Архив тегов | Bakının köhnə otelləri

AZƏRBAYCAN, AZƏRBAYCAN… «NÖŞ NÖŞÜN VƏRMİR…»

1983 MOSKVA

Avropa ədəbiyyatında, xüsusən hekayə janrında, çoxlu əsərlər var ki, onları “liman nəsri” adlandırmaq olar. Çünki süjet məkanı -müxtəlif ölkələrin limanlarıdır. Uzun səfərdə olan gəmi ya səfərini başa vuraraq və ya sursatını təzələyib yoluna davam etmək üçün bu limanlardan birinə yan alır. Matroslar bir neçə ay açııq okeanda olublar, bir-birləridən başqa adam görməyiblər. Qadın görmədiklərini demək artıqdır. Ona görə səfərdə pul qazanmış matroslar sahilə çıxan kimi ilk növbədə əyləncə yerlərinə baş çəkirlər. Ən vacib əyləncə yeri isə fransızların «maison de tole’rance»  dediyi evlər idi. Ruslar qadınların kişilərə intim xidmət göstərdiyi bu evlərin adını kalka üsulu ilə «дом терпимости» kimi çeviriblər..

Mopassanı oxumağa dəyər…

Bakı da, əlbəttə, şərti olaraq liman şəhəridr. Ancaq Xəzər necə dənizdirsə, Bakı da elə limandır. Yəni Marsel deyil. Məndə fransızların maison de tole’rance dediyi yerlərlə assosiasiya yaradan Azərbaycan mehmanxanası idi. Əlbəttə, bura matroslar gəlmirdilər. Burda kolxoz sədrləri, raykom katibləri, prokurorlar, mağaza müdirləri (xalq arasında zammağ) və s. nəcib vətəndaşlar qalırdılar.Və, əlbəttə, qiyabiçilərin qaldığı, lazaretə oxşayan nömrələrdə yox. Mehmanxananın dəbdəbəli nömrələri vardı…Bu nəcib zümrənin necə yeyib-içdiyini, özləri kimi nəcib xanıçların xidmətindən necə istifadə etdiyini biz yalnız uzaqdan və ötəri müşahidə edə bilərdik. Ancaq qiyabiçi kişilər, qəribə də olsa, xüsusən ailəlilər, gəmidən təzə düşmüş və qaranəfəs özünü “yavaxana”ya yetirmiş matrosları xatırladırdılar.

Qiyabiçi sessiyaya aylarla hazırlaşır. Mən dərs hazırlığını demirəm. Çünki qiyabiçi tələbələrin böyük əksəriyyəti — əlbəttə, mənimlə bir kursda oxuyanları nəzərdə tuturam – dərs oxumurdu. İmtahanlar pulla ya “adamla” verilirdi. Heminqueyə Mamunquey deyən qiyabiçi “filoloq”un necə dərs oxuduğunu özünüz təsəvvür edin. Yay-qış əkin-biçinlə əlləşən, soğan, qarpız yetişdirən sabirabadlı qiyabiçi  Kantı ya Hegeli haçan ya necə oxuyardı? Sabirabadlı bostançı imtahanlara hazırlaşmırdı, o, beş ay ərzində qazandığınıın bir hissəsini “sessiya” üçün ayırır, Bakıya  beləcə hazırlıqlı gəlir. Səkkiz ya on uşaq atası olan cəlilabadlı qiyabiçi özünü çox işə verən deyildi, elə son ayın maaşının üstünə borc da alıb qoyur, ailəni Allaha tapşırıb Bakıya tələsirdi. Mehmanxanada yerbəyer olan kimi “suyumuzu dəyişək” adlanan prosedurun icrasına başlanrdı. İntim xidməti Azərbaycan mehmanxanasında buranın ştatında olan peşəkarlar yox, elə otelin öz işçiləri göstərirdilər. Müxtəlif vəzifə tutanaların və müxtəlif yaşda olanların məzənnələri də müxtəlif idi. Kəndli qiyabiçilərin yemi göy beşliyə razılaşanlar idi. Göy beşlik az pul deyildi. Göy beşliklə, qənaəşt eləsəydin, beş-altı gün dolanmaq olardı. Cəlilabadlı 10 il qapalı türmədə yatıb təzəcə çıxmış adam kimi tələsirdi. Gözləri qızarır, əlləri əsirdi. Başı daz olmasaydı, yəqin ki, tükləri biz-biz olardı…

Sessiyaların birində ikimizə bir nömrə aldıq. Çantalarını çarpayının üstünə tullayıb “mən getdim” dedi və şığıyıb çıxdı… On beş  dəqiqə sonra qayıdanda gözlərinin işığı sönmüşdü, üzü də beşlik kimi göyərmişdi…

Bir ucarlı vardı, qaraqaş-qaragöz, boydan hündür, saçı qabaqdan seyrəlib. Yayın günü pencək geyir, rezinli qalstuk bağlayırdı. Güman edirəm ki, ədəbiyyatdan bildiyi olsa-olsa “Fərhad əməkçi insan surətidir” cümləsi idi…

(Fərhad əməkçi insandır?)

Ucarlı Ş. göy beşliyə alınan xidmətin müştərisi olmaqla qalmırdı. O, təmənnasız vasitəçilik də edirdi. Bilmirəm, bəlkə bu qabiliyyətin filologiyaya aidliyi var. Axı vasitəçi söz sənətkarlığı nümayiş etdirir. Hərçənd bu işdə nə ustalq – bu, beşlik, bu da…lənət şeytana… bu da xidmət…

Sabirabadlı A. O qədər arıq idi ki, elə bilirdin orta hissəsi yoxdur, qurşaqdan yuxarını qurşaqdan aşağıya burağac verib bağayıblar…. Alt-üst qızıl dişləri isə doğrudan da burağaclı idi. Onun evli olub-olmadığı yadımda deyil, yəqin evli olardı, sabirabadlının ağzında o qədər qızıl varsa, deməli, onu hökmən evləndiriblər.

Sabirabadlı göy beşliyi ucarlıya verib deyir ki, get danış. Ucarlı beş-on dəqqədən sonra qayıdıb deyir:

-Beşə vərmir.

Sabirabadlı az qalır ağlasın:

— Nöş vermir?

Ucarlı təəccüblə deyir:

— Nöş nöşün vərmir? Vərmir də…

 

(ardı var)

22. 09. 2023, Samara