Архив тегов | Baxın tokkatası

I.S. BAX. TOKKATA VƏ FUQA RE MİNOR BWV 565

20230721_135628

Yarım əsr qabaq, ya əvvəl daha,

Hərdənbir tokkata səslənən zaman,

Veriliş içində, konsertdə ya da,

Canlanan olurdu soydaşlarımdan.

 +

“Bayatı-Şirazdır sanki çalınan,

Gör bizim muğama bənzəyir necə!
Bizdən götürübdür bəlkə bu alman,
Lap bizim muğam tək şirin və incə!..”

 +

Qızırdı qanları “sübutlananda”,
Bu ölməz əsərin “bizimkiliyi”,

Radio, tokkata çıxırdı yaddan,
Fuqaya çatmırdı səbri heç kimin.

 +

Soydaşım nə vaxtdan kitablar yazır,

Dissertasiyalar yazır, yorulmur…

Yazır İnterpola  Baxdan ərizə,
Deyir tapın harda gizlənir oğru…

 +

Bənzər ilk baxışdan çiçək çiçəyə,
Ulduzu ulduzdan ayırmaq çətin.

Bənzərdir musiqi kəlməsi deyə,
Başına “bizimdir” fikri gəlməsin…

 +

Heç muğam özü də bizim deyildir,

Şiraz yaranmayıb əllərimizlə,

Babalar bayatı, bəli, deyibdir,
Yoxdur heç kimin də davası bizlə…

 +

O ki qaldı Baxa…Tokkatasında,
Dərin duyğu da var, təfəkkür də var.

Bizimki elə bil əbədi yasdır,

Bizimki — sızıltı, nalə, yar, əğyar…

 

05. 08. 2023, Samara