək bərəkətdir…

“Mən bunu qəlbimlə çoxdan anladım…”

Yəni yeyəndə, çörək qarnına gedəndə anlamayıb, qəlbində anlayıb… Yəni çörəyi burnuna yeyən adamlar var, onu Səməd Vurğun kimi qəlbinə yeyən incə adamlar…

“Qarşıdan al geyib gələndə bahar,

Bilirəm qəlbində nə işvələr var!”

Bəh-bəh! Sünbülün qəlbində işvələr… Zalım oğlu elə bil anaşadan yazır…

“Sən ilk bəzəyisən bizim Vətənin,

Əski kitablarda adın var sənin”.

İndiki Azərbaycan şairi yazardı ki, qədim türk kitablarında sünbülün adı var… Yaxşı ki, yazmayıb “Leninin kitablarında adın var sənin…”

Görəsən hansı “əski kitabları” nəzərdə tutub?

Birdən Vurğunun ilhamı elə coşur ki, aqressiyaya çevrilir və şair affekt vəziyyətində təbiətə qarşı hücuma keçir:

“Eşit sözlərimi cansız təbiət!”

Rəhmətliyin oğlu, cansız təbiət olar?

Səməd Vurğunu tutmaq olmur,

“Vicdansız, duyğusuz, qansiz təbiət!”

Və proletar şairi və yazıçısı Maksim Qorkinin “Düşmən təslim olmasa, onu məhv edərlər” şüarını rəhbər tutub təbiəti hədələyir:

“Yenə quduz kimi çıxma yolundan,
Vulkanlar çəkilir insan oğlundan!

Dağlar qarşısında salama gəlir…”

Allahu əkbər!

Sonra yenə minora düşür.

“Bürkü gətirməsin sənə buludlar

Üstünə qonmasın quşlarla  qurdlar”.

Bulud bürkü gətirir ya yağış?

Bayaqdan deyirdi ki, dağlar insanı salama gəlir, indi təbiətə hərbə-zorba gələn bu insan “quşlarla qurdların” əlində aciz qalır?

“Tarixə bir daha gözünü gəzdir,

Bəşərin ilk dərdi çörək dərdidir”.

Tarixə göz gəzdirəndə görürsən ki, bəşər əvvəllər çörək yeməyib, ət yeyib, çörək sonra olub, ondan sonra da Azərbaycana şor gəlib…

Dalı lap həngamədir. Çörək olmasaydı:

“Qardaşlar qanını, dostlar qanını.

Düşmən qaldırardı öz bakalında”.

Öz bakalında…

Ancaq şeirin son beytini oxuyanda istəyirsən başını vurasan qapının tininə:

“İki düşmənim var dünyada, inan –

 Birinci faşistdir, ikinci siçan!”…

Bəla burasındadır ki, bu hətərən-pətərən şeiri psixiatriya xəstəxanasının müştərisi və ya aşağı sinif şagirdi yazmayıb. Şeir 1936-cı ildə yazılıb, yəni Səməd Vurğun bu şeiri yazanda otuz yaşı vardı, Lenin ordeniylə təltif olunmuşdu, deputat idi, canlı klassik sayılırdı…

İnidi də sayılır…

Bu isə bəla deyil, böyük bəladır…

06.10. 2018

Samara