Архив тегов | Azad Fikir Universiteti

QAÇ OĞLAN, AZAD ADAM GƏLİR!

 

Burda xəbərimiz yox, Bakını lotuxanaya döndəriblər. İş o yerə çatıb ki, arvad-uşağın gözü qabağında Azad Fikir Universiteti fəaliyyət göstərirmiş! Yaxşı ki, gec də olsa, hökumət xəbər tutub və qapısını möhürləyib. Əliağa Vahid demişkən, “yaşasın qırmızı bayraqlı sovet qanunumuz!”. Hərçənd bayraq indi üçrənglidir, dövran da sovet dövranı deyıl, YAP dövranıdır. Ancaq qanun həmin qanundur və bu qanun ölkənin azadlığını deyir, kişinin, arvadın azadlığını deyir, fikrin azadlığını demir. Fikri azad olan adamdan nə desən çıxar, böyük-kiçik tanımaz, prezident tanımaz, polis tanımaz, Ramiz Mehdiyevi tanımaz.

Mən bu fikirdəyəm ki, bu unuversitetin qapısını möhürləmək azdır. Orda dərs demiş adamlara, bu dərsləri dinləmiş gənclərə qarşı da ölçü götürülməlidir. Hamısını yəqin ki, dama salımaq olmaz. Yəni o qədər adama türmələrimizdə yer çatmaz. Ancaq onların hər birinin alnına o qapıya vurulan möhürdən vurmaq olar. Onların alınları möhürlənsə, vətəndaşlarımız onları uzaqdan tanıyar və yollarını dəyişərlər. Nə biləsən, yol getdiyin yerdə qəfildən biri atılıb minər boynuna. Deyirsiniz miməz? Minər, hələ minib çapmaq da istər.

Azad fikirli adamdan nə desən çıxar!

 

Mirzə Əlil

11.04.2013