Əliağa Vahidin gülməli şeirlərindən biri “Ölkəmizin”dir. Əruzla yazılmış bu şeir çox uzundur, şərti olaraq iki hissəyə bölmək olar. Əvvəlki dörd-beş bənd lirikadır, yəni Əliağa Vahid ölkənin gözəlliklərini tərənnüm edir.
“Süzər gölündə gözəl dumalar, gözəl qazlar”
Durnaların göldə üzüb-üzmədiyini bilmirəm, ancaq qazlar doğrudan da üzürlər.
“Bəzənmiş ay kimi kolxozda işləyən qızlar.”
Bu şeir yəqin ki keçən əsrin 30-cu illərində yazılıb. Kolxozda işləyən qızlar ancaq yamaqlı paltarla bəzənə bilərdilər.
“Bir özgə ləzzət alırlar hünərli kolxozlar”
Kolxoz necə ləzzət alar? Kolxozun sədri, partkomu, hesabdarı, ambardarı ləzzət ala bilərdi və alırdılar da, çünki kolxozu, yəni o yamqalı paltarla bəzənən qızların əməyini yeyirdilər. Kolxoz sədrləri hər il Soçiyə, Kislovodcka dincəlməyə gedrdilər, orda çesunça kostyumda, ağ şlyapada şəkil çəkdirirdilər…
Sonra şair keçir ictimai-siyasi hissəyə.
Gözəl vətənmizə fabrik-zavod gözəl yaraşır
Vahid bir neçə dəfə “vətənimiz” sözünü işlədir, hər dəfə birinci “i”ni buraxır ki, vəzn pozulmasın: vətənmizə.
“Yeni binaları, məktəbləri qədərdən aşır.”
Məktəblər nəinki 30-cu illərdə, hətta mənim müəllim işlədiyim 70-ci illərdə də “qədərini aşmırdı”, əksinə, Azəebaycan məktələrinin mühüm hissəsi uçuq-sökük binalarda yerləşirdi. Şair burda cuşa gəlib və şişirdib. Yəni özü dediyi kimi qədərini aşıb.
“Traktoru, maşını hər yeri gəzib dolaşır”
Maşın, əlbəttə, gəzib-dolaşar, ancaq traktor niyə gəzib-dolaşsın?
“Var indi texnikada ixtisası ölkəmizin”
Bunu başa düşmədim.
“Daşı, duzu, mazutu, torpağı cavahirdir”
Deyək ki, torpağı cəvahirə bənzətmək olar. Ancaq mazuta cəvahir demək heç yaxşı deyil…
“Xəzinələr elimin hər yerində zahirdir”
Bunu düz deyib. Elin hər yerində sərvət var, ancaq yiyəsi el deyil…
“Bax indi gör yeni nəsli ədibü şairdir”
Bunu da başa düşmədim.
“Füzulilər yetiribdir ziyası ölkəmizin.”
Azərbaycanda neçə Füzuli yetişib? Yəni Füzuli miqyaslı ikinci şair varmı? Həm də Füzulini “ölkəmiz” yetirməyib, Füzuli Kərbəlada yetişib…
Sonra Əliağa müəllim keçir ya dialektik materializmə ya da Sov. İKP-nin tarixinə.
“Yüz illər ilə bizi bəy, xan işlədib yordu”
Yəni xan işlədəndə qədərini aşırmış, yorurrmuş. Özü də “bizi”. Vahid ömründə əlini ağdan qaraya vurub? Tağıyevin mədənlərində çalışıb?
“Şərəfli xalqımızı incidib, qanın sordu.”
Xalq, əlbəttə, həmişə şərəflidir, xan, bəy şərəfsiz. Şərəf indiki ağalardadır…
“Vətənmiz indi deyil zülm edənlərin yurdu”
Yadınızdan çıxarmayın ki, şeir Stalinin, Bağırovun vaxtında yazılıb…
“Sovet hökumətidir rəhnüması ölkəmizin.”
Sonra Vahid keçir beynəlxalq siyasətə.
“Bizə yaxın gələ bilmək kimin cəsarətidir?!”
Heç kimin! Kim yaxın gələ bilər!
“Vətənmiz indi azad xalqlar vilayətidir.”
Vətənmiz indi də azad xalqlar vilayətidir. Kürdəxanı türməsinə əl basaram!
“Leninə — partiyaya ellərin məhəbbətidir
Qızıl çiçəklər açıbdır fəzası ölkəmizin.”
Burda şair ictimai-siyasi mövzuya lirizm verməyi bacarıb… Ölkəmizin fəzası Leninin məhəbbətindən çiçəklər açıb. Yəni açırmış. Yaxşı ki, Leninin yeri boş deyil, yoxsa ölkəmizin fəzasında qanqal bitərdi…
11. 01. 2026, Samara
