Архив тегов | əsərlərim

ƏSƏRLƏRİM, YAZILARIM…

Yazılarım qəzet, jurnal deyibən

Baş alıb gedər,

Yazılarım redaktorların ürəyindən

Daş alıb gələr

Ürəyimi əzməyə.

Əsərlərim, yazılarım,

Redaksiya qapılarında qurdlara tuş olan quzularım.

Yazılarım ürəyimdən qanad alar,

Qəzet, jurnal deyibən

Uçar, uçar.

Redaktorlar

Qanadını qırar quşlarımın,

Yasını intizarım saxlar ölmüşlərimin.

Əsərlərim, yazılarım,

Çoxu ev dustağı olan

əzizlərim.

Əsərlərim, yazılarım,

niyyət dolu, sevgi dolu sözlərim,

nuru gedən gözlərim,

beş-on dostun ürəyində düşüb qalan izlərim.

Əsərlərim, yazılarım,

mənim şikəst övladlarım,

mənim xəcil balalarım.

Əsərlərim, yazılarım,

əzizlərim,

oğlanlarım, qızlarım.

                20.03. 1976 Ərəbqardaşbəyli