
Yarım əsr qabaq, ya əvvəl daha,
Hərdənbir tokkata səslənən zaman,
Veriliş içində, konsertdə ya da,
Canlanan olurdu soydaşlarımdan.
+
“Bayatı-Şirazdır sanki çalınan,
Gör bizim muğama bənzəyir necə!
Bizdən götürübdür bəlkə bu alman,
Lap bizim muğam tək şirin və incə!..”
+
Qızırdı qanları “sübutlananda”,
Bu ölməz əsərin “bizimkiliyi”,
Radio, tokkata çıxırdı yaddan,
Fuqaya çatmırdı səbri heç kimin.
+
Soydaşım nə vaxtdan kitablar yazır,
Dissertasiyalar yazır, yorulmur…
Yazır İnterpola Baxdan ərizə,
Deyir tapın harda gizlənir oğru…
+
Bənzər ilk baxışdan çiçək çiçəyə,
Ulduzu ulduzdan ayırmaq çətin.
Bənzərdir musiqi kəlməsi deyə,
Başına “bizimdir” fikri gəlməsin…
+
Heç muğam özü də bizim deyildir,
Şiraz yaranmayıb əllərimizlə,
Babalar bayatı, bəli, deyibdir,
Yoxdur heç kimin də davası bizlə…
+
O ki qaldı Baxa…Tokkatasında,
Dərin duyğu da var, təfəkkür də var.
Bizimki elə bil əbədi yasdır,
Bizimki — sızıltı, nalə, yar, əğyar…
05. 08. 2023, Samara