Архив тегов | Əliağa Vahidin qəzəlləri təhlil

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «YAŞASIN QIRMIZI ŞÖHRƏTLİ SOVET QANUNUMUZ…»

Musiqi Əliağa Vahidin şeirlərinin mövzu və motivlərindən biridir. Vahidin “cananla işrəti” meysiz və musiqisiz keçmir. Vaxtilə, səhv etmirəmsə, Hacıbaba Hüseynovun hansı muğam üstündəsə oxuduğu bir qəzəl çox maraqlı və gülməlidir.

“Musiqi nəşəsi min sevgili cananə dəyər”.

Nə az, nə çox – min (!) sevgili canan. Yəni iri bir qoyun sürüsü.

Beytin ikinci misrasını başa düşmək olmur.

Əsəri-naleyi-ney arif üçün canə dəyər/

“Dəyər” burda elə qiymət mənasındadır, “toxunar” mənasında deyil. Yəni tütəyin naləsi arif üçün (bəlkə Vahiud xalq artisti professor Arif Babayevi nəzərdə tutub?) cana (canə) bərabərdir?

Sonrakı beyt lap başağrısıdır, istəyirsən vur özünü öldür:

“Musiqi əhlinə insaf ilə qiymət qoymaq

Ləhni-Davud ilə min təxti-Süleymanə dəyər.”

İkinci misranı indyəcən başa düşən olub?

Sonrasına baxaq:

“Bixəbərlər nə bilir, ləhceyi-xanəndə nədir”

Azərbaycancaya çevirək: “ Xəbəri olmayanlar musiqi ləhcəsinin nə olduğunu bilmirlər”.

Əlbətttə, xəbərləri yoxdursa, hardan bilərlər?

Vahid öz dediyi cəfəngiyata görün nə qiymət verir:

“Əhli-hal olsa bu söz qədrdə milyanə dəyər.”

Milyon hətta sovet manatıyla da fantastik məbləğdir. Heç Məhəmməd Füzuli də dediyi sözə bu qiyməti verməyib!

Ustad! Sənin “yadigarın” nə oyun çıxarır!

“Pərdeyi-qəm dağıdır tarə dəyəndə mizrab”

Tar qəm dağıdır? Tar çalındnda millət yasa batmırmı?

Mizrabın tara dəyməyini (əslində mizrab tara yox, tarın siminə dəyir) Əliağa darağın saça dəyməyi ilə müqayisə edir:

“Türreyi-dilbərə hərdən necə ki şanə dəyər”

Vahid qadın saçından və saça dəyən şanədən, yəni daraqdan o qədər yazıb ki, onun gənclikdə qadın dəlləyi olduğunu güman edirəm…

Sonrakı beytlərdə Əliağa Vahid kommunist partiyasının tapşırığını yerinə yetirərək keçmişi pisləyir. Elə pisləyir ki, göz kəlləyə çıxır.

“Bizə bu elm haram olmuş idi keçmişdə,

Yəni şeytan işidir, rəxnəsi iymanə dəyər.”

Haçan musiqi bizə qadağan olunmuşdu? Hansı şahın ya hansı xanın vaxtında? Əgər musiqi haram sayılsaydı və qadağan olunsaydı, muğamlarımız, şikəstələrimiz, mahnılarımız necə yaranardı? Bəlkə onları bolşeviklər yaradıblar?

“Yaşasın qırmızı şöhrətli Sovet qanunu,

Bu səxavət neçə min Hatəmi-dövranə dəyər.

Qıldı hər yerdə bina musiqi məktəblərini,

Nəğmənin faidəsi indi hər insanə dəyər.”

Doğrudan da şura hökuməti çoxlu musiqi məktəbi açıb. Ancaq bir iş var. Üzeyir Hacıbəyov bolşeviklərdən on beş il qabaq opera yazıb. Ona musiqini kim öyrətəmişdi? Bəs Müslim Maqomayevə? “Leyli və Məcnun” operasına Əbdürrəhim bəy Haqverdiyev dirijorluq edib. O, musiqini çar hökumətinin açdığı Qori seminariyasında öyrənməmişdimi?

O ki qaldı faktların saxtalaşdırılmağına, hökumətin buyruğu ilə ağın qara kimi qələmə verilməyinə, bunu Vahid və onun kimilər, əlbəttə, bolşeviklərdən öyrənmişdilər… Bu gün onların saysız-hesabsız «yadigarı»  bu bu işi uğurla davam etdirir…

Bir mahnı vardı, Eynulla Cəbrayılov oxuyardı:

Muzd alaraq yalan-palan,
Yazmağı kimdən öyrəndin,
Ay öyrəndin, can öyrəndin…

Mirzə ƏLİL

22. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ: «BİZ GEDƏN DOĞRU YOL — LENİN YOLUDUR…»

Əliağa Vahid

«BİZDƏDİR» şeiri

Sovet şairləri partiya və hökumətin tapşırığı ilə ideoloji şeirlər yazıb sovetlər ölkəsinin, sosializm quruluşunun üstünlüklərini göstərməliydilər. Əliağa Vahid də xeyli ideoloji şeir yazıb, sovet Azərbaycanının, məsələn, Fransadan, İtaliyadan, ABŞ-dan üstünlüklərini qələmə alaraq soxub kapitalist yırtıcılarının vı faşistlərin gözünə.

Əliağa Vahid sovet ölkəsinin üstünlüyünü ingilisə necə göstərə bilər? Deyər ki, Bakıda Rolls Roysdan da gözəl avtomobillər istehsal olunur? Deyər ki, Bakı fəhləsi London fəhləsindən, Liverpul fəhləsindən iki dəfə çox maaş alır? Deyər ki, hər evdə televizor var, deyər ki, hər uşağın yataq otağı var, deyər ki, sovet pensiyaçıları o qədər pul alırlar ki, vaxtlarını teatrda, filarmoniyada, başqa ölkələrə səyahətlərdə keçirirırlər? Demir və deyə bilməz. Ancaq partiya və hökumətin tapşrığını yerinə yetirib muzdunu almalıdır. Ona görə başlayır cəfəng danışıb gözə kül üfürməyə:

“Həyat bağçasının bağbanı bizik”.

Bildiniz biz kimik? Həyat bağçasının bağbanı!

“Yarpağı söz açan güllər bizdədir.”

Əlbəttə, nə İtaliyada, nə İspaniyada yarpağı söz açan güllər yoxdur. Əlbəttə, belə güllər heç Azərbaycanda da yoxdur. Ancaq kim gəlib yoxlayacaq…

“Bizdən ilham alır şeyda bülbüllər”.

Bolşeviklər gələnə qədər bülbüllər ilham üzünə həsrət qalıblar. Vahid sağ olaydı, indiki ilhamı görəydi…

“Nəğməyə can verən dillər bizdədir!”

Bundan da ingilisdə, isveçrəlidə yoxdur…

“Şairim! İncə söz ustadı bizik”.

Başın haqqı! Şekspir, Bayron sənin yanında, Rəsul Rzanın, Səməd Vurğunun yanında kimdir ki.

“Dağlara səs salan ellər bizdədir!”

Ellər dağlara niyə səs salır? Qarnı acdır? Polis mələdir?

“Sünbüllü tarlalar, çiçəkli bağlar,

Al-əlvan geyinmiş çöllər bizdədir!”

Bu nemətlərdən, məsələn, Lüksemburqda ya Yunanıstanda var? Ay oldu ha…

Bu bəndi qurtarandan sonra Vahid yəqin bir stəkan da vurub, ona görə bir az, ayıb olmasın, zayıllayıb:

“Ətirli bağların sarmaşığıyıq”.

Əslində çaşıb düz söz deyib. Yəni bizi alaq otuna bənzədib…

Sonra bir stəkan da gillədib özünü düzəldir:

“Elin bəzəyiyik, yaraşığıyıq.

Eldən törənmişik, el aşığıyıq,

Uca boylar, nazik bellər bizdədir!”

Uca boyları lap fıştırıq deyib, doğrudan da Azərbaycanda olan uca boylu insanlar dünyanın heç bir ölkəsində yoxdur, biri elə Əliağa Vahidin  özü. Hələ gözəlliyini demirəm…

“Dünyamız nəşəylə, keflə doludur”.

Kefi bilmirəm, Azərbaycan həmişə nəşə ilə dolu olub, bunu Əliağa Vahid düz deyir.

“Biz gedən doğru yol — Lenin yoludur.”

Bu da düzdür. Yalnız nəşəli xalq Lenin yolunu tutub gedər…

“Qolumuz rəhbərin polad qoludur”.

Vahid burda Stalinin qolunu nəzərdə tutur. Eh, Əliağa bəy, sən hələ dəmir yumruğu görəydin…

“Qüvvətdən düşməyən əllər bizdədir!”

Əliağa Vahid şübhəsiz burda çəpik çalan əlləri nəzərdə tutur. Etiraf etmək lazımdır ki, bunu da qəzəlxan düz deyib…

Mirzə ƏLİL

21. 07. 2024, Samara

 

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «BİLMƏK OLMUR FƏHLƏ KİMDİ, USTA KİM, BU EŞQƏ, SEVGİYƏ TƏKƏRLƏR GÜLÜR…»

Əliağa Vahid

Vahidin gülməli şeirlərindən biri də “Zərbəçilər”dir. Şeir, güman etmək olar ki, keçən əsrin iyirminci illərinin sonunda yazılıb. “Zərbəçilik” hərəkatı SSRİ-də 1920-ci illərin ortalarında yaradılmışı.

“Zərbəçi”  — kalkadır, yəni rusca “udarnik” sözünü yamsılama yolu ilə yaradılmış sözdür. Yüksək əmək məhsuldarlığı göstərən, planı vaxtından əvvəl və normadan artıq yerinə yetirənlərə “zırbəçi” adı verilir, onlar üstündə Leninin və Stalinin təsviri olan döş nişanı ilə təltif olunurdular. Zərbəçilik hərəkatı sosialist yarışının bir forması idi.

Azərbaycanın da öz zərbəçiləri olub. Və bu zərbəçilər çox vaxt süni şəkildə, nümunə üçün yaradılıb. Məsələn, kənd təsərrüfatının ilk zərbəçilərindən sayılan Bəsti Bağrova və ya Qüdrət Səmədovun guya bir gündə 400 kq-dan artıq pambıq topladıqları iddia edilirdi. Bu qədər pambığı əllə yığmaq heç cür mümkün deyildi. Bu cür əldəqayırma qəhrəmanlar tezliklə yüksək vəzifələrə, deputatlığa təyin olunurdular.

Güman etmək olar ki, Əliağa Vahidə partiya rəhbərliyindən zərbəçi fəhlələrə şeir yazmaq tapşırığı verilib və yəqin ki, yaxşı avans da alıb. Bu avansa Vahid o qədər vurub ki, zavoda gedib sexə, fəhlələrin işinə baxmağa da  halı olmayıb. Zərbəçini, onun əməyini, iş yerini gözəlləri təsvir edən kimi təsvir edib: qarə zülf, zülfdə şanə, qarə göz… (Bir qəzəldə alə(!) göz” deyir, çünki “xəyalə” ilə qafiyə olmalıdır).

Vahidin zavod haqqında bildiyi yalnız zavodun fit çalmağı olub. Bunu Bakıda yaşayan hər kəs bilirdi, çünki zavodlar iş növbəsinin başlandığını bildirmək üçün tükürpədən fit çalırdılar.

“Bu gün fitlər gün doğmadan səsləndi.”

Yəqin zavod o gün fitini tez çalıb ki, Vahidi xumarlıqdan oyatsın, şeirin vaxtı keçirmiş…

“Dəniz coşa gəldi, göllər tərpəndi.”

Təsəvvür edirsiniz zavodun fiti nə həngamə törədir? İsrafil şeypurunun da buna gücü çatmaz…

“Təkərlər oxudu, zindan can dedi”.

Aha! Təkərlər! Hansı təkərlər? Avtomobil təkəri? Sexdı nə təkər? Bəlkə dəzgahların çarxları? Onda bəs zindan nədir? Vahid zavoddan yazır ya dəmirçixanadan?

“Qəlbimə zəhmətdən bir fərəh endi.”

İnanan daşa dönsün! Zavod fiti Vahidi fərəhləndirə? Qoy oturmuşuq…

“Anlar keçir, dəqiqələr yürüyür…

Kürələr ağzından atəş püskürür.”

Bəlkə metallurgiya sexidir?

“Seçmək olmaz usta kimdi, fəhlə kim

Bu sevgiyə, eşqə təkərlər gülür.”

Bu iki misradan nə başa düşürsünüz? Sevgi, eşq kimlə kim arasındadır? Fəhlə ilə usta arasında? Təkərlər buna gülür?

Sonra yəqin təkərlər özünə gəlib işinə davam edir.

Təkərlər fırlanır, zindan hayqırır,

Zərbəçi qolları düşməni sıxır… “

Düşmən hardan peyda oldu? Zindanda gizlənibmiş?

“Qabarlı əllərdən, gülər üzlərdən

Bir an keçir yeni bir alət çıxır.”

Ay rəhmətliyin oğlu, deyək ki, əllərdən alət çıxar. Bəs üzlərdən alət necə çıxar? O zəhrmarı az içəydin də…

Şeirin sonundan məlum olur ki, Vahid zavod sexini yox, haçansa uzaqdan-uzağa gördüyü dəmirçixananı təsvir edir.

Çəkicini bərk vur, zərbəçi yoldaş,

Əks-səda versin sənə dağü daş.

Vahid elə izafətlər yaradır ki, oxuyanın gözü kəlləsinə çıxır: “Dağü-daş”! A kişi,  dağ və daş niyə yazmırdın?

“Sosializm tarixinə yazılır sənin

Çəkdiyin zəhmətin, qan-tərin, qardaş!”

Qan-tər necə yazılar?

Hanı o sosializm tarixi?

Hardadırsa, Əliağa Vahidin də adı orda olmalıdır…

Mirzə ƏLİL

  1. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «MOLLALAR SÖNDÜLƏR BÜTÜN-BÜTÜNƏ, ONDA DÖNMÜŞDÜLƏR ÇOBAN İTİNƏ…»

Əliağa Vahid

Bəlkə şübhə edənlər olacaq, ancaq həqiqətən Əliağa Vahid Süleyman Rüstəmə, Səməd Vurğuna şeirlər həsr edib. Bu iki nəfər cəhənnəm, hamısı bir-birinin tayıdır, ancaq Vahidin böyük Sabirə yazdığı şeir milli dühamızın xatirəsi üçün təhqirdir.

Sabir! Ey möhtərəm böyük şair!

Şerdə, nəzm, nəsrdə mahir.

Əliağa Vahidin Sabirə həsr etdiyi şeir o qədər gülməlidir ki, bunu dahi şairimiz sağlığında oxusaydı, bütün xəstəlikləri yadından çıxardı, elə gülməkdən ölərdi…

“Əgər ölsən də, qəm deyil…” zira

Etdiyin fikri xalq edir icra.”

Gülməlidir, eləmi? Necə yəni “ölmüsən, qəm deyil”. Kimə qəm deyil? Sabirin ailəsinə? Dostu Mirzə Cəlilə? Ya Əliağa Vahidə?

İkinci misrada alaverdisi var:

“…zira Etdiyin fikri xalq edir icra”.

Tərcümə eləsək, belə çıxır ki, Sabirin fikrində olanları xalq həyata keçirir, ona görə cavan ölüb getməyinin eybi yoxdur.

İndi görək Sabirin fiki nə imiş.

Dad edərdin həmişə: “Hürriyyət!””

Yəni Sabir azadlıq istəyirmiş. Deyirdi: «Çünki hürriyyət olan yerdə də insanlıq olur». Ancaq bolşeviklər bu azadlığı xalqa verdilərmi? 

“O əsarətdə gördüyün millət

İndi azadə ömr edir, xürrəm”.

Deməli, Vahidin dediyinə görə, Azəribaycan milləti Bağırovun təpiyi altında “azadə” ömr edir, həm də “xürrəm”.

“Bitdi məzlumu ağladan matəm…”

Şükr kərəminə, ya Rəbb, matəm bitib!

“Bəy, xanın qalmamışdır asarı…”

Vahid “əsəri” demək istəyir, qafiyə xatirinə sözün başına pislik gətirib qalın saitlərlə yazır. Yəni bəyin, xanın izi-tozu qalmayıb.

 “Onları məhv qıldıq elçarı.”

İndikilər demişkən: əlinizə sağlıq. (Düzü, mən başa düşmürəm”əlinə sağlıq” nədir. Qurban Məmmədli demişkən, “mən anlamadım…”)

Deməli, bəyləri, xanları bütünlüklə məhv ediblər. Vahid qeyd etməyi unudur ki, bolşeviklər milli ziyalıları da, zirək kəndliləri də məhv ediblər.

“Kəndlinin öz əlindədir torpaq,

Hamının keyfı kök, damağı da çağ.”

Burda Vahid Sabirə ağ yalan deyir. Bolşeviklər kəndlilərə torpaq vermədilər, torpağı olanların da torpağını alıb basdılar kolxoza.

“İşləyirlər həvəslə kolxozda”.

Adamların kolxozda həvəslə işləməkləri də yalandır. “Əməkgününə”, bir qarın çörəyə işləyən adam sevinirsə, deməli, dəli olub.

“Mollalar söndülər bütün-bütünə,

Onda dönmüşdülər çoban itinə.”

Heç bilmirəm mollaların “çoban itinə dönməyinə” nə deyəsən…

“Əridi yağla bəslənən qarını”

Yəqin mollaları qarnı əriyib…

Əliağa Vahidə Allahşükürün qarnını görmək qismət oldu?

“Bir təpik gördü zalımın karını.”

Başa düşmək çəitndir – “zalım” deyəndə Vahid mollaları nəzərdə tutur, ya bolşeviklərdən qabaq var-dövlət sahibi olmuş adamları, məsələn, Hacı Zeynalabdin Tağıyevi. Yəqin Tağıyevi və onun kimilərini.

“Bəzən az-maz görünsə də arabir,

Müztərib halda qorxusundan əsir.

Bizi gördükdə quyruğun bulayır,

Qurd kimi şöngəyib, dumb ulayır.”

İndi bildiniz İlham Əliyev quyruq bulatdırmağı kimdən öyrənib? Bolşeviklərdən!

Görək bolşevik şair Əliağa Vahid daha nə yazır.

“İndi bir dərbədər uşaq yoxdur,

Onların zəhmətin çəkən çoxdur.”

Necə yoxdur, a kişi? Bəs on minlərlə güllələnmiş, sürgünə göndərilmiş insanların uşaqları? Onlar dərbədər deyildimi?

“Bu təfaxir sənə kifayətdir,

Millətin istəyincə rahətdir.”

Yalançının lap…

Öldün, əfsuslar ki, bihörmət,

Vermədi, varlılar sənə qiymət.

Sabirə nə qiymət? Sabir satılmalıydı? Ramiz Rövşən olub mənzil almalıydı? Prezident təqaüdü? Xanəndələrdən Əliağa Vahid kimi qırmızı onluqlar yığmalıydı?

Sabirin vaxtında onlarla qəzet və jurnal çıxırdı. Və kitabı sağlığında çıxmasa da, şeirləri geniş çap olunub yayılırdı. İndi hanı o qəzetlər və jurnallar? Hanı Mirzə Cəlil?

“Gər olaydın Sovet zamanında.”

Sovet zamanında Sabir “gər olsaydı”, səsi Kürdəxanıdan gələrdi və ya heç səsi çıxmazdı..

Necə şairlər indi xoş güzəran

Keçirirlər günəş kimi xəndan.”

Quyruq bulayırlar? Xoş güzəran – bu, yal yeməkdir?

Vahidin məğrur insan olmağı barədə mif necə yaranıb?  Həm rejimlə, həm də lotu-potu ilə çaşqa-lojkalıq eləyib yüzlərlə həm məzmunca, həm dil tələbləri baxımından pozğun mətnlər yazaraq millətin  xeyli hissəsinin zövqünü və mənəviyyatını nəsil-nəsil korlayan adama mığrur deyiriksə, bizim əxlaq barədə təsəvvürlərimiz yanlışdır…

Mirzə ƏLİL

19. 07. 2024, Samara