Архив тегов | Anar Orucov

BAKIDA HƏBSLƏR: «GÖZƏLLİK OĞRULARI»

Nərgiz Absalamova

90-cı illərin sonlarında bəlkə də Samara kitabxanasına təsadüfən düşmüş bir fransız romanını oxudum. Paskal Bruknerin “Gözəllik oğruları” (Les voleurs de beauté”) romanıında oğurlanan gözəl, çox gözəl qızlardır. Üç nəfərdən ibarət banda Parisdə kütlə içərisində belələrini nişanlayır, dallarınca düşüb izləyir, fürsət yarananda oğurlayıb dərin bir zirzəmiyə salıb qapayır. Gözəl qızları oğurlamaqda bandanın məqsədi  ödəniş almaq deyil. Onlar gözəlliyi mütləq şər kimi görürlər, çünki gözəl olanlar gözəl doğulmayanların hədsiz iztirablarına səbəb olur. Şəhəri gözəllərdən “təmizləməklə” dəstə nəcib bir missiyanı həyata keçirdiyini zənn edir.

“La beauté humaine est l’injustice par excellence. Par leur seul aspect certains êtres nous dévaluent, nous rayent du monde des vivants : pourquoi eux et pas nous ? Tout le monde peut devenir riche un jour ; la grâce, si on ne l’a pas de naissance, ne s’attrape jamais”.

 «İnsan gözəlliyi əzəli olaraq ədalətsizlikdir. Təkcə öz görünüşləri ilə bəzi varlıqlar dəyərdən salırlar, bizi canlılar dünyasında heçə çevirirlər: niyə onlr, niyə biz yox? Hər kəs bir gün varlı ola bilər, ancaq kimə gözəllik neməti doğuluşdan verilməyibsə, onu heç vaxt qazana bilməz”.

Daha bir sitat:

“…la beauté n’est pas une promesse de bonheur, mais une certitude de désastre. les êtres beaux (hommes ou femmes) sont des dieux descendus parmi nous et qui nous narguent de leur perfection…”

“..gözəllik xoşbəxtlik vədi deyil, əksinə, fəlakət əminliyidir, gözəl varlıqlar (qadınlar və kişilər) bizim aramıza enmiş ilahilərdir, onlar kamimilliyi ilə bizə rişxənd edirlər…” (tərcümə mənimdir-X.X.)

Son vaxtlar Bakıda iki gənc qadın jurnalistin həbsi mənim yadıma bu romanı saldı.

Bu həbslərin izahında “ekspertlər” çətinlik çəkirlər, onların fikrincə bu gənc qadınların fəaliyyəti hakim rejim üçün heç bir real təhlükə yaratmır.

Paskal Bruknerin romanında bu həbslərin izahı var. Gözəl, gənc, azadfikirli qızların varlığı yəqin ki, hakim ailənin yuxusunu və iştahını pozur, illərlə yığdıqları sərvət gözlərindən düşür: onların hər şeyləri var, ancaq gözəl və azad deyillər. Əliyevlər ailəsinin və ailəyə yaxınların şəkillərini qabağınıza qoyub baxın: bir gözəl üz, bir sağlam baxış tapmazsınız. Mənimsədikləri sərvət başlarından aşsa da, azad deyillər, xalq tərəfindən sevilmədiklərini bilirlər və xalqdan qorxurlar, keşikçilərsiz, topsuz-tüfəngsiz addım atmırlar.

Həyat deyil, cəhənnəmdir.

Və ona görə qorxurlar ki, ölkədə azadfikirli, azadruhlu adamlar var. Azad insan isə gözəl olmaya bilməz.

Onlar gənc jurnalist qadınların simasında həm də ləyaqətdən, nəciblikədən yaranan gözəlliyi, kölə halına salmağa çalışdıqları insanların arasından seçib oğurlamaqla öz iztirablarını yüngülləşdirməyə çalışırlar. Ancaq əks nəticəyə nail olurlar. Sevincin, Nərgizin gözəlliyi həbsdən sonra yeni çalarlarla parladı. “Gözəllik oğruları”nın nəsibi isə öz ibtidai instinktləri ilə yaratdıqları cəhənnəmdə çəkdikləri iztirablardır…

 

02. 12. 2023, Samara

MİRZƏ TƏBİLİN BAKIYA, MİRZƏ ZƏLİLƏ MƏKTUBU

İlham Əliyevin iqamətgahı

Qorxulu xəbərlər gəlir Bakıdan,

Əmoğlu, doğrusu şok içindəyəm,

Casusla doludur Azəribaycan,

Bil ki, nə gündüzüm var, nə də gecəm!

 +

ABŞ casusları saysız-hesabsız,
Bakıda ingilis qoşun kimidir,

Onlardan az deyil yəqin fransız,

Siyahı uzanar sayılsa bir-bir.

 +

AZTV-yə baxdım İnternetdə mən,
Qarınağrısına düşdüm, əmoğlu!

Deyirdi hər casus millətə düşmən,
Hər biri əxlaqsız, hər biri oğru.

 +

Deyirdi onların hamısı geyidir,
Əmoğlu, özünü gözlə sən orda!

Ancaq üzür məni, düzü, bir fikir:

Doğub-törəyirlər necə bəs onda?

 +

Deyirdi casuslar burun soxurlar,

Varsa harda kimin pulu, sərvəti,

Dava tutan da var hətta SOCARla,

Guya mənimsəyir qazı və nefti.

 +

Əmoğlu, inanma daha heç kəsə,
Sən də casus kimi özünü apar.

Əgər pensiyandan gizləmisənsə,
Bilər əmigəlnim, müsibət qopar.

 +

AzTV deyirdi bizimkilərdən,

Az deyil bu casus şəbəkəsində.

Yazırlar nə gəldi prezidentdən,
Yazırlar birinci xanımdan həm də.

 +

Bir kəsə də aman yox indən belə,

Hər gün tuthatut və məhkəmə indi.

Mübarizədirsə xaricilərlə,

Özününkülərlə  müharibədir.

 +

Əmoğlu! Səninçin narahatam mən,
Söz danışmısansa harda, haçansa,

Özünü könüllü təslim elə sən –

Əgər tez otursan, tez də çıxarsan…

 +

Mirzə TƏBİL

28. 11. 2023, Samara