Архив тегов | dəmir yumruq

MEDISON SKVER QARDENDƏ SENSASİYA: RİNQDƏ İLHAM ƏLİYEV VƏ TOFİQ YAQUBLU!

Bu gün ABŞ-ın 4-cü prezidenti Ceyms Medisonun doğum günüdür. Cənab Medison ABŞ konstitusiyasının əsas müəlliflərindən biridir. Hüquqlar haqqında Bill də Medison tərəfindən hazırlanııb Konstitusiyaya salınmışdlr. Bill of Rights ABŞ Konstitusiyasına birinci on əlavənin qeyrr-rəsmi adıdır, bu əlavələr vətəndaşın əsas hüquq və azadlıqlarını təsbit edərək, onların realizasiya mexanizmini təmin edir.

Öz-özümə fikirləşirəm: azərbaycanlı prezident və ya Azərbaycan prezidenti belə bir Bill yazardımı?

Yox yazmazdı. Azərbaycan prezidentinin və ya azərbaycanlı prezidentin əgər Medison kimi təhsili, yazı qabiliyyəti olsaydı, yalnız insanları ən ibtidai hüquqlardan mərhum edən qanunlar yazardı. Digər tərəfdən, Azərbaycan kimi dövlətdə Konstitusiyanın varlığı ilə yoxluğunun, onda nə yazıldığının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Konstitusiya əsasında yox, yumruqla idarə olunur.

Medisonun doğum günü Medison Skver Qardeni də yadıma saldı. Nyu Yorkdakı bu idman kompleksi Ceyms Medisonun şərəfinə adlandırılmışdır. Bir anlığa təsəvvür etdim ki, burda Əliyevlə Paşinyan arasında əlbəyaxa döyüş keçirilir. Axı Əliyev Paşinyanı təkbətəkə çağırır. Belə bir döyüş üçün Medison Skver Qardendən yaxşı və hörmətli yer yoxdur. 18 200 bilet bir neçə dəqiqəyə satılar, sonra hərəsi əldən bir neçə milyon dollara alınardı…Adətən NyuYorkdakı yarışlar Bakı vaxtilə sübh vaxtına düşür. Gözəl. İndi orucluqdur, azərbaycanlılar obaşdana durub süfrəni elə televizorun qabağında açardılar və ilk dəfə sevimli prezidentin dəmir yumruğunun onların başına yox, erməni rəhbərinin ənginə dəydiyinin şahidi olardılar…

Təəssüf ki, belə bir döyüş çətin baş tuta. Çünki Paşinyanla Əliyevin çəkiləri arasında xeyli fərq var. Ancaq İlham Əliyevi Medison Skver Qardendə görmək gözəl olardı. Mənə elə gəlir ki, Azərbaycan prezidenti üçün Paşinyandan daha münasib bir rəqib var. Bu rəqib Tofiq Yaqubludur. Bəli, Tofiq Yaqublu! Boyları da, çəkiləri də, yaşları da uyğundur. Bu Tofiq Yaqublu ilə haçanacaq siçan-pişik oynanılacaq? Bu Tofiq Yaqublu ölkə büdcəsinə çox baha başa gəlir. Dönə-dönə həbs, dönə-dönə uzun sürən ağır məhkəmələr… Bir yandan da dünya ictimaiyyəti qarışır… Bu işi bir dəfəyə həll eləmək olardı. Yəni İlham Əliyev Tofiq Yaqublunu çağırır döyüşə. Beynəlxalq hakimlər kollegiyası yaradılır. Şərtləşdirilir ki, döyüşdən ən azı bir həftə qabaq ya Tofiq Yaqublu  İlham Əliyev kimi yeyib-içəcək, ya da İlham Əliyev bir həftə türməyə girib oranın horrasını yeyəcək. Sonra BMT-nin təyyarəsində Nyu Yorka uçub orda döyüş keçirəcəklər. Qalib gələn olur prezident…

İndi mən üzümü tuturam İlham Əliyev tərəfə və deyirəm: ay rəhmətliyin oğlu, nə yumruğunu öyürsən? Üç yüz mün polis, otuz min müstəntiq, üç min hakim Tofiq Yaqublunu tutur, sən də vurursan. Vallah, bu heç kişilikdən deyil. Vallah, ayıbdır. Ədavətin var – çıx təkbətək. Yumruğun dəmirdir? Çox yaxşı. Göstər görək necə dəmirdir. Yoxsa xalqı salırsan polis dəyənəyinin altına, deyirsən məndən başqa Azərbaycanda kişi yoxdur…

Hamını, xüsusən Azərbaycanda hüququ tapdananları ABŞ-ın dörüncü prezidenti Medisonun doğum günü münasibətilə təbrik edirəm. Bütün diktatorlara, uzurpatorlara, müstəbidlərə arzu edirəm ki, özlərini ələ alsınlar. Kişiliklərini idman meydanlarında, məsələn, Medison Skver Qardendə göstərsinlər. Əgər günlərin birində Haaqaya getmək istəmirlərsə…

Mirzə ƏLİL

16. 03.2025, Samara

PREZİDENTİN ORUCLUQ MAHNISI

İrəmazan yenə gəldi
Yenə oruc tutmuşam.

Yeməyim iki dəfədir –

Bir obaşdan, bir axşam.

 +

İftar açır xalqım sayaq,
Yeyirəm az və sadə:

Ceyran əti, baş və ayaq,

Üstündən də quş südü.

 +

Oruc tutur Mehriban da,
Leyla, Arzu həmçinin.

İndi əsl müsəlmandır,
Həm Heydər, həm də gəlin.

 +

Gözüm xalqın üstündədir,
Çox da orucdur ağzım.

Xəbərim var kim nə dedi,
Bilirəm kim nə yazıb.

 +

Keşiyində asayişin,
Durmuşam yorulmadan.

Bu ölkədə tək kişiyəm,

Çoxsa da insan, adam.

 +

Bağlamışam sərhədləri

Cibimdədir açarlar.

Maşın nədir, qatar nədir –

Qanad salıb uçarlar!

 +

Bir ingilis yazan vardı,
Dediyi görün nədir:

Deyib türmə azadlıqdır,
Azadlıqsa türmədir.

 +

Yenə gəldi İrəmazan,
Yenə oruc tutmuşam.
Xalqımın həm yanndayam,

Başının üstündə həm.

 

Mirzə Təbil

02. 03. 2025, Samara

«BAYRAĞIN ALTINDA YAŞAR XALQ OLAN…»

20230721_135628

Ölkə təsadüfi, xalq təsadüfi,

Təsadüflərin də hər cürü vardır…

Uşaq yuxusudur tarix hardasa,
Hardasa dəlilsiz bir uydurmadır.

 +

Bayrağın altında yaşar xalq olan,

Yamruq altdakının adı bəs nədir?

Yurdunda qonaq tək yaşayır insan,
Biri qastarbayter, biri kölədir.

 +

Yumruq düyünlənmir yumruq önündə,
Yayınıb uzağa qaçırıq ancaq.

Qolaylanır Yumruq uzaqdan indi,
Uşaq yuxusudur həm ölkə, həm xalq.

 +

Unudulubsa da yurdumun yolu,

Dost, önümdə açsan xəritəni sən,

Göstərə bilərəm gözüyumulu,
Ağalar və qullar ölkəsini mən…

 

25.11. 2023, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-12

Altımışa çatdı yaşım,
Oğlan kimi canım var.

Mənə daha altımış il,

Millətim yaş arzular.

Altımış il, daha artıq,

Xalq deyir  bizi hərlə.

Sən olmasan qırılarıq,
Ölkə məhv olar hələ.

         Ey! Uf!

Hər vətəndaş öz evində,
Altımış şam yandırıb.

Yeyir-içir Rüstəmli də,

Aclığı dayandırıb.

Məktub aldım Yaqubludan,

Yazır: “Yaşın mübarək.
Dəmir yumruğuna heyran —

Gözüm üstə vur görək!”

            Ey! Uf!

Tort bişirir yenə Eldar,
Düz altımış metrlik.

Mİlləti yeyər, qarnı doyar,
Yaranar həm də birlik.

Təbrik elər bu gün-səhər,

Yəqin məni İrəvan,

Soruşaram eləməsə:

“Bəs nə oldu, Paşinyan?!”

    Ey! Uf!

Zəng eləmir mənə hələ.
Sülhməramlı general,
Plan cızır Araiklə,

Əleyhimə qırışmal!

Mat qalmışam mən bu hala,

Bu nə hoqqa, nə  oyun?

Fransızlar uruslarla,
Xankəndidə qol-boyun!

  Ey! Uf!

Mİrzə Əlil

23.12. 2021, Samara