Архив тегов | axirət haqqında şeir

BİZƏ VƏD EDİLİB ƏBƏDİ HƏYAT…

         doktor Səlim Əhədova

Bizə əbədiyyət, əbədi həyat,

Kitaba inansaq, Tanrı vəd edir.

Əbədi cəhənnəm, əbədi cənnət,

Gözləyir hər kəsi, kim ölüb gedir.

 +

Əbədi həyatı görəsən niyə,

Elə burda vermir bizə Yaradan?

Sübutsuz vədlərlə axı ölməyə,
Azdır bu dünyada tələsən insan.

 +

Məqsədi, mənası nədir ölməyin,

Tanrım, dirilirsə ölən, yenidən?

Cənnətin var burda, var cəhənnəmin,
Burda qurmaq olar məhkəməni də.

 +

Özün bilirsən ki, öyrəşikliyik,
Yaxşıya, həm pisə biz bu dünyada.

İtə, pişiyə də üz-göz öyrəşir,

Çiçəyə, ağaca, ota, suya da.

 +

Hazırıq, iş əgər məhkəməliksə,
Sənin hüzurunda duraq indidən.

Göstər özünü də, nəhayət, bizə,

Qaldır min illərlə ölənləri də.

 +

Doğma kürəmizi “kun!” deyib böyüt,
Çatsın hər kəsə yer, hava, çörək,  su.

Divanı bitirib taxtına qayıt,

Yaşayaq, bilmədən ölüm qorxusu…

 +

Demə insan ömrü əbədi olsa,
İtərdi həyatın bütün ləzzəti.

Anlat, Tanrım, mənə, əgər eləsə,

Niyə vəd elədin əbədiyyəti?

 +

…Bu nə xoş ətirdir dəyən burnuma? –

Ah, çəmən biçilib yol qırağında…
Xoşdur əbədiyyət söhbəti, amma,
Yoxdur bu nemətdən behişt bağında…

15.05. 2025, Samara

 

GETSEMANİ BAĞINDA, YADINIZDASA ƏGƏR…

Getsemani bağında, yadınızdasa əgər,

Deyirdi şagirdlərə, fəlakəti duyaraq:

Ürəyimi bürüyüb öldürücü bir kədər,

Məndən aralanmayın, qalın mənimlə oyaq.

 +

Dua da eləyirdi  üzüstə qapanarq:

“Mümkünsə əgər Atam, yan ötür camı məndən.

 Bilirəm mən istəyən önəmli deyil ancaq

Qoy olsun nəyədirsə sənin ali iradən”.

 +

Gözlərini qapayır mürgü şagirdlərinsə,
Müəllimin sözündən daha güclüdür yuxu.

Onları yatmış görüb kədərlə deyir İsa:

“Mənimlə oyaqlığa bir saat nədir axı!”

 +

Səma səltənətinə gedəcəkdisə əgər,

Yaxın ölüm İsanı belə qorxudur niyə?

Qorxardımı ölümdən, xardalın tumu qədər,

Olsaydı inam onda özünün dediyinə?

 +

Bəlkə lap çarmıxda da, əlli il, hətta yüz il,
Razı olardı qala, yaşaya bilə ancaq.

Torpaqdan üzülsə də, torpağın altda deyil,
Yenə dan söküləcək, yenə günəş doğacaq…

 +

Peyğəmbərlər doğulur, peyğəmbərlər ölürlər,
Yatağında  ölən də, öldürülənlər də var.

Axirətdən hər biri danışsa da nə qədər,
Elə hər birimiz tək qorxub ölümdən onlar.

 +

Hardadır milyon illər bizdən əvvəl gedənlər?

Birindən indiyəcən xəbər, soraq varmıdır?

Özünün dediyinə xardalın tumu qədər

İnamı var idisə, İsa yalvarardımı?

 

22. 08. 2024, Samara

ÖLƏRİK – GÖRƏRİK…

U LENİ. KİNO

Bir zaman “yaşarıq – görərik” deyən

İnsan o həddinə gəlir həyatın,

Gəlişi növbəti hətta saatın,
Şübhəli görünür özünə bəzən.

 + 

Ay nədir, il nədir… sabahkı günə,
Yox əzmin nəyisə planlayasan.

Eşitsə (ya görsə?) Baş plan yazan,
Güman edirsən ki, güləcək sənə…

 +

Həmişə sabahkı günə tələsdik,

Yaşayıb illəri, onillikləri.

Yaxşılı-pislidir gördük hər biri,

Təzəni görməkdən ümidi kəsdik.

 +

Salaraq səsinin yoğun yerinə,

Mənə axirətdən danışan insan!

Sən özün dediyin yerdə olmusan? –

Ölərik – görərik… nə deyim sənə…

 09. 07. 2023, Samara