Архив тегов | ata haqqında şeirlər

KƏNDƏ İŞIĞIN ÇƏKİLMƏYİ

ƏRƏBQARDAŞBƏYLİ. 1961-Cİ İLİN YAZI

KƏNDƏ İŞIQ ÇƏKİLMƏYİ

Təzəcə uçmuşdu Yuri Qaqarin,

 Yaxşı yadımdadır, onda yaz idi.

Ya uçuşa qalmış cəmi beş-on gün,

Bizim kəndimizə işıq çəkildi.

+

Nə vaxtdan görürdük gəlmə adamlar,
Dirək basdırırlar yol qırağına.

Sonra da dirəyə dırmanırdılar,

Caynaq keçirərək hər ayağına.

+

Kosmonavt ya kosmos kimdi anlayan? —

Bizim qəhrəmanlar bu kişilərdi.

Dirəyın başında orbitə çıxan

Onlardı —  nəhayət  işıq gəlirdi!

+

Axşam iki lampa bizdə yanardı.

Quran oxuyardı lələm biriylə.

Birinin başında məməm yamardı,

Yazıb-oxuyardıq bir yer eləyib.

+

Demirdik lampanın işığı qıtdır,

Bizdə görən yoxdu gur işıqları.

Bəlkə də neft iyi baş ağrıdırdı,

İnsan ağrıya da öyrəşik olur…

+

Şəhərəcən yeddi kilometrdi,
Guya yaxındaydı kommunizm də.

Kənddəsə qaraldır tüstüsü neftin,

Şüşəni. Su qatır dükançı bizdə…

+

Onda birinciyə hələ gedirdim,

Çəlimsiz, balaca, dil uzun, acı.

Dünyanı tüstüdə, hisdə görürdüm,
Qorxurdum işığa çıxmağa ancaq…

+

O gün bizim evə iki-üç kişi,

Gəldi avadanlıq dolu maşında.

Məftili məftillə tutub baş-başa,

İliç lampasını alışdırdılar.

+

İlk dəfə işıqda qəlbi qarsıdan,

Hüsnü, cazibəni gördüm onda mən.

Qadın gözəlliyi belə sarsıdır,

Bilirsən fəlakət olacaq hökmən…

+

Salyanın, Bakının gur işığıyla,

Tanış lələm baxdı heç nə demədən.

Quran oxuyandı, bu fani dünya,                          

Ona işıqla da cəhənnəm idi…

03.10.16

Samara

İNƏYİN SATMAĞA APARILMAĞI

ƏRƏBQARDAŞBƏYLİ, 1963-CÜ İL, PAYIZIN ƏVVƏLİ         

“Sən burdan itələ, sən də çək ordan!”

Lələm qışqırırdı köməkçilərə.

İnəksə suvatın lap qIrağında,

Durub dirəmişdi özünü yerə.

+

Gündə su içdiyi həminki Kürdü,

İndi salırdılar özünü suya.

Alma gözlərindən yaş tökülürdü,

Elə bil gedirdi başı baltaya.

+

Kolazda oturan çəkir ciyəni,

Daldan itələyən ağac döşəyir.

Üzülür ayağı birdən inəyin.

Büdrəyib özünü toxuyur Kürə.

+

Kolazı çəpləyir lələm oturub,

Mal, ciyəsi əldə üzür yanaşı.

Mən də oturmuşam sarımı udub,

Çaşdırıb halımı malın təlaşı…

+

Lap iti vaxtıdır Kürdə axarın,

Lələm təngnəfəs, lələm qəzəbli.

İnəyin gözündən yenə yaş axır –

Canavar ağzında üzür elə bil.

+

Çatırıq o taya. Özü dırmanır,

İnək, büdrəsə də, suvata burda,

Alma gözlərinin yaşı dayanmır.

Titrəyib suyunu yazıq sıçradır…

+

Asfalt qırağıyla çıxırıq yola,

Lələm əldə ciyə düşür qabağa

Arxadan qovuram mən də çubuqla, —

Salyana gedirik malı satmağa.

+

İndi də gözümün qabağındadır,

O yol ki, uzandı günbatanacan.

Lələm acıqlıdır, qaşqabaqlıdır,

Titrəyir, nədənsə qurumur heyvan…

+

Sabir dayımgildə gecəni qaldıq,

Səhər malı satdı bazarda lələm.

Gəzişib ayında-oyundan aldı,

Vurdu saqqalını surralı Qələm…

+

İndi mən lələmin həmin yaşında,
Ölkədən ölkəyə adlamışam mən.

Həm ömür uzandı, həm də yol, indi,

Canavar ağzında özüməm üzən…

30.09.16

Samara