Архив тегов | Bakıda ruslar həbs

DEYƏSƏN, MİRZƏ ƏLİL DƏ GEDƏCƏK. ƏLLİ-AYAQLI…

Dünən bir soydaşımız mənə zəng eləyib deyir:

— Mirzə, muştuluğumu ver. “Vətən, vətən”, deyib ağlayırdın, Allah səsini eşidib, tezliklə gedirsən Vətənə.

— A bala, mən vətənə necə gedirəm? Yollar bağlı, mənim təyyarə ilə uçmağa pulum var ki, gedəm?

— Mirzə, darıxma, səni Rusiya hökuməti özü uçurdacaq. Özü aeroporta aparacaq, özü mindirəcək təyyarəyə, ruhun inciməyəcək.

— Bala, bu nə işdir axı? Rusiya hökuməti niyə məni Azərbaycana uçirdur? Axı mən xahiş eləməmişəm. Haçan gedirəm?

— Mİrzə, tezliklə gedərsən. Bu işin əlahəzrət İlham Əliyevdən asılılığı var. İlham Əliyev Bakıda beş-altı rusu da tutub ağız-burunlarıının qanı axa-axa dama salan kimi Rusiya hökuməti bizim hamımızı Azərbaycana göndərəcək.

— Oğul, mən sənin dediyini yaxşı başa düşmədim. Nə ağız-burun, nə qan? Rusların burnunu kim Bakıda qanadıb? Ermənilər? Axı, mən bilən, Bakıda erməni yoxdur…

— Ay Mirzə, biz ermənidən acizik? Bizimkilər elə vururlar ki, heç qan çıxmayan yerdən fəvvarə vurur… Nə işinə qalıb? Səninki Vətənə getməkdir. Qoy beş-altı rus tutulsun… Təyyarə aeroportda hazırdır…

— Oğul, bəs niyə tutmurlar?

— A kişi, Bakıda rus tapıb tutmaq asandır? Bakıda rus qalıb ki, tutasan? Qalan-qulan da gizlənib. Qalanlar rusdillilərdir, yəni özümüzdən olub dillərini dəyişənlər.

— Bala, Əliyev onda qoy rusdiillərdən tutsun.

— Ağsaqqal, Putin bizim rusdililəri rus saymır. Putin bizim rusdililləri heç adam saymır… Yox, Əliyev gərək əsl ruslardan tuta ki, Putin burdan azərbaycanlıların hamısını uçurda Azərbaycana.

— Oğul, bizə orda şərait yaradıblar? Vallah, mənə Şirvan Kərimov yaxşı mənzil düzəldib, heç doyunca qalmamışam. Orda bilmirəm şərait xoşuma gələcək ya yox…

— Gələcək, Mİrzə…Bax Əvəz Zeynallının videolarına. Gör necə tərifləyir şəraiti. İl yarımın içində Əvəz Zeynallı gör necə gözəlləşib, gör artıq çəkisini necə atıb, on beş yaşında oğlana oxşayır. Mirzə, Şirvan Kərimov sənə Əlieyev yaradan şəraiti yarada bilməz. Görmədiyin günə düşəcəksən. Hazırlaş!

— A bala, avadanlığımı özümlə götürə bilərəm? Mənə yaxşı mebel alıblar…

— Yox, Mirzə, Kürdəxanıda hər cür mebel var. Yerdə yatacaqsan, belinin ağrıları çəkiləcək…

-Onda bəlkə noutbukumu götürüm? Qardaşoğlu pay alıb…

— Yox, Mirzə, sənin orda yazmağa macalın olmayacaq.

— Bala, bəs mənim başım orda nəyə qarışacaq?

— Mirzə, sən orda qırx il ərzində Rusiyada Azərbaycan barədə nə yazdığını kompotent orqanlara danışacaqsan. Sənin bəlkə heç yatmağa da vaxtın olmayacaq. Vallah, min bir gecə yalan olacaq… Ona görə indidən yatıb yuxunu al. Uçmaq vaxtı gələndə səni oyadacaqlar. Qapını gecələr bağlama. Çünki dalınca gecə də gələ bilərlər.

Muştuluq yadından çıxmasın…

 

Mirzə ƏLİL

16. 07. 2025, Samara