Архив тегов | Aşıq Pənah filmi

AŞIQ PƏNAH KAZUSU. «OĞLUN MƏHSUL YIĞIR, QIZIN SÜD SAĞIR…»

aşıq pənah

Aşıq Ələsgəri Aşıqlar Birliyində təsəvvür edirsiniz? Gəlin təsəvvür edək. Aşıq Ələsgər Aşıqlar birliyinin üzvüdür, birliyə üzvlük haqqı verir, birlik də ona Stalin köynəyi, Allahşükür papağı… Günlərin bir günü akademik Məhərrəm Qasımlı Aşıq Ələsgəri çağırtdırır birliyə, Aşıq  Ələsgər girir rəhbərin kabinetinə, təzim edib soruşur:

— Nə mıəsələdir, qadan alım?

— Ələsgər, mən səni birlikdən çıxarıram.

— Niyə çıxarırsan, ağren alım?

— Sən sazı qılçalarının arasından keçirmisən.

— Ay ağademiy, hansı qurumsaq onu sənə deyib?

— Ələsgər, mənim təhlükəsizlik xidmətim var, hər toyda üç-dörd adamım oturur…

Və s.

Dal gərdənə tökülübdür hörmələr,

Qızıl kəmər incə beli bürmələr,
Atlas köynək üstdə qızıl düymələr,
Düzülübdür yaxasına Pərimin…

Yeddi qata işləyən bu misraların müəllifi Abbas Tufarqanlınını Məhərrəm Qasımlının kənd təsərrüfatı nazirliyi kimi idarə olunan birliuyində təsəvvür etmək mümkündürmü?

Sovet hakimiyyətinin “xalq aşığı” proyekti öz missiyasını həyata keçirdi. Saz çala bilməyən, söz qoşa bilməyən onlarla, yüzlərlə aşıq toy yola verməkdən çox ideoloji iş aparırdılar, xalqda bəd zövq yaradır, onun əxlaq və mənəviyyatını pozurdular. “Aşıq” proyekti güclü bir yalan industriyası yaradırdı: Pənahın, Şakirin adından “şeir” qoşanlar, melodiya qondaranlar, onların səslərini yazanlar, səfərlərini təşkil edənlər…

Hər qarış torpaqdan  bərəkət yağır,

Oğlun məhsul yığır qızın süd sağır

Bunu aşıq Şakir üçün hansı aferist yazıb? Mən Azərbaycanda yaşayan vaxtlar “Kəndimz” mahnısı hər həftə radio ilə səslənirdi.

Bərəkət torpaqdan yağar ya göydən?

Yəni guya belə əmək bölgüsü vardı – oğlan məhsul yığırdı, qız süd sağırdı? Hanı o qurumsaq, bunu yazanı deyirəm, qaldırın onu yatdığı yerdən, tüpürək gözünün içinə.

50-ci illərdə azərbaycanlı qızın, arvadın topuğacan zımrığa bataraq mal sağmağında tərifli, şairanə nə var? 50-ci, 60-cı, elə lap 70-ci illərin kənd fermaları hünər meydan deyildi, işgəncə məkanı idi.

Sovet hökuməti vaxtaşırı bu sağıcılardan birini, yəqin ki, adamı olanı ya da gözəgəlimlisini, qəhrəmana çevirir, döşünə orden taxırdı.

Döşünə orden taxılan sağcı bir də malın altına girərdimi? Bu sağıcı ordn alan kimi olurdu rayon partiya komitəsinin plenum üzvü, deputat. Ondan daha zımrıq iyi yox, “Krasnaya Moskva” ətri gəlirdi…

Salyanlı mərhum feldşer Məhərrəm qonşuda televizora baxır. Xəbər verirlər ki, hansı sağacıyasa orden verilib. Feldşer Məhərrəm yarm litr vurandan sonra həyata tənqidi baxırdı və sosializm gerçəkliyinin qüsurlarına gözü açılırd, əsl dissidentə çevrilirdi. Mərhum ətrafına baxaraq deyir: “Balam, arvadın qaydasıdır mal sağmaq, buna görə nə orden?…”

“Zimistanın dönür yaza kəndimiz”.

Şakirin vətəni Kürdəmirdə qışa “zimistan” deyirlər…

“Saz götürüb dastan yazım hüsnünə…”

Dastan yazmaq istəyən saz götürər ya qələm? Üstəlik Şakir də Pənah kimi sazı ancaq zınqıldada bilir…

 “Güllü yaylaqların, meyvə bağların,

Hər şeydən əzizdir bizə kəndimiz…”

Kürdəmirdə güllü yaylaqlar? Cəhənnəm kimi yanan yerdə? Bəlkə qışlaqlar? Salyan kəndləri, məsələn, gədəbəylilər, kəlbəcərlilər üçün qışlaq idi, sürüləri vaqonlarda gətirib boşaldırdılar Salyan stansiyasına, ordan da aparırdılar örüşlərə. dağlılar yazacan bizim kəndlərdə qalırdılar.

İyirimi il ya da daha əvvəl Tümen-Bakı qatarıyla Azərbaycana gedirdim.Kürdəmirdli orta yaşlı bir arvadla qonşu idik. Salyanlı olduğumu bilb istidən söz saldı və mənə güclü arqumentlərlə sübut elədi ki, Kürdəmir Salyandan min qat istidir. “Ədə nə Salyan, yanırıq, tüstümüz çıxır, İmam Hüseyn haqqı..”

Arvad deyirdi ki, sünnü olsalar da, imamları sayırlar…

Arvadın gözəl metaforik nitq var idi, təəssüf edirəm ki, onun danışığındakı gözlənilməz və hətta sarsıdıcı bənzətmələrin yalnız biri yadımda qalıb. Arvadın kiminləsə, deyəsən, gəliniylə sözü olmuşdu. Dedirdi ki, “incidim” Belə deyirdi: “Qəlbim eşşək qanqalı kimi sınıb axı!”

Vallah, bu arvad bədii dildən Səməd Vurğuna dərs deyə bilərdi…

Kürdəmirli aşıq Şakir isə oxuyur:

“Çəkirsən ağ günə, neçə yol, cığır…”.

Yaxşı, deyək ki, kürdəmirlilər ağ günə yol çəkirlər. Yaxşı, yol çəkilirsə, cığır niyə çəkilir, hə?

Bu, ölməz misra İlham Əliyevin jol proyektini xatırlatdı. Məlumdur ki, yol məsələsində İlham Əliyev heç kimə ümid olmir, nə parlamentə, nə hökumətə, nə yerli orqanlara etibar edir. Hər kəndin yoluna özü pul ayırır. Yolun pulunu saxlayır cibində, harda yol yoxsa, bir dəstə pul çıxarıb verir etibar elədiyi adamlara. Etibar elədiyi aamlar isə ya yol əvəzinə cığır çəkirlər, ya da heç nə çəkmirlər…

Bunlar ayrı şeydir, mən siyasətə qarışmıram. Siyasətə qarışanın lap… Mən aşıq sənətindən yazırzm.

Hə, Şakirin adından yazılmış “Kəndimiz” qoşmasına fikir verin, You Tube-da qulaq asın. Görərsiniz ki, o, dilyllə, üslubuyla Pənahın adından yazılan “şeirlər”lə eynidir. Yən “xalq aşığı” proyekti yalan industriyası ilə bərtabər mafioz korporasiya da yaradır ki, o da bu siyasi proyektin söz və musiqi kontentini qayırıb düzəldir…

(ardı var)

09.09. 2023, Samara

 

AŞIQ PƏNAH KAZUSU. AŞIQQAUYIRMA PLYUS YAŞQAYIRMA…

Lenin haqqında mahnı tədbirin konsertin axırında oxunurdu. Buna qədər bir mahnı da oxumuşduq: Üzeyir Hacbəyovun şikəstəsini:

Bir qızıl quş kaş olaydım,
Gəl, bala-bala yarım…

Və, əlbəttə, ümumi səylərlə təzəcə qayırılıb istifadəyə verilmiş aşıq Nadir filormoniyanın dünya şöhrətli ayaqlar döymüş səhnəsində nimdaş polkovnik çəkmələriylə gəzişib zalı yəqin ki, administrativ resurs vasitəsilə doldurmuş tamaşaçılara yöndəmsiz adı kimi özü də yönəmsiz Əlibayramlı şəhərində aşıq sənətinn necə qorunub nəsildən nəslə keçdiyini nümayiş etdirdi. Tərkibində əsasən ruslar olan estrada orkestri, qazıməmmədli (Qazıməmməd — Hacıqabulun o vaxtkı adıdır) qocaman rəqqas da alqışlarla qarşılandılar. Ancaq ən çox alqışlanan, mənim yaşıdım və yerlim Həbib Zərbəliyev oldu. Bəli, indi görkəmli linqvist və indoneziyaşünas kimi Azərbaycandan uzaqlarda da tanınan doktor Zərbəliyev Əlibayramlıda oxuduğu illərdə (1968-1972) muğamların zillərini ifa etməyə qadir olan çox yüksək və məlahətli səsiylə, yaşına görə unikal sayıla bilən texnikası ilə konsertin ulduzu oldu və o axşam bəlkə də adminstrativ təşkillə filarmoniyaya gələnlər ən azı Həbibin ifasını eşidəndən sonra tədbirdən razı getdilər. Həbibiin ifasəna çalınan alqışlara hər peşəkar müğənni layiq görülmür…

O vaxt Həbibin səsi gərək qorunaydı. Qorunmadı və o, səsini itirdi. Xoşbəxtlikdən sonralar özünü dilçilik elmində tapdı…

Səhəri gün çıxan “Kommunist” qəzetinin dördüncü səhifəsi bizim konsertə həsr olunmuşdu. İştirakçıların, o cümədən xorun da şəkilləri çap olunmuşdu. Materialın mərkəzinə qazıməmmədli rəqqasın şəkli belə bir altyazı ilə qoyulmuşdu:

“Sizcə bu “cavan oğlan”ın neçə yaşı olar? Əlli? Yox, Əlibayramlıdan gəlmiş rəqqasın 74 yaşı var!”

Rəqqasın 74 yaşında olmağı filarmoniyada da, onun nömrəsi elan olunanda xüsusi qeyd edilirdi və zalda alqış qopurdu. 74 yaşlı rəqqasın gümrah rəqsi, barmaqları üstündə dayanıb gəzişməyi tamaşaçıları biganə qoya bilməzdi. Mən özüm ona möcüzə kimi baxırdım, çünki o vaxtlar, 60-cı illərdə,  bizim kəndimizdə kişilər heç altmışacan yaşamırdılar. Yemək qıt idi, səhiyyə yox idi. Çox vaxt adam elə xəstələnən kimi ölürdü, heç müalicəyə ehtiyac olmurdu…

Xeyli sonra, bir qazıəməmmədlidən o rəqqas haqqında soruşanda, gülüb dedi: “Nə 74 yaş? Kişinin cəmi 64 yaşı var, təzə pensiyaya çıxıb, Bakıya konsertə aparanda yaşını10 il artırdılar ki, maraqlı olsun…”

(Qoqolun “Şinel”ində dərzi Petroviç var. O, müştərilərini sarsıtmağı sevir. Akaki Akakiyeviçə təzə şinel üçün elə qiymət deyir ki, yazıq az qalır huşunu itirib yıxılsın…Sovet də əhalisini rəqəmlərlə sarsıtmağı seidi, ortada bir şey yox, ancaq rəqəmlərə görə bu-gün sabah kommunizmi qurub qurtararıq…)

Azərbaycan, əlbəttə, mən sovet Azərbaycanınını nəzərdə tuturam, təkcə aşıqqayırma sahəsində yox, yaşqayırma sahəsində də bütün planetdən qabaqda idi. Götürək Şirəli Müslümov proyektini. Bu, ümumdünya miqyaslı afera idi. Şirəlinin vaxtında planetimizdə təxminən 4 milryard əhali vardı, indi səkkiz milyarddır. Bu səkkiz milyardın içində, səhiyyənin yüksək inkişafına baxmayaraq, heç 120 il yaşayan  adam tapılmır. Uzağı 113-115 yaşında olan Şirəlinin yaşını ölənə yaxın elədilər 169! Hər il üç-dörd yaş artırırdılr… O illərdən də çox qabaq çəkilmiş Amerika filmlərinə baxın. Deyək ki, epizod tikinti meydançasında baş verir. Görürsən ki, hələ keçən əsrin qırxıncı illərində tikinti əməliyyatları necə mexanikləşdirilib, fəhlələr, ustalar necə alətlərən istifadə edirlər, vakuum çıkicləri elə o vaxtlardan olub… Evlərdə isti su var, qaz var, evdə otaqların sayı uşaqların sayı qədərdir. Bizdə indiyəcən çox yerdə məhlulu vedrələrdə daşıyırlar, kərpici əllə qaldırırlar…

Biz nə gündəydik? ABŞ çoxdan quldarlığı, uşaq əməyinin istismarını ləğv eləmişdi. Bizdə 11-12 yaşlı sütül uşaqlar noyabrın ortalarınacan DDT səpilib zəhərlənmiş və sarılıq yaradan pambıq tarlalarında can qoyurdular…

Ölkə, millət də fəxr edirdi ki, talış dağlarıının başında 169 yaşlı kişi yaşayır…

Yeri  gəlmişkən, 1926 Pənahın əsl təvəllüdü ola bilər və olmaya bilər. Müharibə başlayanda və onun gedişində xeyli gənc vasitə ilə ya da pulla yaşını kiçildib təzə sənəd almışdı. Qonşu kənddən olan bir yerlim özü mənə yaşını xeyli kiçiltdiyini etiraf etmişdi, mən sonra bu söhbət əsasında hekayə də yazmışdım. Demək istəyirəm ki, belə şeyləri eləyirdiər və Stalinin qorxusu da bunun qabağını ala bilmirdi. Pənah həqiqətən 1926-cı doğulubsa da, 1944-cü ildə cəbhəyə getməli idib. Mən onun hakimi deyiləm. Ancaq baxın, ataları, ərləri , qardaşları cəbhədə həlak olanların qabağında o nə oxuyurdu:

Koroğlu misallı mərd igidlərin,

Qılıncdan kəsərli sözünü gördüm…

Harda gördün? Cəbhəyə getməmisən, əsgər olmamısan, Salyanda sən ancaq Salyan qoçularını görə bilərdin…Ancaq çətin ki, əsl qoçu qondarma aşıqla oturub-durardı…

(ardı var)

06. 09. 2023, Samara

AŞIQ PƏNAH KAZUSU: NAŞI BAĞBAN VƏ AZƏRBAYCANDA AŞIQQAYIRMA TEXNOLOGİYASI

aşıq pənah

Aşıq Pənah gəraylı oxuyur.

Naşı bağban, girmə bağa,
Yarpaq düşər, gül inciyər.

Başa düşdünüz? Aşıq Pənah yəqin bu gəraylını yazana on kiloluq bir ağbalıq, üç-dörd kilo da qara kürü gətirib Salyandan. Gəraylı yazan da ilişib bəlkə tanıdığı hansı bağbanasa. Niyə ilişib, bilmirik. Naşı bağbanı kim işə götürüb, bilmirik. Bağ hansı bağdır, o da məlum deyil. Bəlkə Salyanın indi ləğv edilmiş Qələbə bağı, bəlkə Bakının eləcə qeyb olmuş Parapet bağı…  Ancaq balığı, kürünü Pənahdan alıb bu hoqqanı yazan özü də naşıdır,  aferistliyinə isə söz yoxdur.

Aferist naşı bağbana qadağa qoyur:

Gəl toxunma göy budağa!

Və qadağanın səbəbini izah edir:

Dəymə ona əl inciyər.

Bu misradan belə çıxır ki, bağban əlini göy budağa vursa, əli inciyər. Ancaq deyəsən məsələ ayrı cürdür. Pənah üçün gəraylı qondaran naşıdır, ancaq aşıq Pənah, üzr istəyirəm, kütdür. Yəni savad cəhətdən. Ayrı işlərdə bir respublikanın əhalisini susuz aparar, susuz gətirərdi.

Yəqin o aferist şair(Əliağa Kürçaylı? Ağacavad Əliazadə? İlyas Tapdıq?) belə yazıb:

Vurma ona əl, inciyər. (Yəni “göy budaq” inciyər.)

Pənah fikirləşib ki, “vurma” ya “dəymə”  — nə fərqi var. Ancaq dalı məzhəkədir. Yadınızdan çıxarmayın ki, gəraylı naşı bağbana müraciətlə başlayıb, gərək belə də gedə. 2-ci bənd:

Hər axşamın səhərisən,
Ala gözlü dilbərisən…

Bu naşı bağban indi oldu “ala gözlü dilbər”?  Burdan görünür ki, aferist cızmaqaraçı bəlkə də erməni olub, çünki Azərbaycan dilinin qrammatikasını bilməyib. Baxın: “Hər axşamın səhərisən”. Bildik ki, naşı bağban hər axşamın səhəridir. Birinci bənddə deyirdi bağa girmə, indi deyir belə gözəlsən, çıraq kimi yanırsan…

  “Ala gözlü dilbərisən”. Burda naşı bağbandan başqa bir müraciət olunan şəxs yoxdur. İkinci misra da ona aid olmalıdır: Naşı bağban kimin ala gözlü dilbəridir?

Vallah, qulaq asıdıqca başın çatlayır.

Sonra:

Şirin dillə dindirməsən
Dodaq küsər, dil inciyər.

Kim kimi dindirməsə? Şeirin əvvəlində bağ vardı, naşı bağban vardı. Bu “dodağı, dili” küsəyən kimdir?

Bu cəfəngiyata bir neçə dəfə qulaq asıb aşıq Pənahın Bakıda  90 illiyinə həsr olunmuş təntənəli tədbirin videoyazısına baxdım. Arif  Məlikovun çıxışına qulaq asdım, mərhum bəstəkarın yerinə xəcalət çəkdim. Ciddi musiqi yazmış bəstəkarı nə vadar edirdi ki, bu aferist aşığı böyük sənətkar adlandırsın? Vallah, fikirləşirəm ki, bəlkə heç Arif Məlikov da heç bəstəkar olmayıb, “Məhəbbət əfsanəsi”ni adsız bir bəstəkara beş-on kilo kürüyə yazdırıb…

Deməliyəm ki, o vaxt Salynda qara kürü balıq bazarında, necə deyərlər, ayaq tutub yeriyirdi. Ancaq kasıb-kusubun yemi deyildi…

Çox təəssüf…

“Mədəniyyət” kanalının  filmində bir qoca salyanlı danışır ki, 40-cı lillərin axırında Salyanda teatr varmış və Pənah o teatrda Məcnunu, Kərəmi oynayırmış.

Pənahı Məcnun rolunda təsəvvür edirsiniz? Pənah zəngulə vurmur, qaqqıldayırHeb-be-be-be-be…

Bəlkə Salyanda “Leyli və Məcnun”u komediya kimi oynayırlarmış?

Salyanlılar “Leyli və Məcnun” nədir, “Hamlet”i  də komediyaya döndərərlər. Salyan yasında olmusunuz? Çadırın yanından keçən nabələd adam elə bilər ki, danışan molla yox, Lütvəli Abdullayevdir, dirilib gəlib…

Filmdə Pənahın Stalin kostymunu haçan geyib, Allahşükür papağını haçan qoyub aşıqlığa başladığından danışılmır.

Qəribə deyil? Saz çala bilməyən, şairlik talantı olmayan, üstəlik müharibəyə səfərbərlikdən yayınmış  bir cavan oğlan özünü aşıq elan edir və az sonra respublika və sonralar hətta ümumittifaq miqyaslı proyekt kimi irəlilədilir.

Kim olub bu proyektin müəllifi?

Məlum məsələdir ki, Pənahın dalında duranlar, onun cəfəng mahnılarını studiyada lentə alanlar, televziya ilə müntəzəm göstərənlər, ona xarici səfərlər təşkil edənlər bunu təmənnasız eləməyiblər. Şübhəsiz ki, Pənah onun üçün cəfəng şeir yazanlara da, səsini lentə alanlara da, efirə çıxaranlara da Salyandan maşın-maşın qara kürü daşıyıb, onları evində qonaq eləyib, ciblərinə pul da basıb. Yəni “Aşıq Pənah” proyektindən qazanan təkcə Əlipənah Pənahov olmayıb.

Aşıq Pənah proyektinin uğuru Azərbaycanda əməlli-başlı aşıqqayırma industriyasının əsasını qoyub. Uzağı kasıb toylarında xanəndəliyə yarayan xeyli adam qırmızı komissar formasını geyib Allahşükür papağı qoyaraq özünü aşıq elan edib. Və bu industriya əvvəldən mafioz xarakter daşıyıb. Bu qondarma aşıqların, onların adından başqaları tərəfindən yazılmış şeirlərindən ibarət məcmuələr çap olunub. Yalançı aşıq-şairlərin “yaradıcılığından” saysız-hesabsız məqalələr, monoqrafiyalar, dissertasiyalar yazılıb. Yalan – yalan doğurub, yalan alaq otu kimi bütün ölkəni bürüyüb.

“Aşıq Pənahın sazı” – bunu “tədqiqatçılar elə riqqətlə tələffüz edrilər ki, guya söhbət sazı yalnız zınqıldada bilən qondarma aşıqdan yox, Paqaninidən gedir…

Yeniyetmə vaxtımda bir həftənin içində bir aşığın necə qayırılıb-düzəldildiyinin şahidi olmuşam.

1969-cu ilin yazında mən Əlibayramlı pedaqoji məktəbinin 1-ci kurs tələbəsi idim, on beş yaşım vardı.  Məlum oldu ki, iyun ayında Bakıda Əlibayramlı günləri keçiriləcək. Bu, Vəli Axundov dövrünün son mədəni proyekti idi: Bakıda bütün rayon və şəhərlərn mədəniyyət günlərinin keçirilməsi planlanmışdı. Nəyə görəsə Əlibayramlıdan başlmışdılar. Bakıdakı tədbirdə şəhərin bütün peşəkar və özfəaliyyət bədii kollektivləri iştirak edəcəkdilər. Pedaqoji məktədən mənim də üzv olduğum xor, bir neçə müğənni, rəqs ansamblı seçilmişdi. Bizi dərslərdən azad elədilər, çünki şəhərin mədəniyyət evində hər gün məşqlər keçirilirdi. Bakıdan da mütəxəssislər dəvət olunmuşdular, onlardan biri Tofiq Quliyevin qardaşı Oqtay Quliyev idi. Bakıdan gələnlər, şəhər məmurları bütün bədii kollektivlərin ilkin baxışını keçirəndən sonra qərara gəldilər ki, çatışmayan – aşıqdır. Əlibayramlı qədim tarixi, ənənələri olan yer deyildi, kiçik bir qəsəbə istilik elktrik stansiyasının tikləməsi və ətrafda tapılmış neft yataqlarının istismarı ilə əlaqədar indi-indi şəhərə çevrilirdi. Hərə bir tərəfdən gəlmişdi, nə aşıq…  (Estrada orkestri,  qəribə görünsə də, vardı, çünki şəhər əhalisinin xeyli hissəsi DRES tikməyə gəlmiş və sonra Rusiyaya qayıtmamış ruslardan ibarət idi…) Ancaq Bakıdan gələnlər təkid elədilər ki, gərək bir həftənin içində aşıq qayırılıb istifadəyə verilə. Əlibayramlı xanəndələrini saf-çürük eləiyb Nadir adlı birini seçdilər. Niyə məhz Nadiri seçdilər, dəqiq deyə bilmərəm. Onu deyə bilərəm ki, Nadirin gözləri qaynayırdı, aşığın da gərək gözləri qaynaya…

(ardı var)

04.09. 2023, Samara