Архив тегов | ağdamlılar

BAŞIAŞAĞILIQ TARİXİ. 2

Nadir ABBASOV

1970-ci illərin əvvəllərində Salyanda birinci katib vəzifəsinə Nadir Abbasov təyin olundu, boyu ortadan kiçik, ancaq enlikürək və dolu bu adam Salyana qədər Ağdama rəhbərlik eləmişdi və özü də ağdamlı idi. Xarici görkəmi barədə ona görə arxayın yazıram ki, onu dönə-dönə yaxından görmüşdüm, küçəyə demək olar ki, heç vaxt piyada çıxmayan başqa rəhbərlərdən fərqli olaraq Nadir Abbasov şəhərdə tez-tez görünürdü, vaxtaşırı Səməd Vurğun küçəsindəki dəlləkxanada başını dəllək Mehdiyə vurdururdu. Bir müddət şəhərin girəcəyində olan poliklinikaya gəlib dişini müalicə etdirirdi, deyirdilər ki, həkimin arvadı ağdamlıdır, tanışdırlar. Mən o vaxtlar tez-tez doktor Şarovagilə gedirdim, Abbasoun, pencəyini qolunun üstünə ataraq poliklinikadan çıxıb mərkəzə tərəf getdiyini doktorun eyvanından özüm görmüşəm…

Salyana hər təzə raykom katibi gələndə bir neçə ay çaxnaşma olurdu, yəni bu bir neçə ay ərzində təzə rəhbər hökmən özünü göstərməliydi. Biri raykoma yaxın, ya özünün yaşadığı küçələrə təzə asfalt döşətdirir, o biri pullu idarələrdən bəzilərinin rəhbərləini ya da kolxoz sədrlərini dəyişirdi. Nadir Abbasov da yəqin bu cür işlər gördü, ancaq onu salyanlılara tanıdan başqa işi oldu. Ağdamlı Salyana gələn kimi şəhərdəki fərdi evlərin ətrafındakı bütün taxta və daş hasarları sökdürdü. Demişdi ki, həyətlər gərək görünə. Doğrudan da həyətlər az vaxtın ərzində qaldı çılpaq. Salyanın mərkəzi küçələrinin bir çoxu qələbəlikdir, xüsusən kənd yerlərindən alverə, “doxdura” və başqa dərdinə görə gələn adamıar çox olur. İndi bütün bu adamlar həyətlərdə xalqın biş-düş edən, paltar yuyan ya oturub dərdləşən arvad-uşağını görürüdülər…

Ağdamlının məqsəd və məntiqini anlamaq mümkün deyildi. O, şəhəri sahmana salmaq istəsəydi, asfaltla səkilər arasındakı arxlarda yığılıb qalan üfunətli çirkabı təmizlətdirərdi – yox, arxlar elə həminki kimi qalırdı. Ya da avtovağzalın həyətində iyi az qala Xələcə gedib çıxan ayaqyoluna bir sərəncam verərdi. Yox, vermirdi. Şəhərin zibilini təmizlətirırdi, kanalizasiyayla məşğul olardı – yox, bunların heç birini Abbasov eləmirdi, ancaq hasarları sökdürürdü. Niyə görə?

Salyan camaatı az qala hamı bir nəfər kimi deyirdi ki, Abbasov şorgözdür və buna görə həyətlərdəki arvadlara baxmaq istəyir. Çox adamlar danışırdılar ki, guya hər axşam Abbasovun kabinetinə bir arvad gedir. Əlbəttə, buna inanmaq çəindir. Ancaq salyanlılar bunu danışırdılar. Təəccüblü orasıdır ki, bir kəlmə söz üstündə qarın yırtan, ciyər dağıdan salyanlılar bu şorgöz katibə güldən ağır bir söz demirdilər. Halbuki Abbasov şəhərdə tək piyada gəzirdi, yaxınına gəlib qəfildən bir şillə vurmaq və hətta qilağını dişləmək mümkün idi. Ancaq neçə illlər Abbsov Salyanı hərlədi, ona nə şillə vuran oldu, nə qulağını dişləyən…

Mən bir dəfə Abbasovu Neftbaza deyilən yerdə gördüm, Kürün qırağında oturub səyyar tülefonla əmrlər verirdi — bu, 1976-cı ilun daşqınıydı, şəhəri su basırdı. Kürü saxladılar…

“Kaş elə onda Salyanı su basaydı, hamımız qırılaydıq, namus-qeyrət getdi”, — bunu mənə bir məclisdə bir salyanlı ağlaya-ağlaya deyib o vaxtlar. Hərif yaxşı içmişdi, salyanlı da içındə ya ağlayır, ya da bıçağı soxur yaxşı bir oğlanın qarnına. Bu, ağlayanlardan idi…

Mən o vaxt Salyanda rəhbərliyə yaxın bir adamdan Abbasovun rüşvət alıb-almadığını soruşdum. O vaxtlar mənim qəlbim hələ təmiz idi və rüşvətxor olmayan azərbaycanlıların olduğuna inanırdım. Həmin adam dedi ki, Abbasov Ağdamda işləyəndə xırda dükançılardan da pul alırmış. Salyanda isə böyük idarələrdən alır…

Salyanda şərəfli işinə görə Nadir Abbasova Sosialist Əməyi Qəhrəmanı adı verdilər. Və sonra göndərdilər Ağcabədiyə rəhbər…

Mən bu xırda yazıya başlamamışdan qabaq İnternetdə Abbasova aid məlumat axtardım. Bir mənbə tapdım. Ağdamlı rəhbərlərə həsr olunub. Abbasov “çox alicənab insan” adlandırılır…

Əlbəttə…Kimin şübhəsi var ki…

 

17.03. 2014 Samara

RAZISAN? HƏ, HƏ…

Bu Novruz bayaramını da belə yola verdim…

“Keçirdim” deməyə ürəyim gəlmir, çünki, sizdən nə gizlədim, bir az kasıblıq oldu. Qabaqlar hər Novruzda bir neçə samaralı soydaşım mənə bayram payı gətirirdi, bu dəfə bir çürük qoz da gətirən olmadı. Hansı qurumsaqsa mənim adıma çıxarıb ki, güya mən Azərbaycandakı referendumun əleyhinəyəm, mənim pay gətirənlərim də inanıb inciyblər məndən.  Çünki çox vətənpərvər adamdırlar, vətəndən ötrü başlarlından keçərlər, prezidentdən ötrüsə bütün başqa yerlərindən. Üstümə xəbər göndəriblər ki, Mirzə, biz səni belə xain bilməzdik. Azərbaycan refetendumunu erməni özü bəyənib, sən namərdlikdə ermənini də vurub keçmisən.

Vallah, mənim adıma söz çıxaran qurumsaq əlimə üşsəydi, bilirsiniz mən ona neylərdim? Bilmirsiniz? Mən də bilmirəm.

Heyf, cavanlıq!

A kişi, mən həmişə Əliyevlərin əbədilik ölkə başçısı olmağını istəməmişəmmi? Bunu hər yerdə deməmişəmmi? Bunu bəlkə İlham Əliyev özü də bilir və eşitsə ki, Mirzə böhtan qurbanı olub, ordan mənə bir vaqon qoz-fındıq göndərər. Əslində referendumun nəticələri mənim üçün qoz-fındıq, paxlava və şəkərburadan min dəfə qiymətlidir. Camaat qırxdan çox sualın cavabına yüz faiz “hə” cavabı verib. Bəli, yüz faiz. Sonra İlham bəy zat-aliləri deyib ki, on faiz azaldın, desək ki, yüz faizdir, bizə hökmən göz dəyər. Ona görə on faiz azaldıblar. Ancaq doxsan faizə də bəzi qonşuların paxıllığı tutub. Deyilənlərə görə, mərkəzi seçki komissiyasının sədrinə ermənilərin gözü elə dəyib ki, yazığın ağzı əyilib və indi zəhmətlə qazandığını yeyə bilmir…

Dünyanın çox ölkələrinin rəhbərləri bizim xalqımıza “afərin” deyiblər. Bizim prezidentimiz də Birləşmiş Millətlər Təşkilatına məktub göndərib ki, hansı ölkənin konstitusiya dəyişdirmək fikri olsa, gəlsin referendumunu keçirsin Azərbaycanda. Bizim camaatımız siyasi cəhətdən elə kamilləşib, elə yetkinləşib ki, bütün konstitusiyaları istənilən dildə gözüyumulu oxuyar və gözüyumulu da səs verər. Guya Pangemun cənablarının bu təklifdən gözləri yumrulanıb alma boyda olub və Koreya dilində nəsə deyib. Bizim diplomatlar bunu da “hə” kimi başa düşüblər…

Burda bir soydaş var… Adını demirəm. Heç etibarım yoxdur ona, ürəyimə damıb ki, fikri-zikri məni güdaza verməkdir. O gün mənə deyir ki, Mirzə, bilirsən niyə bizim camaat yüz faiz “hə” deyir? Çünki bizim camaat çox qeyrətli camaatdır. Dedim ki, a kişi, mən özüm də yaxşı bilirəm ki, bizim camaatımız qeyrətli camaatdır. Sözünün canını de. Deyir ki, Mirzə, Azərbaycanda səsvermə bülletenlərinin qırağında xırda hərflərlə yazırlar ki, “hə” deməyən maygülüdür. İndi özün fikirləş, kim maygülü adını üstünə götürər? Bülleteni qollayıb çıxırlar…

Soydaşımın bu söhbəti məni açmadı, tez sağollaşıb ayrıldım. Belələriylə aşnalıq qatsan, qozdan mərhum olmaq nədir, başında bir vaqon qoz sındırarlar.

O ki qaldı Novruza, Bakıda elə kef olub ki, qonşularımızın ağızlarının suyu axıb. Hələ bir neçə min erməni müraciət eləyib bizim hökümətə ki, buraxın gələk top-tüfəngimiszlə sizin atəşfəşanlığınızda iştirak edək.  Bizim hökümət deyib ki, yox, biz sizi qoymuruq, çünki biz sizdən küsmüşük və hələ danışmaq istəmirik. Ermənilər də elə bikef olublar ki, başlayıblar Ağdamda hərbi təlimlər keçirməyə.

Seçki komissiyası sədrinin əyilmiş ağzına and ond olsun, bu ermənilər çox üzlü, çox həyasız adamdırlar. Onlara deyəsən ki, qırışmallar, təlim keçirməyə yer başınıza qəhətdir, gərək elə Ağdamda keçirəsiniz? Bəs demirsiniz ki, top səsləri çatar ağdamlıların qulağına və bu, ağdamlıların qeyrətinə dəyər?

 

                                                              Mirzə ƏLİL

26.0309 Samara