Şirvan Kərimova
Pəncərənin içində həcmi beş litr olan,
Qabdakı su içilib yarıyacan hələ ki.
Üç butulka da gəldi — bir yarım, ya da iki,
Dəvə içsə yay günü, doyar, olmasın yalan.
+
«Suyun ziyanı yoxdur»- gətirən mənə deyir,
Bu su adi su deyil, bu, dərmandır xəstəyə,
Tez-tez içəsən gərək, ürəyin də istəyə,
Bu suyu kim içirsə, canavar kimi yeyir»
+
Süzülüb dönə-dönə, yoxlanıb dönə-dönə,
Bu suya ləyaqətim varmı mənim görəsən?
Bir vaxt Kürdən içən tək içərdim rahatca mən,
Qabla da yox, ağzımı söykəyərək krana.
+
Sudan töküb içməyə burda piyalə da var,
Baxanda göz önümdə canlanır zaman-zaman,
Kasıbda da tapılan klassik daş stəkan,
O stəkanla məni o qədər qorxudublar!
+
Deyiblər axır günün sənin ağlr olacaq,
Nə övladın, nə nəvən — kimsəsiz qalacaqsan.
Bəlkə ciyərin yana su üçün bir stəkan,
Verən tapılmayacaq sənə o suyu ancaq…
+
Pəncərənin içində su qabları yan-yana,
Yarı da içilməmiş sağalıb gedəsiyəm.
Dost, bilirəm haçansa zarıyıb su istəsəm,
Gələrsən, su doldurub stəkana, ovcuna…
11.12.2025, Samara
Seredavin adına vilayət xəstəxanası
