Bağban tingi sancmır hara gəldisə,
Toxum əkən seçər torpağı əvvəl.
Eləcə verilər Tanrı vergisi,
Seçər Yaradan da, götür-qoy elər.
+
Milyonun onundan, yüzündən biri
Seçilir, bilinmir amma niyəsi.
Səbəbi Yaradan tək özü bilir,
Yükü yüngül deyil seçiləninsə.
+
Hara toxum düşə, sancıla ya ting
Oranın torpağı yuxudan olar.
Bellə, yalın əllə bağban, əkinçi,
Onunla əlləşər yetirincə bar.
+
Seçilib Tanrıdan vergi alan da,
Elə toxum düşən torpağa bənzər.
Onu Yaradanın əli hər anda,
Silkələr, nə gecə, nə gündüz bilər.
+
Tələb də çox olur çox veriləndən,
Tanrı tələsdirir səbri yox kimi.
On illər yaşanır bir ilə bəzən,
Yaşadı Mozart ya Şubert necə ki.
16. 04. 2023, Samara
