Архив тегов | futbolçular haqqında şeirlər

ARDA GÜLƏR

Türkmü doğrudan da bu gözəl oğlan,

Homer təsvir edən yunanmı bəlkə?
Oyunu gözəldir, özü oyundan,
Vurulub milyonlar indi bu türkə.

 +

Parislər, londonlar arzular onu,
Madridə qıyğacı salırlar nəzər.
Uğrunda bu gözəl cavanın yeni,

Troya savaşı başlaya bilər.

 +

Nə qədər baxsam da, yorulmaz gözüm —
Driblinqi gözəl, fəndləri əla.

Elə ötürür ki, topu, mən özüm,
Vurardım bu yaşda, topal ayaqla.

 +

Milyonlar sevgiylə adını səslər,

Bu sevgi bir anda itər də hərçənd:

Bir gün Ərdoğanla qol-boyun əgər,

Şəklini paylaşsan şəbəkələrdə…

 

19. 01. 2026, Samara

LAMİN YAMAL

Gör neçə rəqibi dalınca qaçır

Aldanır, gəlirsə, hansı yaxına.

Atası yerində oyunçuları,
Dolayır bu uşaq sol ayağına.

 +

Qalmadı futbolda böyük-kiçiklik,

Hikmət ayaqdadır, yaşda deyildir.

Başı tək ayağı kimin ki, müdrik –

Ən azı bir addım irəlidədir.

 +

Açır hər qapını sol ayağıyla,

Mat qalıb göz döyür qapıçı yazıq.

Müdafiəçilər hüznlü, ağlar,

İstefaya hazır məşqçi artıq.

 +

Oyunda köhnələn, göz yoran nə var,
Qovur Lamin Yamal stadiondan.

Qaçır qaranəfəs geri qalanlar,

Ona yenilənlər öyrənir ondan.

 +

Neçə milyon uşaq yer kürəsində,
Adı köynəyində oynayır indi.

Əsgər pərəstişi var hərəsində,
Lamil Yamalsa gənc Napoleondur…

 

30. 05. 2025, Samara