Архив тегов | Fəzail Ağamalını qızı

SEÇKİLƏRDƏN SONRA. İLHAM ƏLİYEV SALYANLILARA «YOXLAMA GÜLLƏSİ» VURDU

salyan-2009

Həyatının təxminən iyirmi ilini türmələrdə və uzaq şimalın həbs düşərgələrində keçirmiş rus sovet yazıçısı Varlam Şalamov yazır ki, iki il ərzində bir məktub da almır. Bir dəfə düşərgə rəisi onu çağırtdırır və iki zərf göstərib soruşur: sənindir? Varlamav arvadının xəttini tanıyıb deyir ki, mənimdir. Rəis Boqdanov deyir: “İndi bax, faşitssifət!” Və hər iki zərfi tikə-tikə eləyib zibil vedrəsinə ataraq deyir: “Rədd ol get!”

Bu, 1939-cu ildə olub. Şalamov azadlığa 1956-cı ildən sonra çıxacaq…

İlham Əliyev və onun ailəsi azərbaycanlılarla Boqdanovun dustaqlara rəftar etdiliy kimi davranır. Əzmək, əzmək, əzmək, bütün insan ləyaqətindən, mənəviyyatından məhrum edib lüt-üryan qoymaq…

Mənə elə gəlir ki, Fəzail Ağamalının qızı Salyana atasına qarşı orda baş vermiş epizodik, spontan etirazın acığına göndərilib. Qudurmusunuz? Etiraz? İndi edin bu etirazı! Salyanı verirəm yeraza nəsillikcə. Hünəriniz varsa, dinin!

Yəni İlham Əliyev arxayın olmaq istəyirdi ki, salyanlılar bir də dörd il əvvəlki qələti eləməzlər. Azərbaycanda bir nəfər də etiraz eləyən olsa, İlham Əliyevin kefi pozular, ixtiyarında olan cənnət nemətləri boğazından keçməz.

Heydər Əliyev də Azərbaycan adamını adam saymırdı. Ancaq Heydər Əliyev hakimiyyətə gələn vaxtlar Qara Qarayev var idi, Rəşid Behbudov var idi, Tofiq Quliyev var idi. Ən azı onları Əliyev adam sayırdı, buna məcbur idi. (Bunu da demək lazımdır ki, adları çəkilən incəsənət adamları heç vaxt ağızlarından tənqidi söz çıxarmamışdılar, sinələri ordenlərlə dolu idi, Qara Qarayev ömrü boyu SSRİ Ali sovetinə deputat “seçilirdi”… Yəni onlar da Əliyev üçün problem yaratmırdılar). İndi Qara Qarayev miqyaslı, Tofiq Qulyev miqyaslı adamlar yoxdur. Ancaq insan ləyaqəti, şəxsi ləyaqət hissi miqyasdan asılı deyil, hətta Azərbaycan kimi arxaik idarəçilyi olan ölkədə də insan ləyaqəti məsələsində birini o birindən üstün edən qanun yoxdur. Şəxsi ləyaqət hissi insan təbiətinin xassəsidir. Əliyev və ona bənzər diktatorların sistemli, metodik işi vətəndaşlarda məhz ləyaqət hissini yox etməyə, onları hər cür təzyiqə, təhqirə, alçalmalara dözən dilsiz-ağızsız kütləyə çevirməyə yönəlib.

Salyana Fəzail Ağamalının qızını göndərməklə İlham Əliyev salyanlılara “yoxlama atəşi” açdı, yəni gülləni alınlarından vurub reaksiya verib-verməyəcəklərini yoxladı.

Salyanlılar reaksiya vermədilər. Çünkü salyanlılar ölüblər.

70-ci illərdə Salyana ağdamlı Nadir Abbasov rəhbərrlik edirdi. Toylarda, yaslarda, çayxanalarda danışırdılar ki, birinci katib arvadbazdır, ona görə yaraşıqlı cavan arvadları vəzifəyə çəkir. 76-cı il daşqınından sonra bir salyanlın ağlamsına-ağlamsına dediyi sözləri xatırlayıram: “Gərək Kür bizi tamam basaydı, hamımız boğulaydıq, belə binamusluqdan ölmək yaxşıdır…”

Nadir Abbasov pencəyini qolunun üstünə atıb küçədə sərbəst gəzirdi. Qorxmurdu ki, kimsə gəlib bıçağı soxar qarnına…

Yox, salyanlılar belə nəcib qarınlara bıçaq soxmurlar. Nəfis yeməklərlə bəslənmiş qarına bıçaq soxmağa hansı salyanının əli gələr? Bıçağı soxarsan arvadına, çəpər qonşuna, kişi söhbəti zamanı qrammatik səhv buraxmış dostuna…

Salyanlılarda hünər olsaydı, sədərəkli quldur Tahir Kərimovu qovardılar. Beş il ərzində onu yağ içində böyrək kimi saxladılar, Salyanın əsgər yaşlı oğlanları onun başına gül səpirdilər…

Salyanda nəinki əsl salyanlılar qalmayıblar, Salyanın özündə salyanlılıq qalmayıb. Şəhərdə bir dənə qədim tikili qalmayıb. Salyanda sıfırıncı illərdə ya da lap əvvəl Zərifə Əliyevanın adına bağça yaratdılar. “Yuxarı”  bəyənmədi, ayrı yerdə daha böyüyünü təşkil elədilər. Zərifə Əliyeva akademik adlansa da, haçansa göz həkimi işlədiyini, kimisə müalicə etdiyini bilən yoxdur. Ancaq Salyanda on illərlə minlərlə adımın gözlərini sağaltmış əməkdar həkim Klavdiya Şarova adsız qəbirdə basdırılmışdı… Salyanda raritet Qələbə bağını məhv edib Heydər bağı qurdular. Mədəniyyət evini dağıtdılar. Yəni Salyan dönə-dönə alt-üst olub, heç kim salyanlıların rəyini soruşmayıb, salyanlıılar isə cınqırlarını çıxarmayıblar…

Təsəvvür edə bilərsinizmi ki, Fransanın ən kiçik şəhərində belə mer şəhərdə başlayır yenidənqurma aparmağa. O mer vəzifəsində neçə saat qala bilər?

Niyə Fransanı İlham Əliyev azərbaycanlıların gözündən salmaq istəyir? Ona görə ki, Fransada demokratiya var, Azərbaycanda isə vətəndaşın vətəndaş hüquqları yoxdur, insanlar əslində öz ölkələrində qastarbayter, nuzdlu işçi kimi yaşayırlar. Onlardan nə etiraz? Bəli, onları deportasiya etmək olmaz. Ancaq türməyə basıb çürütmək olar…

04. 09. 2024, Samara

əvvəli burda: https://xeyrulla.com/2024/09/04/seckilerden-sonra-salyan-ve-salyanlilar/