Архив тегов | Bakıda Əli Bayramlı günləri

AŞIQ PƏNAH KAZUSU. AKADEMİK QASIMLININ «YAĞLI OXLARI»…

aşıq pənah

1969-cu il iyunun 17-də biz eyni proqramla Mərdəkan mədəniyyət evində çıxış etdik, iyunun 18-də Azərbaycan dövlət filarmoniyasında Əlibayramlı günlərinin təntənəli bağlanışı və yekun konserti oldu.

Güman edirəm ki, tədbirlərə gələn bakılılar və mərdəkanlılar aşıqqayırma və yaşqayırma fırıldağını duymadılar. Yəqin uzağı bir həftədən sonra Əlibayramlı adlı yerin olduğunu əslən oralı olanlardan başqa heç kim xatırlamırdı…

Mənim antik ədəbiyyat müəllimim, xeyli qəribəlikləri olan, ən azı erotomanlığa meylliliyini gizlətməyən İsmayıl Əlizadə lətifə danışırdı. “Payız gələndə bir milçək bir filin qulağına girib düz yaz gələnəcən yaşayır orda. Havalar qızanda filin qulağından çıxıb deyir: Sağ ol ay fil, nçə ay qulağında yaşadım, xətrimə dəymədin. Fil xortumunu yelləyib deyir: Vallah, nə gəlməyindən xəbərim olub, nə getməyindən…”

Biz  — Azərbaycan əyaləti, Bakı üçün nə idik ki? Heç nə…

İyunun 19-da avtobuslara doluşub Əlibayramlıya qayıtdıq. Yorğun idik, havada istilikdən başqa əsəb gərginliyi də vardı. Təsadüfi deyilmiş – iyulun 14-də millətin cilovunu verdilər Heydər Əliyevin əlinə…

Mən pedaqoji məktəbə 1968-ci ildə girmişdim. Onda rüşvətlər 1000 manata qədər idi. Vurma cədvəlini bilməyənlər (belələri də vardı) çox verirdilər. Sentyabrda yeni qəbul olunanlardan öyrəndik ki, rüşvət iki mini keçib. İki həftənin içində, qəbul imtahanları başlayana qədər Heydər Əlıiyev sətr qayda yarada bilmişdi…

Sonralar Aşıq Nadirin adını hərdən eşidirdim – şəhər tədbirlərində oxuyurdu, toylara gedirdi. 1972-ci ildə Əlibayramlıdan gedən sonra ondan xəbərim olmadı…

Bu darıxdırıcı söhbəti kəsib qayıdaq şeir, sənət aləminə, “şeirləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuş” (bir az sonra biləcəksiniz bu sözləri kim deyib) Aşıq Pənaha…

“Tanrının nurudu bu sirli gecə”.

Ulduza, aya Tanrı nuru deyilsəydi, başa düşərdik. Gecə nurdusa, yəni işıqdısa, o hardan gecə oldu. Yəni əgər xalamın müəyyən orqanları varsa, o, xala deyil, dayıdır. Elə deyil? Bunu yazan bizi ələ salıb ya Tanrını?

Könlümü titrədən işıq əllərin

Baharı çağlayan bir quş olubdu.

Gecə — nurdur, əllər işıqdır. Şair deyir ki, bu əllər “bir quş olubdu”. Əllər bir quş ola bilər? İnsanın, hətta ən gözəl qızın da, iki əli var. İki əl iki quş ola bilər. Ya da bir quşun iki qanadı. “Şair” dilə yiyələnməyib, «не владеет языком», nəzərə alsaq ki, şair uşaq dyil, ahıl adamdır, onun ağıldan kəm olduğunu deməyə məcburuq. Dillə təfəkkürün üzvi bağlılığı məlum məsələdir.

Sonrasına baxın. Çox güləcəksizniz, Bəşir Səfəroğlu öləndən bizi heç kim belə güldürməyib.

Utancaq, həyalı, uşaq əllərin

Toxunub çiynimə bihuş olubdu.

Analoqu olmayan bu misraların izaha ehtiyacı varmı? Yəqin ki, “həyalı uşaq əllər” necə bihuş olubsa, oxucu da gülməkdən elə qəşş edəcək…

Yox, ironiya vaxtı deyil! Hanı mənim tapançam, verin çaxım başıma, millətimin bu rəzil gününə dözə bilmirəm…

Hanı mənim tapançam?!

Aleksandr Saqarelinin “Xanuma” pyesində salyanlı zurnaçalan Əlməhəmməd demişkən, “qiryətə” gəlmiş müflis knyaz özünü vurmaq istəyir və nökərinə qışqırır:

-Hanı mənim revolverim?

Nökər təntənəli intonasiya ilə cavab verir:

— Lombardda!

Fizuli deyirdi: “Yoxdu bu rüsvalığın dərdinə dərman ey təbib…”

Yox, burda Pənahlıq bir iş yoxdur. Yuxarıda sitat gətirdiyim misralar Pənahın adından yazılmış şeirlərdəm götürlməyib. O şeiri əməkfdar elm xadimi, Azərbaycan EA-nın şöbə müdiri Məhərrəm Qasımlı yazıb…

Pənahın  90 illik yubileyini bu cənab aparırıdı. Bu cənab deyirdi ki, «Pənahın şeirləri Azərbaycan ədəbyyatının qızıl fonduna daxil olub…»

(Qızıl fond? Nə qızıl, a kişi, siz bu fondu çoxdan poxa döndərmisiniz…)

Yox, silahlanmaq lazımdır. Kimisə öldürməyə yox. Allah eləməsin.

Öz başımıza bir güllə çaxmağa…

Akademik Məhərrəm deyir:

Dünyanın oyunu çoxdu,

Yalanları yağlı oxdu.

“Yağlı ox” nədir? Belə oxun ucu yağlanır, ya dəstəyi?

Bəlkə özümüzü “yağlı oxla” vurub öldürək? Belə millətin içində qətiyyən yaşamaq mümkün deyil…

(ardı var)

07. 08. 2023, Samara

AŞIQ PƏNAH KAZUSU. AŞIQQAUYIRMA PLYUS YAŞQAYIRMA…

Lenin haqqında mahnı tədbirin konsertin axırında oxunurdu. Buna qədər bir mahnı da oxumuşduq: Üzeyir Hacbəyovun şikəstəsini:

Bir qızıl quş kaş olaydım,
Gəl, bala-bala yarım…

Və, əlbəttə, ümumi səylərlə təzəcə qayırılıb istifadəyə verilmiş aşıq Nadir filormoniyanın dünya şöhrətli ayaqlar döymüş səhnəsində nimdaş polkovnik çəkmələriylə gəzişib zalı yəqin ki, administrativ resurs vasitəsilə doldurmuş tamaşaçılara yöndəmsiz adı kimi özü də yönəmsiz Əlibayramlı şəhərində aşıq sənətinn necə qorunub nəsildən nəslə keçdiyini nümayiş etdirdi. Tərkibində əsasən ruslar olan estrada orkestri, qazıməmmədli (Qazıməmməd — Hacıqabulun o vaxtkı adıdır) qocaman rəqqas da alqışlarla qarşılandılar. Ancaq ən çox alqışlanan, mənim yaşıdım və yerlim Həbib Zərbəliyev oldu. Bəli, indi görkəmli linqvist və indoneziyaşünas kimi Azərbaycandan uzaqlarda da tanınan doktor Zərbəliyev Əlibayramlıda oxuduğu illərdə (1968-1972) muğamların zillərini ifa etməyə qadir olan çox yüksək və məlahətli səsiylə, yaşına görə unikal sayıla bilən texnikası ilə konsertin ulduzu oldu və o axşam bəlkə də adminstrativ təşkillə filarmoniyaya gələnlər ən azı Həbibin ifasını eşidəndən sonra tədbirdən razı getdilər. Həbibiin ifasəna çalınan alqışlara hər peşəkar müğənni layiq görülmür…

O vaxt Həbibin səsi gərək qorunaydı. Qorunmadı və o, səsini itirdi. Xoşbəxtlikdən sonralar özünü dilçilik elmində tapdı…

Səhəri gün çıxan “Kommunist” qəzetinin dördüncü səhifəsi bizim konsertə həsr olunmuşdu. İştirakçıların, o cümədən xorun da şəkilləri çap olunmuşdu. Materialın mərkəzinə qazıməmmədli rəqqasın şəkli belə bir altyazı ilə qoyulmuşdu:

“Sizcə bu “cavan oğlan”ın neçə yaşı olar? Əlli? Yox, Əlibayramlıdan gəlmiş rəqqasın 74 yaşı var!”

Rəqqasın 74 yaşında olmağı filarmoniyada da, onun nömrəsi elan olunanda xüsusi qeyd edilirdi və zalda alqış qopurdu. 74 yaşlı rəqqasın gümrah rəqsi, barmaqları üstündə dayanıb gəzişməyi tamaşaçıları biganə qoya bilməzdi. Mən özüm ona möcüzə kimi baxırdım, çünki o vaxtlar, 60-cı illərdə,  bizim kəndimizdə kişilər heç altmışacan yaşamırdılar. Yemək qıt idi, səhiyyə yox idi. Çox vaxt adam elə xəstələnən kimi ölürdü, heç müalicəyə ehtiyac olmurdu…

Xeyli sonra, bir qazıəməmmədlidən o rəqqas haqqında soruşanda, gülüb dedi: “Nə 74 yaş? Kişinin cəmi 64 yaşı var, təzə pensiyaya çıxıb, Bakıya konsertə aparanda yaşını10 il artırdılar ki, maraqlı olsun…”

(Qoqolun “Şinel”ində dərzi Petroviç var. O, müştərilərini sarsıtmağı sevir. Akaki Akakiyeviçə təzə şinel üçün elə qiymət deyir ki, yazıq az qalır huşunu itirib yıxılsın…Sovet də əhalisini rəqəmlərlə sarsıtmağı seidi, ortada bir şey yox, ancaq rəqəmlərə görə bu-gün sabah kommunizmi qurub qurtararıq…)

Azərbaycan, əlbəttə, mən sovet Azərbaycanınını nəzərdə tuturam, təkcə aşıqqayırma sahəsində yox, yaşqayırma sahəsində də bütün planetdən qabaqda idi. Götürək Şirəli Müslümov proyektini. Bu, ümumdünya miqyaslı afera idi. Şirəlinin vaxtında planetimizdə təxminən 4 milryard əhali vardı, indi səkkiz milyarddır. Bu səkkiz milyardın içində, səhiyyənin yüksək inkişafına baxmayaraq, heç 120 il yaşayan  adam tapılmır. Uzağı 113-115 yaşında olan Şirəlinin yaşını ölənə yaxın elədilər 169! Hər il üç-dörd yaş artırırdılr… O illərdən də çox qabaq çəkilmiş Amerika filmlərinə baxın. Deyək ki, epizod tikinti meydançasında baş verir. Görürsən ki, hələ keçən əsrin qırxıncı illərində tikinti əməliyyatları necə mexanikləşdirilib, fəhlələr, ustalar necə alətlərən istifadə edirlər, vakuum çıkicləri elə o vaxtlardan olub… Evlərdə isti su var, qaz var, evdə otaqların sayı uşaqların sayı qədərdir. Bizdə indiyəcən çox yerdə məhlulu vedrələrdə daşıyırlar, kərpici əllə qaldırırlar…

Biz nə gündəydik? ABŞ çoxdan quldarlığı, uşaq əməyinin istismarını ləğv eləmişdi. Bizdə 11-12 yaşlı sütül uşaqlar noyabrın ortalarınacan DDT səpilib zəhərlənmiş və sarılıq yaradan pambıq tarlalarında can qoyurdular…

Ölkə, millət də fəxr edirdi ki, talış dağlarıının başında 169 yaşlı kişi yaşayır…

Yeri  gəlmişkən, 1926 Pənahın əsl təvəllüdü ola bilər və olmaya bilər. Müharibə başlayanda və onun gedişində xeyli gənc vasitə ilə ya da pulla yaşını kiçildib təzə sənəd almışdı. Qonşu kənddən olan bir yerlim özü mənə yaşını xeyli kiçiltdiyini etiraf etmişdi, mən sonra bu söhbət əsasında hekayə də yazmışdım. Demək istəyirəm ki, belə şeyləri eləyirdiər və Stalinin qorxusu da bunun qabağını ala bilmirdi. Pənah həqiqətən 1926-cı doğulubsa da, 1944-cü ildə cəbhəyə getməli idib. Mən onun hakimi deyiləm. Ancaq baxın, ataları, ərləri , qardaşları cəbhədə həlak olanların qabağında o nə oxuyurdu:

Koroğlu misallı mərd igidlərin,

Qılıncdan kəsərli sözünü gördüm…

Harda gördün? Cəbhəyə getməmisən, əsgər olmamısan, Salyanda sən ancaq Salyan qoçularını görə bilərdin…Ancaq çətin ki, əsl qoçu qondarma aşıqla oturub-durardı…

(ardı var)

06. 09. 2023, Samara