Архив тегов | Eşşəyin itməkliyi

ŞƏHRİYARIN «HEYDƏRBABAYA SALAM» POEMASI HAQQINDA QEYDLƏR — II

Novruzəli xərməndə vəl sürərdi,
Gahdan yenib küləşlərin kürərdi…

Tanış gəlmirmi? Bu, hansı Novruzəlidir? Bu işləri axı “Poçt qutusu”nun qəhrəmanı Novruzəli də görür. Başı ayılan kimi xanın sovqatını ulağa yükləyib yollanır şəhərə. Bəndin sonrakı misraları elə bil Mizə Cəlilin qəhrəmanının  yolunu təsvir edir.
Dağdan da bir çoban iti hürərdi,
Onda gördün, ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı…

İki Novruzəli arasında yarım əsr fərq olsa da, “Heydərbaba”dakı Novruzəlinin də başına “Poçt qutusun”ndakı fövqəladə bədbəxt hadisə gələ bilərdi. Mirzə Cəlilin “Eşşəyin imtəkliyi”ni yaratdığı vaxtdan yarım əsr  keçsə də, azərbaycanlı kəndində yüz illər qabağın həyatı dəyişməz qalır. İtqapanlı Novruzəlinin güzəranı yəqin ki, kəndli həyatının Şəhriyarın poemasındakı təsvirindən fəqrlənməz.

Kəndli yazıq çıraq tapmır yandıra,
Görüm sizin bərqiz qalsın andıra,
Kim bu sözü ərbablara qandıra:
Nədir axır bu millətin günahı?
Tutsun sizi, görüm, məzlumlar ahı!

Hərçənd poemanın başqa yerində kəndə “Allah işığı”nın gəldiyini görürük.

Eşitmişəm yanır Allah çırağı,
Dayır olub məscidizin bulağı,
Rahat olub kəndin evi, uşağı,
Mənsurxanın əli-qolu var olsun,
Harda qalsa, Allah ona yar olsun.

“Allah işığı”, yəqin ki, elektrik işığıdır. Kənd adamı, şüuru əsrlərlə dəyişməyən adam mənbəyini, sirrini bilmədiyi işığı “Allah işığı” adlandıra bilərdi. Marks deyir ki, barıt, çap maını olan yerdə mif yaranmaz. Ancaq çap dövründə adamların şüuru dəyişməz qalıbsa, çap maşınını da, atom bombasını da mifləşdirəcəklər. Bolşeviklər texniki nailiyyətləri Leninin adı ilə bağlamaqla yeni mifologoya yaradır, rəhbərlərini yarımallaha çevirirdilər. SSRİ-də işığa “İliç (Vladimir İliç Lenin) lampaları deyirdilər…

“Eşşəyin itməkliyində” son epizodlardan biri təkcə Danabaş kəndi üçün deyil, hər hansı şiə kəndi üçün çox vacib və hörmətli mərasimi — çavuşun at belində qapı-qapı gəzərək zəvvarları Kərbəla ziyarətinə çağırdığını təsvir edir.

 “Sübh olcaq çavuşun münacatı kəndi əhatə eləyib, gah o məhəllədən səsi gəlir, gah bu məhəllədən. Bütün kəndi dolanıb əvvəl gəldi dayandı Kərbəlayı Zeynalabdının qapısında və başladı münacatı. Həyətdən on beş-on altı yaşında bir oğlan çıxıb bir əlində bir çanaq qəndab, o biri əlində bir cift corab. Çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkindəki xurcuna. Zeynalabdının qapısından rədd olub, gəldi dayandı Məhəmmədhəsən əminin qapısında və başladı münacatı….”

Heydər Baba, Qaraçəmən cadası,
Çovuşların gələr səsi, sədası,
Kərbəlaya gedənlərin qadası,
Düşsün bu ac yolsuzların gözünə…

Biz müsəlmanların duası, Allahdan diləyimiz, pislərə, incik olduğuuz, ədalətsiz, zalım saydığımız adamlara elədiyimiz qarğışlarla bərabər səslənir. “Kərbəlaya gedənlərin qadası…” “Eşşəyin itməkliy”ndə qarğış müəllifin dilindən yox, Məhəmmədhəsən əminin arvadı İzzətin dilindən səslənir: “İzzət ağlaya-ağlaya başlayıb Məhəmmədhəsənin sözünü kəsdi:»Çavuş, apararsan o ərizəni həzrət-Abbasa. Gərək mənim ərimi bu yoldan binəsib eləyənə Həzrət-Abbas özü qənim ola. İmam özü qənim ola….»

X.X.

02-04.05. 2025, Samara

əvvəli burda:

ŞƏHRİYARIN «HEYDƏRBABAYA SALAM» POEMASI HAQQINDA QEYRDLƏR — I