Архив тегов | Aşıq Pənahın doxsan illiyi

AŞIQ PƏNAH KAZUSU. «OĞLUN MƏHSUL YIĞIR, QIZIN SÜD SAĞIR…»

aşıq pənah

Aşıq Ələsgəri Aşıqlar Birliyində təsəvvür edirsiniz? Gəlin təsəvvür edək. Aşıq Ələsgər Aşıqlar birliyinin üzvüdür, birliyə üzvlük haqqı verir, birlik də ona Stalin köynəyi, Allahşükür papağı… Günlərin bir günü akademik Məhərrəm Qasımlı Aşıq Ələsgəri çağırtdırır birliyə, Aşıq  Ələsgər girir rəhbərin kabinetinə, təzim edib soruşur:

— Nə mıəsələdir, qadan alım?

— Ələsgər, mən səni birlikdən çıxarıram.

— Niyə çıxarırsan, ağren alım?

— Sən sazı qılçalarının arasından keçirmisən.

— Ay ağademiy, hansı qurumsaq onu sənə deyib?

— Ələsgər, mənim təhlükəsizlik xidmətim var, hər toyda üç-dörd adamım oturur…

Və s.

Dal gərdənə tökülübdür hörmələr,

Qızıl kəmər incə beli bürmələr,
Atlas köynək üstdə qızıl düymələr,
Düzülübdür yaxasına Pərimin…

Yeddi qata işləyən bu misraların müəllifi Abbas Tufarqanlınını Məhərrəm Qasımlının kənd təsərrüfatı nazirliyi kimi idarə olunan birliuyində təsəvvür etmək mümkündürmü?

Sovet hakimiyyətinin “xalq aşığı” proyekti öz missiyasını həyata keçirdi. Saz çala bilməyən, söz qoşa bilməyən onlarla, yüzlərlə aşıq toy yola verməkdən çox ideoloji iş aparırdılar, xalqda bəd zövq yaradır, onun əxlaq və mənəviyyatını pozurdular. “Aşıq” proyekti güclü bir yalan industriyası yaradırdı: Pənahın, Şakirin adından “şeir” qoşanlar, melodiya qondaranlar, onların səslərini yazanlar, səfərlərini təşkil edənlər…

Hər qarış torpaqdan  bərəkət yağır,

Oğlun məhsul yığır qızın süd sağır

Bunu aşıq Şakir üçün hansı aferist yazıb? Mən Azərbaycanda yaşayan vaxtlar “Kəndimz” mahnısı hər həftə radio ilə səslənirdi.

Bərəkət torpaqdan yağar ya göydən?

Yəni guya belə əmək bölgüsü vardı – oğlan məhsul yığırdı, qız süd sağırdı? Hanı o qurumsaq, bunu yazanı deyirəm, qaldırın onu yatdığı yerdən, tüpürək gözünün içinə.

50-ci illərdə azərbaycanlı qızın, arvadın topuğacan zımrığa bataraq mal sağmağında tərifli, şairanə nə var? 50-ci, 60-cı, elə lap 70-ci illərin kənd fermaları hünər meydan deyildi, işgəncə məkanı idi.

Sovet hökuməti vaxtaşırı bu sağıcılardan birini, yəqin ki, adamı olanı ya da gözəgəlimlisini, qəhrəmana çevirir, döşünə orden taxırdı.

Döşünə orden taxılan sağcı bir də malın altına girərdimi? Bu sağıcı ordn alan kimi olurdu rayon partiya komitəsinin plenum üzvü, deputat. Ondan daha zımrıq iyi yox, “Krasnaya Moskva” ətri gəlirdi…

Salyanlı mərhum feldşer Məhərrəm qonşuda televizora baxır. Xəbər verirlər ki, hansı sağacıyasa orden verilib. Feldşer Məhərrəm yarm litr vurandan sonra həyata tənqidi baxırdı və sosializm gerçəkliyinin qüsurlarına gözü açılırd, əsl dissidentə çevrilirdi. Mərhum ətrafına baxaraq deyir: “Balam, arvadın qaydasıdır mal sağmaq, buna görə nə orden?…”

“Zimistanın dönür yaza kəndimiz”.

Şakirin vətəni Kürdəmirdə qışa “zimistan” deyirlər…

“Saz götürüb dastan yazım hüsnünə…”

Dastan yazmaq istəyən saz götürər ya qələm? Üstəlik Şakir də Pənah kimi sazı ancaq zınqıldada bilir…

 “Güllü yaylaqların, meyvə bağların,

Hər şeydən əzizdir bizə kəndimiz…”

Kürdəmirdə güllü yaylaqlar? Cəhənnəm kimi yanan yerdə? Bəlkə qışlaqlar? Salyan kəndləri, məsələn, gədəbəylilər, kəlbəcərlilər üçün qışlaq idi, sürüləri vaqonlarda gətirib boşaldırdılar Salyan stansiyasına, ordan da aparırdılar örüşlərə. dağlılar yazacan bizim kəndlərdə qalırdılar.

İyirimi il ya da daha əvvəl Tümen-Bakı qatarıyla Azərbaycana gedirdim.Kürdəmirdli orta yaşlı bir arvadla qonşu idik. Salyanlı olduğumu bilb istidən söz saldı və mənə güclü arqumentlərlə sübut elədi ki, Kürdəmir Salyandan min qat istidir. “Ədə nə Salyan, yanırıq, tüstümüz çıxır, İmam Hüseyn haqqı..”

Arvad deyirdi ki, sünnü olsalar da, imamları sayırlar…

Arvadın gözəl metaforik nitq var idi, təəssüf edirəm ki, onun danışığındakı gözlənilməz və hətta sarsıdıcı bənzətmələrin yalnız biri yadımda qalıb. Arvadın kiminləsə, deyəsən, gəliniylə sözü olmuşdu. Dedirdi ki, “incidim” Belə deyirdi: “Qəlbim eşşək qanqalı kimi sınıb axı!”

Vallah, bu arvad bədii dildən Səməd Vurğuna dərs deyə bilərdi…

Kürdəmirli aşıq Şakir isə oxuyur:

“Çəkirsən ağ günə, neçə yol, cığır…”.

Yaxşı, deyək ki, kürdəmirlilər ağ günə yol çəkirlər. Yaxşı, yol çəkilirsə, cığır niyə çəkilir, hə?

Bu, ölməz misra İlham Əliyevin jol proyektini xatırlatdı. Məlumdur ki, yol məsələsində İlham Əliyev heç kimə ümid olmir, nə parlamentə, nə hökumətə, nə yerli orqanlara etibar edir. Hər kəndin yoluna özü pul ayırır. Yolun pulunu saxlayır cibində, harda yol yoxsa, bir dəstə pul çıxarıb verir etibar elədiyi adamlara. Etibar elədiyi aamlar isə ya yol əvəzinə cığır çəkirlər, ya da heç nə çəkmirlər…

Bunlar ayrı şeydir, mən siyasətə qarışmıram. Siyasətə qarışanın lap… Mən aşıq sənətindən yazırzm.

Hə, Şakirin adından yazılmış “Kəndimiz” qoşmasına fikir verin, You Tube-da qulaq asın. Görərsiniz ki, o, dilyllə, üslubuyla Pənahın adından yazılan “şeirlər”lə eynidir. Yən “xalq aşığı” proyekti yalan industriyası ilə bərtabər mafioz korporasiya da yaradır ki, o da bu siyasi proyektin söz və musiqi kontentini qayırıb düzəldir…

(ardı var)

09.09. 2023, Samara

 

AŞIQ PƏNAH KAZUSU. AŞIQQAYIRMA TEXNOLOGİYASI VƏ ZƏLİMXANIN O DÜNYADAN ÇIXIŞI

aşıq pənah

Nadir Əlibayramlıya hardan gəlmişdi, bilmirəm, bəlkə hacıqabullu, bəlkə Sabirabadın Əlibayramlıya yaxın kəndlərindən idi. Sabirabadlılardan oxuyan görməmişdim. Bir sabirabadlı balabançı tanıyırdım, balabanın birini eə pencəyinin cibində gəzdirirdi, bir də görürüdün çıxarıb qoydu damağına. Balaban gərək cüt çalına, solistin yanında dəm tutan ola, tək çalınanda, özü də naşı çalanda elə bilirsən məcməyi boyda bir pətəyin arısı xorla vızıldayaraq yeriyir üstünə…

Qayıdq bu Nadirə… Nadirin gözlərinin qaynamığı qız istəməyindən idi, deyirdilər bizim pedaqoji məktəbin gözəllərindən birinə vurulub, qız isə deiyb get tayını  tap… Hə, bu Nadirə tez bir serjant şalvarı, stroybatçı köynəyi, nimdaş polkovnik çəkmələri tapıb geyindirdilər, başına molla papağı qoyub elədilər aşıq. Bu paltar, ayaqqabı tapılana qədər yerli qafiyəbazlardan birinə Nadirin adından iki-üç qoşma da yazdırdılar. Bəli, Nadirin, daha doğrusu aşıq Nadirin əlinə bir butafir saz verib çıxardılar səhnəyə. Eşqinin oxu daşa dəymiş Nadir elə bunu axtarmırdımı? Aşıq Nadir stroybatçı köynəyinin, üstündə sovet oraq-çəkici olan bürünc düymələrini sürtüb parıldatdı, nimdaş polkovnik çəkmələrinə təzə rəng vurdurdu və onun adına yazımş şeirləri gecə-gündüz əzbərləyərək aşıqlıq debütünə hazırlaşdı…

Qayıdıram aşıq Pəmahım 90 illik yubiley tədbirinə. Bakıda təbdir 2016-cı ilin oktyabrında keçirilib. Yanvarda vəfat etmiş qrafoman şair və demaqoq deputat Zəlimxan Yaqubun,  Pınahın 80 illik yubileyndıki çıxışının videoyazısını səhnə ekranına çıxarırlar. Zəlimxan Yaqub Salyanı müqəddəs  yer adlandırır, yubilyar aşıq  haqqında isə belə deyir: “Aşıq Pınah döndü Azərbaycanın Kürünə, Azərbaycann coşqun çaylarına, dənizlərinə…”

Bu sözləri Zəlimxana dedirən nədir? Bəlkə salyanlılar çıxışdan qabaq ona qara ya ağ veriblər? Yox, Zəlimxan sayanlılardan bəlkə də balıq alıb, kürü alıb, ancaq bu ölçü-biçiyə sığmaz təriflər keflilikdən, xumarlqdan deyil, bu, başıpozuqluqdandır,  bu adam tərbiyənin və vicdanın nə olduğunu bilməyib. Zəlimxan sənin gözünün qabağında mürəbbə fincanına girib şirni içində şirin canını tapşırmaqda olan milçəyi fil adlandırar və bu “filə” elə təriflər deyərdi ki, istəyərdin hiddətindən başını vurasan divarın tininə, çünki Zəlimxanı — deputatı və xalq şairini  — vurmaq ağır cinayət sayılardı…

A kişi, Azərbaycanda o  coşqun çaylar, o dənizlər hardadır? Çap hərfləri ilə yaza bilən, oxuduqlarını özgələr, bəlkə elə qismən Zəlimxan Yaqub yazmış  aşığın dənizlərə nə bənzəri?

(Yeri gəlmişkən, tədbirdə bir aktrisanın  oxuduğu “Çörək” şeirini Pənah üçün Zəlimxanın yazdığını güman etmək olar – onun “beliyara” qafiyələri və bənzətmələri tanınır.)

Görün sonra Zəlimxan nə deyir: “Aşıq Pənah oturuşu-duruşu, danışığı, şuxluğu, şahlığı, geyimi ilə Allahın hazır çəkilmiş rəsm əsəri idi”.

Allah sənin bəlanı versin, necə ki, verdi! Belə əqidəsiz qafiyəbazlar döşlərinə deputat nişanı da taxaraq millətin əxlaqını, mənəviyyatın pozurlar.

Mən niyə yubiley tədbirinə və Zəlimxanın o dünyadan səslənən çıxışına qayıtdım? Geyim məsələsi! “… geyimi ilə Allahın hazır çəkilmş rəsm əsəri idi” – bunu Zəlimxan deyir və bununla, əlbəttə, cəhənəmdəki vəziyyətini ağırlaşıdırır… İndi Pənahın şəkillərinə baxın: şəkillərinin əksəriyyətində Stalin, çekist kostyumundadır. Allah müsəlman aşığının bu şəkildə yaradardımı?

1969-cu il iyunun 15-də bizi Bakıya apardılar, 16-da səhər saatlarında  filarmoniya səhnəsində Əlibayramlı günlərinin təntənəli açılışının məşqi oldu. Zalda beş-on adam məşqin gedişini izləyirdi. Onlardan ikisini tanıdım: Niyazi və İslam Rzayev. Deməliyəm ki, xorumuzu Niyazi bəyənmişdi və məktəbin direktoruna tövsiyə eləmişdi ki, kollektivi qorusun. Repertuarımızın əsas npmrəsi Serafim Tulikovun “Lenin” haqqında mahnısı idi. Əsas yerini solist oxuyurdu, xor isə nəqəratı.

Lenin vseqda jivoy,
Lenin vseqda s toboy!

Yəni Lenin həmişə diridir, Lenin həmiə səninlədir. Mən səhnədə çox həyəcanlıdır, səsimin çıxığına indiyəcən arxayın deyiləm…

 (ardı var)

05. 09. 2023, Samara