Архив тегов | əzrail haqqında

ANARIN YUXUSUNA ƏZRAİLİN GƏLMƏKLİYİ

Dostu Elçinin dəfnindən ölümcül yorğun gələn Anar evə gələn kimi yatağına girir və yuxuya gedən kimi Əzraili divanın yanındakı kresloda oturub gözlərini ona dikdiyini görür. Əzraillə tanışlığı olmasa da, Anar onu görən kimi tanıyır: ölüm mələyi bir suyundan mərhum atası Rəsul Rzaya, bir suyundan mərhum Süleyman Rüstəmə oxşayırdı. Xüsusən burnunun yekəliyindən. Anar Əzraili görəndə ölməkdən çox, yerini islatmaqdan qorxdu. Qorxdu ki, ev adamları yenə divanı islatdığına görə onu danlayacalar. Ona görə qıçlarını bir-birinə keçirib bərk sıxdı  ki, qəza baş verməsin. Birdən Əzrail mərhum İsmayıl Osmanlının səsiylə danışdı.

— Hazırsan?

Anar özünü bilməzliyə qoydu.

-Hara hazıram?

Necə hara? Ölümün çatıb, gedirsən. Gec-tez hamının vaxtı çatır.

Məsələ burasındadır ki, cənab Əzrail, iki ildən sonra mənim doxsan illiyim olacaq. Mən bu ölkənin ən böyük yazıçısıyam, fəxriyəm, milli sərvətiyəm. Böyük təntənə olacaq. Türkün məsəli, vur-çatlasın… Öz iştirakım yaxşı olardı.

— Yox, indi ölsən, lap gözəl təntənə olar. Ölməsən, doxsan illiyində ölkənin doxsan faizi səni söyəcək… Ölsən, bəd əməllərinin bir hissəsini unudarlar.

— Sizə etiraz eləməyə cəsarətim çatmır, cənab Cəbrail. Ancaq bu ölkədə o qədər ölmək istəyən adam var ki. Bəlkə məndən qabaq onları aparasınız? Bilirsiniz bizim ölkədə nə qədər adam özünü öldürür?

— Hardan bilək? Ölkənizin düz-əməlli statistikası var ki? Ölkənizdə düz-əməlli nə var? Ölkəni yaman günə qoymusunuz.

— Mən eləməmişəm. Elçin baş nazirin müavini olub iyirmi il. Ondan soruşun.

— Soruşarıq. Yeri gəlmişkən, Elçin orda qırğın qayırır. Səni istəyir, deyir dostumu gətirin, deyir Anarsız qala bilmirəm.

— Elçin mənim dostum-zadım deyil. Mənim dostum yoxdur.

— Elçin ayrı cür deyir. Orda hamı düzünü deyir.

— Harda orda? Cənnətdə ya cəhənnəmdə?

— Elçin hələ etap gedir…

— Sizdə də etap var?

— Qabaq yox idi, indi var. Biz də sizdən öyrənirik. Azərbaycanın təcrübəsindən çox istifadə eləyirik. Tərtərdən sonra cəhənnəmdə əsl inqilabi dəyişikliklər oldu…

— Tərtərdən mənim xəbərim yoxdur, bilmirəm əsgərlərə neyləyiblər…

— Bizdə hamısını görəcəksən, biləcəksən. Dur görək!

Anar durmaq üçün dolaşmış qıçlarını aralamaq istəyəndə ayıldı. Əzrailin gəlişinin  yuxu olduğuna o qədər sevindi ki, divanı islatdığını da vecinə almadı…

 

Mirzə ƏLİL

06. 08. 2025, Samara