Архив тегов | əğyar kimdir

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «DEDİM ƏĞYAR İLƏ GƏZMƏ, SƏNƏ ÇOX YALVARDIM…»

Əliağa Vahid

Azərbaycan xalq artisti və eyni zamanda milli konservatoriya professoru adını daşıyan müğənnilərin sevə-sevə oxuduğu qəzəllərin biri belə başlanır:

“Dedim, əğyar ilə gəzmə, sənə çox yalvardım”.

Təsəvvür edirsiniz? Bunu yazan Əliağa Vahid və ya bunu boğazından çox burnunun telləri ilə oxuyan İslam Rzayev yalvarır ki, “gəzmə”. Gəzəyən canan da Flora Kərimova kimi deyir ki, gəzirəm, əlimin içindən gəlir. Və sözünü rusca tamamlayır: «Да пошел бы ты на…»

Gəzəyən canana yalvarıb “gəzmə” demək, Məzahir Pənahova “seçkini saxtalaşdırma” deyib yalvarmaq kimidir. Nətəcə — sıfır.

Maraqlıdır ki, Azərbaycan qəzəllərində, xüsusən Vahiddə və Vahiddən sonra vahidanə yazanlarda ancaq qadınlar gəzəyəndirlər. Kişilər – yox! Kişiyə “gəzmə” deyib yalvaran qadın dilindən qəzəl eşitmisiniz? Vahid özü deyir ki, ətrafı gözəllərlə doludur. Ancaq bu, gəzmək sayılmır.

Və daha maraqlı budur ki, Vahid bu qəzəli cananının gəzmək dərdindən öləndən sonra yazır. Özünüz baxın:

“İndi dincəl, gözəlim, mən də ölüb qurtardım.”

Ölüb ya ölmэyib?

“Bir sədaqətli gözəl tapmadım aləmdə, qərəz,

Bu az ömrümdə çox ətrafı gəzib axtardım.”

Şair az ömründə bütün Azəribaycanı ətraflı gəzib, bir “sədaqətli gözəl” tapmayıb, hamısı gəzəyən çıxıb.

“Könlüm aldatdı məni hüsnünə məhparələrin,

Sanmayın, mən bu vəfasızlara bel bağlardım.”

Akademik şair Səməd Vurğun deyirdi ki, ürək candan ayrılmaz. Ancaq Vahid bunu təkzib edir, onun ürəyi canından ayrıdır, öz könlü, yəni ürəyii onu aldadır, o da “vəfasızlara” bel bağlayır.

“Fələkin qəddi bükülmüşsə, mən ondan qocayam,

Onda ki, yoxdu nə dünya, nə fələk, mən vardım!”

Fələyin qəddi niyə bükülür və necə bükülür? Vahidi fələkdən qoca edən nədir? Dünyadan, fələkdən qabaq olmağına Vahidin nə sübutu var? Biz bilirik ki, fələkdən qədim ancaq erməni ola bilər.

Bəlkə bu qəzəl erməni dilindən tərcümədir? Bəlkə bunu erməni yazıb və ona görə bizim gözəllərə gəzəyən deyilir?

“Səni mən istədiyim günlər ölürdüm sənsiz”

Bir şey başa düşdünüz? Aranızda “Tarix-Nadir”i yarısınacan oxuyanlar var? Əvvəldə deyirdi ki, cananın gəzmək dərdi onu öldürüb, indi deyir “sənsiz ölürdüm”.

Axırda məlum olur ki, şair ölməyib, tamamilə sağdır, eşqində də, yarının gəzəyənliyinə baxmayaraq, “sabitqədəmdir”.

“Vahidəm, eşqdə mən indi də sabitqədəməm,

Varam öz yarım ilə mən necə əvvəl vardım.”

Azərbaycanda hər şeydən vacib sabitlikdir. Eyni rəhbərlik, eyni kütlə, eyni Məzahir Pənahov, canan əğyar ilə sabit gəzməyində, yar sabit yalvarmağında və yalvarıb yerində oturmağında…

Akademik şair Səməd Vurğun nə deyirdi? —

“Bundan da gözəl bir daha dövran ola bilməz…”

Mirzə Əlil

12.02. 2024, Samara