Архив тегов | Aynur Camalqızı

MİRŞAHİN QURBAN MƏMMƏDLİNİN QOLTUĞUNA SABİRABAD QARPIZI, QURBAN MİRŞAHİNƏ VƏZİFƏ…

       VODEVİL

Mirşahin Qurban Məmmədli

Mirşahin: Alo! Mən Londondayam?

Qurban: Yox, Londonda mənəm. Sən Bakıdasan, özü də deyəsən içmisən. İçkili olanları Azerfredomun efirinə çıxarmırıq.

Mirşahin: Qurban bəy, salam. Londondayam o mənada dedim ki, yəni zəngim çatıb Londona. Deyəsən, səsimdən tanımadın. Yadındamı, soyuq fevral günü?

(Şövkət Ələkbərovanın səsiylə oxuyur)

Mən sənin yanına qışda gəlirdim,
Bir əlimdə bahar, bir əlimdə yaz…

Qurban: Mən anlamadım. Bahar elə yaz deyil? Yox, sən içkilisən, məni işimdən ayırma.

Mirşahin: Qurban bəy, bu, poeziyadır, bahar və yaz bir fəslin iki üzüdür. Çöllə bayır kimi. Qurban bəy, mən sənin yanına türməyə gəlirdim, qucaq dolusu çiçəklə… Məm Mirşahinəm…

Qurban: Tanımadım, ruslar demişkən, varlı olacaqsan.

Mirşahin: Qurban bəy, mən çoxdan varlıyam. Ancaq rusların başqa məsəli də var: Yüz rublun olmasın, yüz dostun olsun… Mən səndən ötrü darıxmışam. Sən mənim üçün həm dost, həm böyük hüquqşünas, həm də dahi siyasətçisən.

Qurban: Tərifə görə sağ ol, anca mən sadə bir insanam.

Mirşahin: Sadəsən, ancaq adi deyilsən, qeyri-adisən. Sənin tənqidini mən qılınca, kalaşnikova, Bayraqdara bənzədirəm. Fəxr edirəm ki, məni də öz tənqidinə layiq görürsən…

Qurban (doluxsunur): Yox, Mirşahin, sən tərifə daha çox layiqsən. Bizim Azerfredomda bəzən nəzarət zəifləyir, yəqin sənin ünvanına nalayiq sözlər işlədirlər. Bundan sonra buna yol vermərəm. Səni söyənin mən anasını… Yəni səni söyəni bloklayaram ömürlük…

Mirşahin: Böyük və mqəddəs insansan, Qurban bəy. Mən istəyirəm bundan sonra sənə Mirqurban deyəm.

Qurban: Mirşahin, axı mənim atam seyid olmayıb.

Mirşahin: Eh, Qurban bəy… Mirqurban bəy… Sənə bir ekzistensial sual verim: hansımız öz atasının kim olduğunu dəqiq bilir? Məsələn, mən bahalı maşınlar alandan, villa tikdirəndən  Yardımlıda bir neçıə kişi iddia edir ki, mənim əsl atam onlardır…Sənin də atan seyid çıxa bilər…

Qurban: Ancaq hələlik Aynur… o nə qızıdır…. Məni erməni çıxarıb…

Mirşahin: Mirqurban bəy, sənə olan hücumlar sənin böyüklüyünün sübutudur.

Qurban: Sağ ol, Mirşahin. Söz verirəm ki, prezident olan kimi səni mətbuat katibi qoyum.

Mirşahin: Etibara görə sağ ol, Mirqurban bəy. Ancaq bir məsələ məni pərt edir. Məndə olan məlumata görə Ərəstun Oruclu deyib ki, o, prezident olan kimi Eynulla Fətullayevi mətbuat katibi qoyacaq.

Qurban: Niyə pərt olursan, Mirşahin? Məsələ sadədir. Biz hakimiyyətə gələndə iki prezident olacaq. Biz yalnız beləliklə avtoritarizmin kökünü kəsə bilərik.

Mirşahin. Başa düşdüm, Mirqurban bəy. Rişi Sunaka məndən salam de, o məni yaxşı tanıyır.

Qurban: Bay-bay…

Mirzə ƏLİL

24. 05. 2024, Samara

MƏŞƏDİ İBAD QİYAMI VƏ YA MƏDƏNİYYƏTİMİZDƏ ƏĞYAR PROBLEMİ

Hamı bilir ki, muğam çox ciddi musiqi janrıdır, bir qayda olaraq muğamların melodiyası hüznlüdür və muğama qulaq asan insanın, əıbəttə, üzü gülməz, kefi açılmaz, əksinə, Səməd Vurğun demişkən, “dərin fikirlərə qərq olar yazıq”. Mən özüm cavan vaxtlarımda muğamlara qulaq asarkən, Aynur Camalqızı demişkən, göz yaşlarıma hakim ola bilmirdim, bəzən dərd və qəm mənə elə güc gəlirdi ki, az qalırdım başımı daşa ya divarın tininə çırpım. Sonralar, yaşa dolduqca başladım muğamlarla oxunan sözlərə diqqətlə qulaq verməyə. Və qulaq asdıqca gördüm ki, bizim muğamlarımız əslində erotik janrdır. Muğam üstündə oxunan qəzəllərdə, oxucudan üzr istəyirəm, əsasən gəzəyən qız və qadınlardan söhbət gedir.

“Yüs yol dedim əğyar ilə gəzmə, yenə gəzdi,
Ölsəm, demərəm bir də dübarə, özü bilsin”.

Bu beyt məşhur qəzəlxan Vahidindir. Yəni ki, Vahidin və ya onun, ədəbiyyatşünaslar demişkən, lirik qəhrəmanının sevgilisi var. Bu xanım isə vaxtaşırı “əğyar ilə gəzir”. Yəqin ki, çox gəzir və tez-tez gəzir, çünki Vahid “yüz yol deyib gəzmə”. Ancaq xanım gəzməyindən qalmayıb. Yəni deyib elə canını alıb gəzəcəyəm.  Vahid də başa düşür ki, bu xanımla bacara bilməyəcək. “Ölsəm, demərən bir də dübarə…”

Ölsən, hardan deyərsən?

Mərhun İslam Rzayev bu mövzuda Vahidin başqa bir qəzəlini oxuyardı.

“Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…”

Yəni Vahid ya onun lirik qəhrəmanı gəzəyən xanıma bənd olub, özü də yalvarır ki, “əğyar ilə gəzmə…”

Məlumdur ki, İslam Rzayevin səsinin şirinliyi qismən ondan idi ki, səsi burnundan çıxırdı. Bu qəzəli oxuyanda isə səs elə bil gözlərindən gəlirdi – göz yaşlarına bələnmiş halda, nəmli…

“Sənə çox yalvardım…”

Uşaq vaxtı bunu eşidəndə mənə ancaq “yalvardım” sözü çatırdı, “Əğyar”, “gəzmək”- zad başa düşmürdüm. Hər eşidəndə az qalırdım İjevsk adlı vallı radiomuza kəllə atım…

Sonralar bildim ki, “əğyar” kimdir, “gəzmək” nədir, və bu əğyar köpəkoğlu yarla nə oyun çıxarır…

Vallah, Amerikada, Fransada erotika qadağan olan vaxtlar bizim muğam oxuyan xanəndələrin repertuarı erotika ilə dolu olub…

Sonralar mən bunları başa düşəndə bir şeyə çox təəccüb elədim: yarları əğyarla gəzən kişilərin xoşqeyrətliliyinə. Məsələn, Puşkinin arvadı Natalyanın adına söz çıxanda Puşkin Dantesi duelə çağırır, onunla atışır və ağır yara alıb ölür…

Bizim şair isə deyir “çox yalvardım gəzmə…”

Bu, çox təəccüblüdür…

Bu əğyar köpəkoğlu bizim poeziyamıza və şəxsi həyatımıza çoxdan soxulub. Bir yaxşı qəzəl oxuyursan, iki aşiqin macərası qəlbini oxşayan dəmdə bu arvadbaz, şorgöz, pozğun əğyar hardansa çıxıb alır xanımı qoltuğuna, aparır “gəzməyə…”

Hə, gəzməyə… Biz uşaq deyilik, builirik belə gəzməklər necə olur…

Seyid Əzim Şirvaninin qəzəllərində əğyar adam-insan saymır, namus-qeyrət bilmir.

“Bağ içrə gəlib yarımı əğyar ilə gördüm…”

Yazıq Seyid Əzim bağa girib ki, bir az təmiz hava alsın, bülbüllərin nəğməsinə qulaq assın. Şeytana min lənət! Bağa girib ətrafına boylanan kimi Seyid Əzin görür ki, yarı əğyar ilə qol-boyundur…

İndi Seyid Əzim neyləməlidir? Bizdə, əlbəttə, duel olmayıb. Ancaq Seyid Əzim elə dəvətsiz-təklifsiz bu əğyarın üstünə atılmalıydı. Ən azı gərək onun qıçlarının arasına, düz təsərrüfatı yerləşən nöqtəyə yağlı bir təpik vurmalıydı…

Əfsus! Əğyar öz kefindədir. Seyid Əzim özünü korluğa vurur:

“Ey kaş olaydı bu tamaşadə gözüm kur…”

Demir ki, “kor olaydım”, farsdakı kimi“kur” deyir, burda gərək vəznə görə “u”-nu uzadasan: «kuuuur». Bir sözlə, məzhəkədir. Seyid Əzim təəssüf edir ki, “kur” deyil. Ancaq özünü korluğa qoymağa nə var?

Bağdan elə gözüyumulu çıxıb suyu süzülə-süzülə gedir…

Əğyar da qalır yarla…Başa düşürük onlar bağda neyləyirdilər…

Bu erotik qəzəli bizim çox müğənnimiz oxuyur. Mərhum Hacıbaba Hüseynovun repertuartında bu qəzəl yuxarı başda idi. Mahur üstündə, Segah üstündə… Bakıda, Bakı kəndlərində, radioda, televiziyada… Hamı da bu erotik qəzələ “bəh-bəh” deyir…

Vallah, Mirzə Əlil belə bir şey yazsaydı ya oxusaydı, İlham Əliyev sərəncam verib onu “antimilli ünsür” elan edərdi…

Mən başa düşmürəm ki, mənim gözəl millətim bir sadə sözə görə qarın cırmaqla, bağırsaqları qırağa tökməklə bu məzmunlu qəzəl və qoşmaları bir araya necə sığışdırır…

Və mənə elə gəlir ki, bizim ədəbiyyatımızda əğyara, bu ailələr dağıdan, eşq ocaqlarını viran qoyan məişət pozğunna qarşı bir kişi kimi qalxan yeganə insan Məşədi İbaddır.

Məşədi_İbad_(obraz)

Yadınızdadırsa, Məşədi İbad hasarın üstünə çıxanda görür ki, nişanlısı Gülnaz əğyarla, yəni Sərvərlə “eyş edir”. Və Məşədi İbad özünü korluğa qoymur!

“Qoçaq, sən orada nə qayırırsan?”

“Qoçaq, bəs sən orada nə qayırırsan?”

“Mən Rüstəm bəyin qızı  Gülnaz xanımla adaxlıbazlığa gəlmişəm…”.

Və sair…

Məşədi İbad əvvəlki dövrlərin əğyarla üzləşmiş xoşqeyrət aşiqlərini xatırlayır.

“Yox, mən o Məcnunlardan deyiləm!”

Məşədi İbad qiyam qaldırır! Məşədi İbad qiyamı!

Bəli, o, hasardan tullanıb Sərvərin boğazından yapışmır. Çünki əlli yaşında kişidir. Tullanan vaxtı deyil.

“Bu saətdə gedib qoçulara buraya yığacağam!”

Mən bir vaxtlar “Məşədi İbad” tamaşasının qrammofon yazısına çox qulaq asmışam. Məşədi İbadı bu tamaşada əfsanəvi Mirzağa Əliyev oynayırdı. Hər dəfə Məşədi İbad qoçuları yığacağanı elan edəndə mən ucadan deyərdim: “Afərin, Məşədi İbad, kişi adamsan!”

Məşədi İbadda o qədər qeyrət var ki, əğyarı aradan götürmək üçün beş min manat verir qoçulara. İndiki məzənnə ilə bəlkə beş milyon. İndi kim qeyrətə beş milyon xərcləyər? Və yaxud indi kimdə o qədər qeyrət pulu var?

Bəli, qoçular cüvəllağı çıxırlar, Məşədi İbadın pulunu yeyirlər. Əğyar da Gülnaz xanıma sahib olur. Ancaq, bir ABŞ filmində deyildiyi kimi, Məşədi İbad heç oımasa, cəhd elədi…

Məşədi İbadın qiyamı beləcə aldatma yolu ilə, alçaqlıqla yatırdıldı.

O vaxtdan indiyəcən əğyarlar kefindədir. Hansı bağa girsən, yarı əğyarla görərsən…

Aşiqlər də sızıldaşırlar: “Yüz yol dedim əğyar ilə gəzmə, yenə gəzdi…”

Mirzə ƏLİL

02. 01. 2020, Samara